Kontentə keç

27 NOYABR 2015-Cİ İL
CƏNUBİ KOREYA

Koreyada yüzlərlə Yehovanın Şahidi BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupuna şikayətlər göndərir

Koreyada yüzlərlə Yehovanın Şahidi BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupuna şikayətlər göndərir

2015-ci ilin iyul-avqust aylarında Cənubi Koreyada həbsdə olan 600-dən çox gənc BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupuna şikayətlər göndərib. Onların hər biri dini etiqadlarına görə hərbi xidmətdən imtina etdikləri üçün 18 ay müddətinə cinayət qaydasında məhkum olunublar.

Şikayətlərin əsası

15 oktyabr 2014-cü il tarixində BMT İnsan Hüquqları Komitəsi etiqadına görə hərbi xidmətdən imtina edənləri özbaşına həbs etdiyi üçün Cənubi Koreyanı təqsirli bildi. Bu qərar həbsdə olan şəxslərin İşçi Qrupuna şikayət göndərməsinə əsas verdi.

BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupunun mandatına «müəyyən ölkələrin beynəlxalq hüquqi sənədlərdə qəbul etdiyi standartlara müvafiq olmayan özbaşına azadlıqdan məhrum etməni və ya azadlıqdan məhrum etmənin digər hallarını araşdırmaq» daxildir.

Şikayətçilərin vəkili Du-cin Oh etiqadına görə hərbi xidmətdən imtina edənlərin həbs olunmasının nəyə görə özbaşınalıq olduğunu izah edir.

Beynəlxalq standartlara əsasən hökumət etiqadına görə hərbi xidmətdən imtina edən vətəndaşlarını alternativ mülki xidmətlə təmin etməlidir. Çünki etiqada görə hərbi xidmətdən imtina etmək hüququ vicdan və din azadlığı hüququna daxildir. Ancaq Cənubi Koreya hökuməti beynəlxalq ictimaiyyətin alternativ mülki xidmətin təmin edilməsi ilə bağlı çağırışına hələ də əhəmiyyət vermir.

Vəziyyəti kənardan müşahidə edənlər Cənubi Koreyanın 60 il davam edən və 18000 nəfərin və onların ailələrinin həyatlarına təsir edən problemi həll etməməsini «özbaşınalıq» adlandırsalar, heç də yanılmazlar. BMT İnsan Hüquqları Komitəsi bu məsələ ilə bağlı beş müxtəlif qərar çıxarsa da, hökumət bu şəxslər üçün «çıxış yolu» axtarmır. Heç kimə zərər vurmaq istəməyən şəxslərin cinayətkar kimi həbs olunması ədalətsizlikdir.

İşçi Qrupuna müraciət

Cənubi Koreyadan olan şikayətçilər İşçi Qrupunu bu sahələrdə onların hüquqlarını müdafiə etməyə çağırır:

  • «Etiqadlarına görə hərbi xidmətdən imtina edən şikayətçilərin həbs olunması özbaşına həbs altında saxlanılma hesab edilsin».

  • «Koreya Respublikasına şikayətçiləri həbsdən azad etməsinə və onların məhkumluğunu ləğv etməsinə dair göstəriş verilsin».

Əqidə məhbusu

Məhkum olunan şikayətçilərdən biri Cun-hyok Andır. O da özünü cinayətkar hesab etmir. Cun-hyok Anın anası uşaqlıqdan ona Müqəddəs Kitab prinsipləri və onları həyatında tətbiq etməyi öyrədib. Gənc ikən o, qərara gəlib ki, hərbi xidmət onun dini etiqadına və vicdanına ziddir a. Cənubi Koreyadakı vəziyyətdən və hərbi xidmətdən imtina etməyin nəticələrindən xəbərdar olan Cun-hyok An verdiyi qərarı belə izah edir:

Fikirləşmirəm ki, dini etiqadıma görə məhkum olunmalıyam. Əgər hökumət alternativ mülki xidməti təmin etsəydi, mən qəbul edərdim. Heç kimə xətər yetirməmək istəyim və cinayət qaydasında məhkum edilib cəzalandırılmağım bir-birinə uyğun gəlmir.

Cənubi Koreya təzyiqlərə necə hay verəcək?

İşçi Qrupu 631 şikayəti nəzərdən keçirməsi üçün Cənubi Koreya hökumətinə göndərəcək. Hökumət cavab verəndən sonra İşçi Qrupu bununla bağlı fikrini və rəyini BMT-in İnsan Hüquqları Şurasına bildirəcək. Əgər Şura etiqadına görə hərbi xidmətdən imtina edənlərin həbsini özbaşına həbs altında saxlama kimi qiymətləndirsə, beynəlxalq ictimaiyyətin üzvü kimi Cənubi Koreya insan hüquqlarına etinasızlıqda təqsirləndirilərək tənqid obyektinə çevriləcək. Du-cin Oh deyir:

Cənubi Koreya etiqadına görə hərbi xidmətdən imtina edənlər üçün müvafiq alternativ mülki xidmət proqramını təmin edən qanunvericiliyi qəbul etməsi üçün göstərilən beynəlxalq təzyiqə bu günə kimi əhəmiyyət vermir. Eyni zamanda, yerli məhkəmələrin təzyiqi də getdikcə artır. Son bir neçə ay ərzində iki vilayət məhkəməsinin hakimləri etiqadına görə hərbi xidmətdən imtina edən altı nəfəri təqsirsiz elan edib. 2012-ci ildən etibarən yerli hakimlər yeddi işi Konstitusiya Məhkəməsinə verib. Konstitusiya Məhkəməsi həmin məsələlərlə bağlı arqumentləri 2015-ci il iyul ayında dinlədi.

Hal-hazırda Cənubi Koreya hökuməti beynəlxalq qanununa itaətsizlik göstərərək hər ay 40—50 Yehovanın Şahidini təqsirli bilib həbs edir. Etiqadına görə hərbi xidmətdən imtina etdikləri üçün həbs edilən Cun-hyok An və digər Şahidlər Konstitusiya Məhkəməsinin və BMT-in İnsan Hüquqları Şurasının qərarlarını səbirsizliklə gözləyirlər.