16 İYUN 2014–CÜ İL
CƏNUBİ KOREYA
Hakimlər dilemma qarşısında: vicdanlarının səsini boğsunlar, yoxsa başqalarının vicdan azadlığı hüququnu tanısınlar
Suvon Rayon Məhkəməsinin baş hakimi əqidəsinə görə hərbi xidmətdən imtina edən 21 yaşlı Çan Ço İmə hökm oxuyanda göz yaşlarını saxlaya bilmədi. Hakim həmin gün soyuqqanlıqla beş nəfərə cinayət işi ilə bağlı hökm çıxarsa da, çıxardığı bu ədalətsiz qərara dözə bilməyib ağladı. Başqa çıxış yolu olmadığından gənc Yehovanın Şahidinə 18 ayadək həbs cəzası verdi.
Cənubi Koreyada hər ay hakimlər bu cür vəziyyətlərlə üzləşirlər. Hakim məhkəmə qarşısında əqidəsinə görə hərbi xidmətdən imtina etdiyini bildirən gəncin vəziyyətini nəzərə almadan onu 18 aylıq həbsə məhkum edir. Əqidəsinə görə hərbi xidmətdən imtina edən gənclə bağlı qərarında hakim Yonsik Kim deyir: «Hakimlər əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə hökm çıxararkən çətin ki, “cinayətkarı cəzalandırdıqlarını” düşünsünlər». Bu hakim əqidələrinə görə hərbi xidmətdən imtina edənlərlə hərbi xidmətdən yayınanlara eyni hökmün çıxarılmasının ədalətli olduğuna şübhə ilə yanaşır.
Cənubi Koreya dövləti əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımır və alternativ mülki xidmətlə bağlı heç bir tədbir görmür. Cənubi Koreyadakı hakimlər dilemma qarşısında qalıblar, əqidəsinə görə hərbi xidmətdən imtina edənləri cinayətkar kimi məhkum etməyə məcburdurlar. Üstəlik, hakimlərə məlumdur ki, BMT İnsan Hüquqları Komitəsi artıq bir neçə dəfə Cənubi Koreya dövlətinin əqidəsinə görə hərbi xidmətdən imtina edənləri (501 gənc də daxil olmaqla) təqib etməklə, həbsə atmaqla əsas insan hüquqlarını və beynəlxalq sazişləri pozduğuna dair qərar çıxarıb. Odur ki, vicdanlarına görə hərbi xidmətdə iştirak etməkdən imtina edən gənc məsihilərə həbs cəzası verərkən vicdanlarının səsini boğmaq məcburiyyətində qalan hakimlərin sayı günü-gündən artır.
2011-ci ildə Konstitusiya Məhkəməsi hərbi xidmətin Konstitusiyaya zidd getmədiyinə qərar versə də, hal-hazırda altı rayon məhkəməsinin hakimi əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin işini Cənubi Koreyanın Konstitusiya Məhkəməsinə təqdim edib. Hakimlər verdikləri qərarlarda bu məsələnin praktiki tərəfinə də diqqət yetirirlər.
Bəzi hakimlər deyir...
Əqidəsinə görə əlinə silah almayan insanı həbs etmək etik qaydalara nə dərəcədə uyğundur?
«Konstitusiyanın təmin etdiyi əsas insan hüququ olan vicdan azadlığının əsas məqsədi hər bir şəxsin vicdanını müdafiə etməkdir. Bunun əsasında insan şəxsiyyətinə və ləyaqətinə hörmət durur... Əksəriyyət hərbi xidmətdən imtina etmək fikrini qəbul etməsə də, onların qərarını cəmiyyətə və dövlətə qarşı törədilən cinayət əməli kimi qiymətləndirmək, cinayət cəzası tətbiq edərək ciddi ölçü götürmək düzgün deyil» (Hakim Hyevon Lim, Suvon Rayon Məhkəməsi, 21 fevral 2013, 2012Chogi2381).
«Başqalarına qarşı münasibətini ayırd etmək... [və] “insan həyatının dəyərinə” ciddi yanaşmaq insan xarakterinin formalaşmasında başlıca rol oynayır. Bu, kimisə hərbi münaqişələr zamanı öldürməyə də aiddir. Əgər bu cür qərar verən kimsə hərbi xidmət keçməyə, əlinə silah almağa məcbur edilirsə, yaxud bundan imtina etdiyinə görə cəzalandırılırsa, bu, onun hüquqlarına və şəxsiyyətinə hörmətsizliyə bərabərdir. Şübhəsiz ki, bu, insanın ləyaqətini alçaldır» (Hakim Yonhun Kan, Seul Şimal Rayon Məhkəməsi, 14 yanvar 2013, 2012Chogi1554).
Əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımaq dövlətin milli təhlükəsizliyini zəiflədirmi?
«Elə əsaslı və konkret faktlar yoxdur ki, alternativ mülki xidmətin milli təhlükəsizliyə zərər vurduğu və hərbi öhdəçilik məsələsində bərabərlik prinsipinin pozulduğu qənaətə gələk» (Hakim Qvanqu Kim, Çanvon Masan Rayon Məhkəməsi, 9 avqust 2012, 2012Chogi8).
«Yehovanın Şahidləri də daxil olmaqla, az sayda vətəndaşın əlinə silah almadığı və hərbi xidmətdə iştirak etmədiyi təqdirdə milli təhlükəsizliyin ciddi təhlükə altında olacağını, vətəndaşların şəxsiyyətini və ləyaqətini qorumağın mümkünsüz olacağını deməyə heç bir əsaslı səbəb yoxdur. Onsuz da müttəhim... cəza alacağına baxmayaraq, hərbi xidmətdən imtina edib. Əgər bu iddia kifayət qədər əsaslı olsaydı, milli təhlükəsizlik və bütün vətəndaşların ləyaqəti və şəxsiyyəti artıq ciddi təhlükə altında olardı» (Hakim Sonyop Li, Ulsan Rayon Məhkəməsi, 27 avqust 2013, 2013Godan601).
Bu məsələni necə həll etməli?
«Konstitusiya məhkəməsi bu məhkəmə qərarının Konstitusiyaya zidd getdiyini müəyyən etdiyi halda icraedici orqan və Milli Məclis milli təhlükəsizliyi, vicdan azadlığını nəzərə alaraq həm əqidələrinə görə hərbi xidmətdən imtina edənlər üçün qanunlar təsis etməyə, həm də milli təhlükəsizliyi gücləndirməyə qabildir» (Hakim Yonsik Kim, Seul Cənubi Rayon Məhkəməsi, 9 iyul 2013, 2013Chogi641).
«Əqidəyə görə hərbi xidmətdən imtina etmək bəhanəsi ilə hərbidən yayınmağın qarşısını almaq üçün alternativ xidmət yaxşı planlaşdırılsa və tətbiq edilsə, bunun nə milli təhlükəsizliyə təsiri olacaq, nə də ordunun sayı azalacaq» (Hakim Seonbok Li, Seul Şərq Rayon Məhkəməsi, 20 fevral 2014, 2014Chogi30).
Konstitusiya Məhkəməsi hansı qərarı verəcək?
Bu hakimlər Konstitusiya Məhkəməsinə müraciət edərək əqidələrinə görə hərbi xidmətdən imtina edənlərlə bağlı üzləşdikləri dilemmanın həllini gözləyirlər. Hal-hazırda Məhkəmə 29 işə baxır. Onlardan ikisi 433 kişi ilə bağlıdır.
Konstitusiya Məhkəməsi hansı qərarı verəcək? Cənubi Koreyanın Ali Məhkəməsi əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanıyıb yeni qanunvericiliyə yol açacaq? Məhkəmə bu qərarı verərsə, beynəlxalq sazişlərə və ölkənin Konstitusiyasına əməl edəcək, insanların vicdanına hörmət edəcək və haqsız yerə həbsdə yatan yüzlərlə gənc azadlığa çıxacaq.