7 MAY 2018
CƏNUBİ KOREYA
Yehovanın Şahidləri 2018-ci il Olimpiya və Paralimpiya oyunları zamanı Müqəddəs Kitaba əsaslanan nəşrlər təklif edir
9—25 fevral və 9—18 mart 2018-ci il tarixlərində Koreyadakı Pxençxan şəhərində Qış Olimpiya və Paralimpiya oyunları keçirildi. Bu oyunlar zamanı bacı-qardaşlar çoxlu əcnəbi qonaqlara Müqəddəs Kitaba əsaslanan pulsuz nəşrlər təklif etmək üçün xüsusi kampaniya təşkil etdi.
Bu kampaniyada ölkənin hər yerindən təxminən 7100 bacı-qardaş iştirak etdi. Onların əksəriyyəti Busan, Kvanju, İnçeon, Seul və Suvon şəhərlərindən gəlmişdilər. Hətta bəziləri çox uzaqdan, Pxençxan şəhərinin cənubundan 480 km uzaqlıqda yerləşən məşhur turizm bölgəsi Jeju adasından gəlmişdilər.
Qardaşlarımız Qanqun Olimpiya Parkı və Pxençxan Olimpiya Plazası da daxil olmaqla, 48 yerdə 152 ictimai şahidlik arabası yerləşdirdi. Həmçinin onlara icazə verildi ki, Olimpiya kəndinin dini mərkəzlərindən birinin girişində də nəşrlərdən bəzilərini nümayiş etdirsinlər.
Üstəlik, hökumət nümayəndələri qardaşlarımıza icazə verdi ki, onlar İnçeon və Seul şəhərlərini Pxençxan ilə birləşdirən ən sürətli Qyenqan dəmiryol xəttinin sonuncu dayanacağı Qanqun stansiya meydanında ictimai şahidlik arabaları yerləşdirsinlər. Olimpiya oyunlarının «Açıq qapı» günündə Qanqun stansiyası vasitəsilə 28000-dən çox insan gediş-gəliş etdi.
Qardaşlarımız təqribən 80000 əcnəbi qonaqlar üçün Çin, Koreya, ingilis, qazax, rus dilləri də daxil olmaqla, 20-dən çox dildə kitab, broşür, jurnal və bukletlər təklif etdi. Bundan əlavə, Koreya jest dilində sərbəst danışan bacı-qardaşlar Paralimpiya oyununa gələn çoxlu kar insanlarla söhbət etmək üçün jest dilindəki videolardan istifadə etdilər. Təxminən 22000 anma mərasiminə dəvətnamə də daxil olmaqla, 71200-dən çox ədəbiyyat paylanıldı.
Bütün dünyada Yehovanın Şahidləri 35-dən çox ölkədə nəşrlərini paylamaq üçün təxminən 300000 ictimai şahidlik arabasından istifadə edir. Bu yolla onlar insanların olduğu hər yerdə təbliğ edə və xidmətlərini tam yerinə yetirə bilirlər (2 Timutiyə 4:5).