Kontentə keç

Hye-min Kim həyat yoldaşı Ha-bin ilə Kvancu Rayon Məhkəməsinin yanında

7 DEKABR 2022
CƏNUBİ KOREYA

Cənubi Koreyada mülki alternativ xidmətin cəza xarakterli olması ilə bağlı məhkəmə işi

Cənubi Koreyada mülki alternativ xidmətin cəza xarakterli olması ilə bağlı məhkəmə işi

8 dekabr 2022-ci il tarixində Cənubi Koreyanın Kvancu Rayon Məhkəməsində qardaşımız Hye-min Kimin işi üzrə məhkəmə iclası keçiriləcək. O, Cənubi Koreyada ilk insandır ki cəza xarakterli olduğu üçün mülki alternativ xidmətdən imtina edib. Hye-min 3 ilədək həbs cəzasına məhkum edilə bilər.

Cənubi Koreyada alternativ mülki xidmətin müddəti hərbi xidmətdən iki dəfə çoxdur, yəni 3 ildir. Dünyada çox az sayda ölkə tapılar ki alternativ mülki xidmətin müddəti bu qədər uzun olsun. Bu müddət ərzində alternativ xidmətdə olanlar cəzaçəkmə müəssisələrinin ərazisində yerləşən yataqxanalarda yaşayırlar. Onları sanki ev dustaqlığında saxlayırlar və üzərlərinə ciddi məhdudiyyətlər qoyurlar. Bu səbəbdən beynəlxalq mütəxəssislər Cənubi Koreyadakı alternativ mülki xidməti «alternativ cəza» adlandırırlar a.

28 iyun 2018-ci ildə Cənubi Koreyanın Konstitusiya Məhkəməsi vacib bir qərar qəbul etdi. Məhkəmə qərara aldı ki, ölkənin konstitusiyası əqidəyə görə hərbi xidmətdən imtina edən vətəndaşların hüquqlarını qoruyur. Məhkəmə qanunvericiləri xəbərdar etdi: «Əqidəyə görə hərbi xidmətdən imtina edənlərin çəkdiyi alternativ xidmətin müddəti və ya gördükləri iş dözülməz dərəcəyə çatırsa, alternativ xidmət öz mənasını itirir və cəza növünə çevrilir. Bu isə digər əsas hüquqların pozulmasına səbəb olur».

Alternativ mülki xidmət üçün beynəlxalq standartlar 1998-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qətnaməsi ilə müəyyən edilmişdir. Qətnamədə qeyd olunmuşdu ki, hərbi xidmətin icbari olduğu ölkələrdə hökumət onu keçməkdən imtina edən vətəndaşlara «cəmiyyət üçün faydalı olan və cəza xarakteri daşımayan» xidməti yerinə yetirməyə imkan yaratmalıdır.

Hye-min qardaş birinci dəfə deyil ki cinayət təqibi ilə üzləşir. 2020-ci ilin sentyabr ayında Cənubi Koreyanın Ali Məhkəməsi ona tam bəraət verdi və bildirdi ki, onun əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququ var. Bir neçə həftə sonra o, alternativ mülki xidmət keçmək üçün ərizə verdi. 7 fevral 2022-ci ildə Hye-min alternativ xidmət keçmək üçün çağırıldı. Amma bu xidmətin proqramı ilə tanış olduqdan sonra qardaş onun cəza xarakterli olduğunu başa düşdü və ondan imtina etdi.

Məhkəmə Hye-minin lehinə qərar çıxarsa, ola bilsin, bu, hökuməti alternativ mülki xidmət proqramına yenidən baxmağa və onu beynəlxalq standartlara uyğunlaşdırmağa təşviq etsin. Bu həm cəmiyyətin, həm də qardaşlarımızın xeyrinə olar. Dua edirik ki, Yehova bu problemlə üzləşənlərin hamısına «sevinclə və səbirlə» dözməyə kömək etsin (Koloslulara 1:11).

a Bu haqda daha çox məlumat əldə etmək üçün Yehovanın Şahidlərinin Asiya—Sakit okean cəmiyyəti tərəfindən hazırlanmış «Cənubi Koreyada alternativ mülki xidmət» adlı xüsusi hesabatdan oxuya bilərsiz.