12 DEKABR 2019
CƏNUBİ KOREYA
Koreyalı Yehovanın Şahidlərinin az məlum olan tarix səhifəsindən bəhs edən sərgi
Koreyanın ikinci böyük şəhəri olan Pusanda yerləşən Yaponiyanın İşğalı Dövründə Məcburi Səfərbərlik Milli Xatirə Muzeyində Yehovanın Şahidlərinin tarixindən az məlum olan epizoda həsr olunmuş sərgi keçirilir. «Dəyişən tarix, dəyişməz vicdan» adlanan bu xüsusi sərgi 2019-cu il noyabrın 12-dən nümayiş etdirilir və dekabrın 13-ü başa çatacaq. Sərgi 80 ildən çox bundan əvvəl Koreyada Yaponiya müstəmləkə hakimiyyəti dövründə məruz qaldıqları repressiyalar zamanı Yehovanın Şahidlərinin tutduğu bitərəf mövqeyindən bəhs edir.
Həmin sərgi ilk dəfə 2019-cu ilin sentyabr ayında Seulda yerləşən Sodemun Həbsxana Tarix Muzeyində a nümayişə qoyulmuşdu. Sərgiyə, Seulda keçirilmiş beynəlxalq toplantıya nümayəndə qismində gəlmiş 5700 bacı-qardaş da daxil olmaqla, 51175 adam baxıb.
«Deungdaesa insidenti» zamanı (1939-cu ilin iyun—1945-ci ilin avqust ayınadək) Yehovanın Şahidlərini və Müqəddəs Kitaba maraq göstərənləri həbsə atırdılar. Buna səbəb onların imperatora ibadət etməkdən imtinası və müharibə əleyhinə təbliğat aparmaqda ittiham olunmaları idi. Altmış altı nəfər — demək olar ki, o vaxt Koreyada yaşayan Yehovanın Şahidlərinin hamısı həbs edilmişdi. Həbsə atılanlara şiddətli təzyiqlər göstərilir, işgəncələr verilirdi. Ağır həbsxana şəraiti ucbatından xəstə düşmüş altı Yehovanın Şahidi həyatını itirdi.
Koreyadakı Məlumat xidmətinin nəzarətçisi De-il Hon qardaş deyib: «Koreyada çoxları bilmir ki, əqidəyə görə hərbi xidmətdən imtina etmək hüquqi ilə bağlı məsələ 80 il bundan əvvəl — ölkə Yaponiyanın işğalı altında olan zaman baş qaldırıb. İlk dəfədir ki, bu xüsusi sərgi vasitəsilə həmin vacib məlumatı geniş kütləyə çatdırmaq imkanımız var».
Sərginin açılış mərasimində iştirak etmiş tarixçi Hon-qu Han imanda möhkəm qalanlar haqqında deyib: «Mən əminəm ki, onlar vicdan sözünün əsl mənası çərçivəsində ən gözəl nümunə qoyub... Cəmiyyətdə vicdanlarına uyğun davrananlara qarşı hörmətin artdığı bir vaxtda onlar yad edilməyə layiq olan birinci insanlardır».
Sərgi tarixçilərin və media işçilərinin böyük marağına səbəb olub və əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tarixi — son illərdə Koreyada xeyli diqqət çəkən məsələ haqda cəmiyyəti məlumatlandırmaq üçün gözəl fürsət yaradıb. 28 iyun 2018-ci il tarixində Konstitusiya Məhkəməsi qət edib ki, Cənubi Koreyada alternativ xidmətin olmaması Konstitusiyaya ziddir. Noyabrın 1-i, bu qərardan cəmi dörd ay sonra Ali Məhkəmə əqidəyə görə hərbi xidmətdən imtina etməyin cinayət olmadığını bildirib. Bu iki məhkəmə qərarından sonra Cənubi Koreyada əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün həbsdə olan qardaşlarımız azadlığa buraxılıb və alternativ mülki xidmət haqda qanunun qəbul edilməsi üçün zəmin yaradılıb.
Koreyadakı ilk bacı-qardaşlarımızın möhkəm imanından və sarsılmaz cəsarətindən bəhs edən bu sərgi növbəti sözləri yadımıza salır: «Yehova mənim tərəfimdədir, qorxmaram, insan mənə nə edə bilər?» (Zəbur 118:6).
a Həbsxananın yerində muzey yaradılmazdan əvvəl, 1960—1980-ci illərdə orada əqidələrinə görə hərbi xidmətdən imtina edənlər saxlanılırdı. Yaponiyanın hökmranlığı dövründə isə Yehovanın Şahidlərini orada bu və digər ittihamlara görə həbsdə saxlayırdılar.
Sodemun Həbsxana Tarix Muzeyi (Koreya, Seul). Sərgi burada ilk dəfə 2019-cu ilin sentyabr ayında nümayişə qoyulmuşdu
Tələbələr «Deungdaesa insidenti»ndən bəhs edən sərginin nümayiş etdirildiyi tarix muzeyinin həyətində toplaşıblar. Sərgiyə ümumilikdə 51175 nəfər baxıb
Ekspozisiyanın hissəsi: həbsxananın fəaliyyəti dövründə istifadə olunan gözətçi qülləsinin modeli
Məhkum olunmuş Yehovanın Şahidlərinin saxlanıldığı dar həbsxana kamerası və beş məhbus fiquru
Hal-hazırda sərgi Yaponiyanın İşğalı Dövründə Məcburi Səfərbərlik Milli Xatirə Muzeyində (Pusan şəhəri) nümayişə qoyulub
Sərgi siyasi bitərəfliyinə görə təqiblərə məruz qalmış təxminən 66 nəfərin tarixçəsindən bəhs edən portretlər cərgəsi ilə bitir