Kontentə keç

Əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarının tanınması üçün ərizə təqdim edənlərdən bir neçəsi, onların bəzi ailə üzvləri və vəkilləri

8 SENTYABR 2017
CƏNUBİ KOREYA

Cənubi Koreyada əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tanınmasına dəstək artır

Cənubi Koreyada əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tanınmasına dəstək artır

2015-ci il iyul ayında Cənubi Koreyada Konstitusiya Məhkəməsinin keçirdiyi ictimaiyyətə açıq dinləmədən sonra əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tanınmasını dəstəkləyənlərin sayı artdı. Hər hansı məhkəmə qərarı və yeni bir qanun olmasa da, Cənubi Koreyada əqidəyə görə hərbi xidmətdən imtina olunmasına müsbət münasibət irəliləyir. Alt məhkəmələr, ictimaiyyət, hüquqi birlik, milli və beynəlxalq insan hüquqları müdafiəçiləri bu məsələnin alternativ yolla həllini dəstəkləyir.

Məhkəmələrin münasibətində gözlənilməz dəyişiklik

2017-ci il avqust ayının 7-sindən başlanan həftə keçirilən məhkəmədə əqidəsinə görə hərbi xidmətdən imtina edən yeddi gəncə bəraət verildi. Bu, gözlənilməz qərar idi. Koreya Respublikasının hüquq tarixində 19000-dən çox insan əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün məhkum olunub, lakin onlardan yalnız 42-si bəraət alıb. Məhkəmələr bu müsbət qərarların 38-ni 2015-ci ilin may ayından bəri verib. Maraqlı məqam odur ki, 38 qərardan 25-i 2017-ci il ərzində verilmişdir.

Bəzi məhkəmələrin Konstitusiya Məhkəməsinin qərarını gözləməsi təxirə salınan dinləmələrin sayının artmasına səbəb olub. Əqidəsinə görə hərbi xidmətdən imtina etmiş bir çox müttəhimi təmsil edən vəkil Du-cin Oh təxirə salınan dinləmələrin sayının son illərə nisbətdə beş dəfə artdığını bildirib.

Məhkəmələrin çıxardığı bəraət qərarlarının (6-sı 2015, 7-si 2016, 25-i 2017-ci illərdə) və təxirə salınan məhkəmələrin sayının nəzərə çarpacaq qədər artması (orta hesabla 100-dən 500-ə qədər) Cənubi Koreya məhkəmələrinin münasibətindəki dəyişikliyin göstəricisidir.

Müşahidəçilərin çoxu Cənubi Koreya məhkəmələrinin münasibətində dəyişiklik olduğunu deyir. Bir çox məhkəmə hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasını təmin etməməklə vicdan azadlığı qanununu pozulmasının əleyhinə olduğunu bildirərək, əqidəsinə görə hərbi xidmətdən imtina edənləri təqsirsiz bilir. Digər məhkəmələr bu insanların «hərbi xidmət haqqında qanun»a əsaslanaraq, hərbi çağırışda iştirak etməməsini qanuni sayır.

İctimai rəy

Müdafiə Nazirliyi insan hüquqlarının tanınması və müdafiəsində ictimai rəyin yetərli olmamasına əsaslanaraq, məsələnin həlli yolunda hər hansı bir addım atmağı rədd edirdi. Lakin ictimai rəy dəyişdi. 2005-ci ildə keçirilən sorğuda iştirak edənlərin cəmi 10 faizi əqidəyə görə hərbi xidmətdən imtina hüququnu dəstəklədiyi halda, 2016-cı ilin may ayında keçirilən sorğuda iştirak edənlərin 70 faizi həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasını dəstəklədiyini bildirdi. 2016-cı ilin iyul ayında Seul Vəkillər Kollegiyasının apardığı sorğuda isə bu rəqəm 80 faizi keçdi.

İnsan hüquqları birliyinin münasibət və qərarları

Koreya Milli İnsan Hüquqları Komissiyası (KMİHK) ictimai rəyin dəyişilməsi nəticəsində Cənubi Koreyada millət vəkillərinin hərəkətə keçərək 2017-ci il iyun ayından etibarən alternativ xidmətlə bağlı üç fərqli qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etdiyini müşahidə etdi. KMİHK alternativ hərbi xidmət haqda qanunun təsis edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin münasibətini və qərarını nəzərə aldı, eləcə də, bu qanun layihəsinin beynəlxalq standartlara uyub-uymadığını yoxladı. Həmçinin beynəlxalq standartları, Yehovanın Şahidlərinin və digərlərinin istəklərini təmin edən alternativ xidmət proqramı ilə bağlı fikirlərini Cənubi Koreya hökumətinə təqdim etdi.

Vəd verənə ərizə

İnsan hüquqları üzrə vəkil Jae-in Moon 10 may 2017-ci il tarixində Cənubi Koreyanın prezidenti kimi öz vəzifəsinə başlayanda belə bir vəd vermişdi: «Vicdan azadlığı hüququ konstitusiyanın təmin etdiyi hüquqlar arasında son dərəcə önəmli yer tutur. Odur ki, alternativ xidmət imkanı yaradacağıma və əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin həbs olunmasının aradan qaldırılması üçün tədbirlər görəcəyimə söz verirəm».

Vəkil ərizələri bir məmura təqdim edir

11 avqust 2017-ci il tarixində əqidəsinə görə hərbi xidmətdən imtina edən 904 nəfəri təmsil edən bir heyət həbsdə olan müttəhimlərin azadlığa buraxılması və alternativ xidmət imkanının yaradılması xahişi ilə prezidentə ərizə təqdim etdi. Ərizə təqdim edilən zaman müttəhimlərdən 360-ı həbsdə idi, 544-ünün isə məhkəmə işi davam edirdi.

İnsan hüquqları tarixində iz qoymaq imkanı

Kim Hyun-soo

Ərizəçilərdən biri Kim Hyun-soo bu ərizənin onun üçün nə məna kəsb etdiyini belə ifadə etmişdi: «Beynəlxalq standartlara uyğun alternativ xidmət imkanı yaradılacağına, bu xidmətin orduyla heç bir əlaqəsi olmayacağına və ordunun nəzarətində olmayan mülki xidmət olacağına ümid edirəm. İctimai-faydalı işlərdə, təbii fəlakətlərdən zərərçəkən ərazilərdə və ya hər hansı başqa işdə işləməyə hazıram. Cəmiyyətə faydalı olmaq insana qürur verir».

İctimai rəyin dəyişməsi və bunun sayəsində 70 illərdir minlərlə vətəndaşın həbs olunmasına səbəb olan siyasətin yönünü dəyişmək ehtimalının yaranması Yehovanın Şahidləri və digər insanlarda ümid oyadır. Şahidlər dərindən minnətdardır ki, Prezident Jae-in Moon, Milli Məclis üzvləri və Cənubi Koreya məhkəmələri əqidəyə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarına hörmətlə yanaşır və onlara səmimi maraq göstərir.