Kontentə keç

1 OKTYABR 2013
CƏNUBİ KOREYA

Cənubi Koreyadakı haqsızlıq beynəlxalq ictimaiyyətin etirazına səbəb olub

Cənubi Koreyadakı haqsızlıq beynəlxalq ictimaiyyətin etirazına səbəb olub

Cənubi Koreya heç bir cinayət törətməyən yüzlərlə gənc oğlanı həbsxanaya salır. Bunun səbəbi nədir? Yehovanın Şahidləri olan bu gənclər vicdanları yol vermədiyi üçün hərbi xidmətdən imtina edirlər. Koreya etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını müdafiə etmədiyi üçün hərbi xidmətə çağırılan Yehovanın Şahidlərinə həbs cəzası kəsilir. Son 60 il ərzində 17000-dən çox Yehovanın Şahidi həbs cəzası çəkib.

Bu məsələyə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Yehovanın Şahidlərinin Cənubi Koreyadakı ofisi  «Koreyada etiqadlara görə hərbi xidmətdən imtina» broşürasını hazırlayıb. Broşürada Koreyanın beynəlxalq hüquq normalarına riayət etməməsi və etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını müdafiə etməməsi göstərilir. Orada həmçinin həbsxanada yatan gənc Şahidlərin qısa hekayəsi gətirilir. Koreyadakı ofisimizin nümayəndəsi De İl Honq və Nyu-Yorkdakı baş hüquq məsləhətçimiz Filip Bramli uzun sürən bu haqsızlığın təfsilatlarını açıqladılar.

Beynəlxalq ictimaiyyət Cənubi Koreyadakı ədalətsizliyə necə münasibət bildirib?

Filip Bramli: Bir sıra ölkələr Koreyanın etiqadlara görə hərbi xidmətdən imtina etmək kimi vacib hüququ tanımamasını tənqid edib. BMT-nin Universal Dövrü İcmalın sonuncu sessiyasında səkkiz ölkə — Macarıstan, Fransa, Almaniya, Polşa, Slovakiya, İspaniya, ABŞ və Avstraliya Koreyanı etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin təqib edilməsinə son qoymağa və onlar üçün qeyri-hərbi mülki xidmət təsis etməyə çağırıb *.

De İl Honq: Etiqadlarına görə həbsdə olan 501 nəfərin 4-nün işi ilə əlaqədar BMT-in İnsan Hüquqları Komitəsi (CCPR) qərar verib ki, Koreya Respublikası onları məhkum edib həbsə salmaqla hüquqlarını pozub. Komitə bildirib ki, «etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququ fikir, vicdan və din azadlığı hüquqlarının ayrılmaz hissəsidir. Bu o deməkdir ki, məcburi hərbi xidmət hər hansı bir şəxsin din və etiqadlarına ziddirsə, o, bu xidmətdən imtina edə bilər. Bu hüquqa hörmət edilməli və heç kəs hərbi xidmətə məcbur edilməməlidir» *.

BMT-nin digər təsisatı — İnsan Hüquqları Şurası da bu yaxınlarda dərc etdiyi «Etiqadlara görə hərbi xidmətdən imtina üzrə analitik hesabat»ında ictimaiyyətin diqqətini bu məsələyə cəlb etdi. Həm etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarının tanıdıldığı və dəfələrlə məhkəməyə cəlb etməklə və ya cəzalandırmaqla hərbi xidmətə məcbur etməyin qadağan edildiyi bu sənəd beynəlxalq hüquq çərçivələrini müəyyən edir *.

Koreyanın beynəlxalq ictimaiyyətin etirazına münasibəti necə olub?

Ali Məhkəmə binası

Filip Bramli: Koreya hökuməti BMT-nin İnsan Hüquqları Komitəsinin qərarlarına əməl etməyib. Bununla Koreya beynəlxalq müqavilələr üzrə öhdəçiliklərini yerinə yetirmir və etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımaqdan imtina edir. Cənubi Koreyanın Ali Məhkəməsi, eləcə də Konstitusiya Məhkəməsi də Komitənin qərarına məhəl qoymur və hərbi xidmətdən imtina edənlərin apellyasiya şikayətlərinə baxmaqdan imtina edib. Koreyanın Milli Məclisi hələ də alternativ mülki xidmət təsis etməyib və hərbi xidmətdən imtina edənləri müdafiə etmək üçün heç bir tədbir görmür.

Həbsdə olmaları gənc Yehovanın Şahidlərinə necə təsir edir?

De İl Honq: Bu gənclər çox cəsarətlidir. Onlar məhkum edilib həbsə göndəriləcəklərini bilərək çağırış məntəqələrinə gəliblər, qaçıb-gizlənməyiblər. Həbsdən əvvəl nümunəvi vətəndaş olan bu gənclər həbsxanada da özlərini nümunəvi aparırlar. Əfsuslar olsun ki, azad edildikdən sonra məhkumluğu olan şəxslər hesab edildiklərindən onlar üçün dövlət müəssisələrində və ya böyük şirkətlərdə işə düzəlmək, demək olar ki, mümkünsüzdür. Bu gənclər ömürlərinin bir il yarımını həbsxanada keçirməli olurlar. Cəza çəkdikləri müddətdə ailə üzvləri onlarsız keçinməli olur. Əslində, bu çətinliklərin heç birinin mənası yoxdur.

Yehovanın Şahidləri məcburi hərbi xidmətdən imtina etdikləri üçün cinayətkarlar kimi məhkum edilərək həbs edilməyə layiqdirlər?

De İl Honq: Qətiyyən! Bu gənclər cinayətkar deyillər. Bütün dünyada Yehovanın Şahidlərini sülhpərvər, qanunlara riayət edən və cəmiyyətə fayda gətirən adamlar kimi tanıyırlar. Onlar hakimiyyətə hörmət edir, qanunlara tabe olur, vergiləri ödəyir və hakimiyyətin ictimaiyyətin rifahı naminə gördüyü işləri dəstəkləyirlər. Bu yaxınlarda Koreya vilayət məhkəməsinin qərarı ilə etiqadlarına görə hərbi xidmətdən imtina edən bir gənc Şahid həbsxanaya məhkum edilmişdir. Qadın hakim ittiham hökmü verməkdən başqa çıxış yolu olmadığını deyəndən sonra qərarı oxumağa başladı. Birdən hakim üzünü kağızla tutub içini çəkdi. Görünür, gəncin haqsızcasına cinayətkar kimi məhkum edilməsi ona o dərəcədə təsir etmişdi ki, o, bir anlığa soyuqqanlılığını itirdi. Bu ədalətsizliyin şahidi olan zalda oturan digər adamlar da ağladılar.

Filip Bramli: Koreya hökuməti üçün uzun çəkən bu məsələni həll etməyin və etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin əsas hüquqlarını təmin edəcək bir mexanizm işə salmağın vaxtı artıq yetişib.

^ İnsan Hüquqları Şurasının «Universal Dövrü İcmal üzrə işçi qrup haqda hesabatı», 12 dekabr 2012-ci il, A/HRC/22/10, səhifə 7 və 22, abzas 44 və 124.53.

^ «Yonq Nam Kim və başqaları Koreya Respublikasına qarşı», xəbər № 1786/2008, Views adopted by the Committee on 25 October 2012, səhifə 7, abzas 7.4

^ İnsan Hüquqları Şurasının «Etiqadlara görə hərbi xidmətdən imtina üzrə analitik hesabat»ı, 3 iyun 2013-cü il, A/HRC/23/22, səhifə 3—8, abzas 6—24; səhifə 9, 10, abzas 32, 33.