Kontentə keç

14 FEVRAL 2014-CÜ İL
CƏNUBİ KOREYA

«Qellap» sorğusu Cənubi Koreyada alternativ xidmətlə bağlı ictimai rəyin dəyişdiyini göstərdi

«Qellap» sorğusu Cənubi Koreyada alternativ xidmətlə bağlı ictimai rəyin dəyişdiyini göstərdi

SEUL, Cənubi Koreya. «Qellap» sorğusunun nəticələrinə əsasən, Cənubi Koreyada indi daha çox adam hökumətin etiqadlarına görə hərbi xidmətdən imtina edənlərə alternativ xidmətin verməsini istəyir. Sorğu 2013-cü il 4—7 noyabr tarixlərində 1211 kişi və qadın arasında aparılmışdı. İştirakçıların 68 faizi etiqadlarına görə hərbi xidmətdən imtina edənlərə həbs cəzası kəsilməsi əvəzinə, alternativ xidmətin verilməsinin tərəfdarı olduğunu dedi. Bu sorğu ictimai rəyin mühüm şəkildə dəyişdiyini göstərdi, çünki 2008-ci ildə aparılan eyni sorğunun nəticələrinə görə, yalnız 29 faiz insan alternativ xidmətin tərəfdarı idi.

Görünür, Koreyanın hüquq sahəsində çalışanların bəziləri də həbsdən savayı, başqa çıxış yolunun olmasının tərəfdarıdır. Seul Milli Universitetinin hüquq fakültəsinin professoru Han İn-sop «Etiqadlara görə hərbi xidmətdən imtina ilə bağlı yaranan suallar» adlı məqaləsində yazmışdı: «Çətin ki, etiqadlarına görə hərbi xidmətdən imtina edənləri etik və ya ictimai qayda-qanunları pozmaqda günahlandıran hakim tapılsın. Onların saxlanılması barədə əmr belə verilmir, çünki qaçmayacaqlarına əmindirlər. Hər dəfə təqsirlik haqqında verdikt çıxaranda hakimlər özlərini pis və günahkar hiss edirlər».

Bu yaxınlarda İnsan Hüquqları üzrə Koreya Milli Komissiyası bu məsələni işıqlandıran bir müstəqil film hazırlamışdı. Filmin «Buz çayı» adlanan hissəsi hərbi xidmətdən imtina edən bir Yehovanın Şahidindən bəhs edir. Filmin rejissoru hər il etiqadlarına görə hərbi xidmətdən imtina edən yüzlərlə Yehovanın Şahidinin həbs edildiyini öyrəndikdən sonra filmi çəkməyə qərar verdiyini bildirdi. 2013-cü il iyun ayında dərc edilən BMT-in İnsan Hüquqları Şurasının hesabatına əsasən, bütün dünyada etiqadlarına görə hərbi xidmətdən imtina etdikləri üçün həbs edilənlərin 93 faizi Cənubi Koreyanın payına düşür.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Koreya Respublikası: De İl Honq, tel.: +82316900055