13 İYUL 2018
CƏNUBİ KOREYA
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ədaləti bərpa edir
Təxminən 65 ildir ki, Cənubi Koreyadakı gənc məsihi qardaşlar əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün həbs cəzasına məhkum edilirlər. Cümə axşamı, 28 iyun 2018-ci il tarixində Konstitusiya Məhkəməsi çox önəmli bir qərar elan etdi. Qərarda deyilirdi ki, Hərbi Xidmət Aktının 5-ci maddəsinin 1-ci bəndində yazılanlar qeyri-qanunidir. Çünki hökumət vətəndaşları alternativ xidmətlə təmin etmək üçün barmağını belə tərpətmir.
Doqquznəfərlik hakim heyətinin baş hakimi Li Jin Sun altıda üç səs çoxluğu ilə verilən qərarı elan etdi. Həmin qərar ölkəni beynəlxalq normalara uyğunlaşmağa, həmçinin vicdan, düşüncə və etiqad azadlığını tanımağa səsləyirdi.
Cənubi Koreyada hər il əqidəsinə görə hərbi xidmətdən imtina edib həbs olunanların sayı digər bütün ölkələrdə həbs olunanların ümumi sayından qat-qat çoxdur. Demək olar ki, hər il orta hesabla 500—600 qardaşımız həbs edilir. Qardaşlarımız sərbəst buraxıldıqdan sonra həbsdə yatdıqlarına görə ömür boyu cinayətkar damğasını üstlərində daşıyırlar. Bu isə onlara iş tapmaqda və digər məsələlərdə çətinlik törədir.
2011-ci ildən başlayaraq bəzi qardaşlarımız Konstitusiya Məhkəməsinə apellyasiya şikayətləri təqdim edib, çünki qanun əqidəyə görə hərbi xidmətdən imtina edənlər üçün həbs cəzasından başqa heç bir alternativ seçim təmin etmir. Eynilə, 2012-ci ildən bəri bəzi hakimlər sırf dini əqidəsinə görə hərbi xidmətdən imtina edənləri cəzalandırmağın yanlış olduğunu düşünüb və onların məhkəmə işlərini Konstitusiya Məhkəməsinə göndərib ki, Hərbi Xidmət Aktına yenidən baxılsın.
Konstitusiya Məhkəməsinin vəzifəsi hər hansı bir qanunun Koreyanın Konstitusiyasına müvafiq olub-olmadığını müəyyən etməkdən ibarətdir. Konstitusiya Məhkəməsi Hərbi Xidmət Aktını təsdiqlədiyinə dair iki dəfə (2004 və 2011-ci illərdə) qərar versə də, nəhayət lazımi dəyişikliklərin edilməsinə razılıq verdi. Məhkəmə Cənubi Koreya hökumətinə tapşırdı ki, 2019-cu ilin sonuna kimi alternativ xidmət imkanlarını daxil edərək Hərbi Xidmət Aktını yenidən yazsın. Alternativ xidmətin təmin olunması sayəsində, qardaşlarımız xəstəxana xidmətləri və cəmiyyətin xeyrinə töhfə verən başqa mülki xidmətlər həyata keçirə biləcəklər.
Yehovanın Şahidlərinin Koreyadakı nümayəndəsi Honq De İl qardaş bu qərarın nə qədər önəmli olduğunu bildirərək deyir: «Ölkədə insan hüquqlarını müdafiə edən ən güclü məhkəmə Konstitusiya Məhkəməsidir. Həmin məhkəmə deyib ki, bu məsələni hökumət yoluna qoymalıdır. Qardaşlarımız alternativ mülki xidmət sayəsində cəmiyyətin xeyrinə işləməyi səbirsizliklə gözləyirlər. Çünki belə xidmət onların vicdanına zidd getmir və beynəlxalq standartlara müvafiqdir».
Hal-hazırda həbsdə yatan 192 qardaşımızın işi və təxminən 900 cinayət işi də daxil olmaqla, çox mühüm məsələlər müxtəlif səviyyəli məhkəmələrdə öz həllini gözləyir.
Konstitusiya Məhkəməsinin verdiyi bu tarixi qərar sayəsində, ehtimal ki, Ali Məhkəmə əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin xeyrinə qərar verəcək. Ali Məhkəmənin tam hakim heyəti tərəfindən veriləcək qərar cinayət işlərinin də həllində təsirsiz ötüşməyəcək.
Ali Məhkəmə 30 avqust 2018-ci il tarixində ictimai dinləmə keçirəcək və dinləmədən sonra bu məsələ ilə bağlı qərar çıxaracaq. Ali Məhkəmənin tam hakim heyəti son 14 il ərzində ilk dəfədir ki, əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin məsələsinə baxacaq.
Bununla bərabər, Milli Məclis və Koreyanın qanunvericilik orqanı Hərbi Xidmət Aktının yenilənməsi üzərində artıq işləyir.
Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş deyir: «Biz Ali Məhkəmənin bu yaxınlarda keçirəcəyi dinləməni səbirsizliklə gözləyirik. Koreyadakı qardaşlarımız bilir ki, “Allah qarşısında vicdanını təmiz saxlamaqdan ötrü əzablara [qatlaşmaq] və haqsızlığa məruz [qalmaq], bu, təqdirəlayiqdir” (1 Butrus 2:19). Buna görə də onlar könüllü şəkildə öz azadlıqlarını qurban verirlər. Qardaşlarımıza görə çox sevinirik. Nəhayət, məhkəmə onlara qarşı edilən ədalətsizliyi gördü, onların əqidələrinə görə cəsarət və sədaqət göstərdiklərini etiraf etdi».