1 MART 2018
CƏNUBİ KOREYA
Cənubi Koreyadakı Yehovanın Şahidləri əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı məsələnin həlli üçün prezidentə ərizə təqdim edir
Cənubi Koreyada baş vermiş son hadisələrdən görünür ki, hökumət fundamental insan hüquqlarına hörmətlə yanaşılmasına dair böyük addımlar atacaq. 7 dekabr 2017-ci il tarixində Cənubi Koreyanın Prezidenti Mun Ce-in Milli İnsan Hüquqları Komissiyasının (MİHK) rəsmiləri ilə görüşdü və onlardan xahiş etdi ki, ölkənin insan hüquqlarını təkmilləşdirib beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün tövsiyələr versin. Prezident Mun Ce-in MİHK-dən xahiş etdi ki, xüsusilə əqidəsinə görə hərbi xidmətdən imtina edənləri həbsetmə siyasətinə son qoymaq üçün hökumətə həll üsulları təklif etsin.
Bu genişmiqyaslı ictimai görüşdən sonra Cənubi Koreyadakı Yehovanın Şahidləri Prezidentə ünvanlanmış ərizələrdə imzatoplama kampaniyası təşkil etdi. Hökumətin əqidəyə görə hərbi xidmətdən imtina edənləri həbsetmə siyasəti onilliklərdir ki, Yehovanın Şahidlərinə təsirsiz ötüşməyib. Prezident Mun Ce-in vətəndaşlardan gələn bu ərizələri cavablandırmağı öz Administrasiyasına tapşırdı. Ərizələrdə prezidentdən xahiş olunurdu ki, əqidəyə görə hərbi xidmətdən imtina edənlərin təxminən 70 ildir üzləşdiyi problemin həllinə yardım etsin.
Kampaniya başladıqdan dörd həftə sonra ərizələr tamamlandı. Ərizələri imzalayanların arasında əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün cinayət məsuliyyətinə cəlb edilmiş 14000-dən çox kişi və bu məsuliyyətə cəlb olunduqlarına görə onların 26000-dən çox zərər çəkmiş ailə üzvləri var idi.
Ərizələrə imza çəkən 41275 Yehovanın Şahidinin 6 nümayəndəsi 15 yanvar 2018-ci il tarixində bu ərizələri Prezident Administrasiyasına təqdim etdi. Ərizələrdə bu məsələ ilə maraqlandığına görə prezidentə minnətdarlıq bildirilirdi, hökumətin əqidəyə görə hərbi xidmətdən imtina edənləri 70 illik həbsetmə siyasətinin mənfi təsirləri vurğulanırdı, eləcə də bu məsələnin həllinin cəmiyyətə gətirəcəyi faydalardan bəhs edilirdi. 16 yanvar 2018-ci il tarixində Prezident Administrasiyası bu ərizələrin nəzərdən keçirilməsi üçün onları Milli Müdafiə Nazirliyinə göndərir.
Ərizələr hazır olan kimi Yehovanın Şahidlərinin nümayəndələri MİHK-in rəsmiləri ilə də görüşdü. Onlar Yehovanın Şahidlərinin hərbi xidmətdən imtinaetmə səbəbini Müqəddəs Kitab əsasında izah etdilər. Əgər alternativ mülki xidmət təklif edilsə, bu proqramı keçən gənc Yehovanın Şahidləri boş yerə həbsdə yatmaqdansa, ölkənin rifahı üçün xidmət göstərəcəklər. Rəsmilər Yehovanın Şahidlərinə bildirdilər ki, əqidəyə görə hərbi xidmətdən imtina edənlərin məsələsi MİHK-in 2018-ci ildə həll edəcəyi təxirəsalınmaz insan hüquqlarındandır.
Cənubi Koreyada əqidələrinə görə hərbi xidmətdən imtina edib həbs olunanların sayı digər ölkələrin hamısında həbs olunanların sayından qat-qat çoxdur. Ölkədəki hərbi xidmətdən imtina edən gənc Yehovanın Şahidlərinin həbsxanada yatdıqları müddət ümumilikdə 36700 ildən çoxdur. Rəsmilər hökumətin bu məsələ ilə bağlı uzunmüddətli siyasətini yenidən nəzərdən keçirdiklərinə görə Yehovanın Şahidləri ümid edir ki, yeni təşəbbüs nəhayət bu siyasətə son qoyacaq.