Kontentə keç

1 MART 2018
CƏNUBİ KOREYA

Cənubi Koreyadakı məhkəmələr hərbi xidmətdən imtina edənlər üçün həll yolları axtarır

Cənubi Koreyadakı məhkəmələr hərbi xidmətdən imtina edənlər üçün həll yolları axtarır

Cənubi Koreyada hakimlər əqidəsinə görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərinin mövqelərinə müvafiq həll yolları axtarırlar. Çünki orada onların həbs olunması adət halını alıb. Bəzi hakimlər nəzərə alır ki, bu insanlar Müqəddəs Kitabın başqalarına zərər vurmamaq prinsipinə əsaslanaraq, vicdanlarına uyğun qərar verirlər *. Beləliklə, bəzi məhkəmələr vicdan azadlığının fundamental insan hüququ olduğunu əldə rəhbər tutaraq qərar çıxardı ki, bu gənclər hərbi xidmətdən yayınmaqda təqsirli deyillər. 2015-ci ilin may ayından bəri birinci instansiya məhkəməsinin hakimləri əqidələrinə görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərinin lehinə 66 sayda «təqsirli deyil» qərarını çıxarıb. Bu, həqiqətən, diqqətəlayiq artımdır. Çünki bundan öncəki on illər ərzində cəmi dörd belə qərar qeydə alınıb.

Əsaslı qərar

Ən gözlənilməz qərar 1 fevral 2018-ci il tarixində verildi. Busan şəhərindəki bir apellyasiya məhkəməsi Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qanunvericiliyini nəzərə almadı və «təqsirli deyil» məhkəmə qərarlarından birini qüvvədə saxladı. Bu qərar iki səbəbə görə xüsusilə diqqətəlayiqdir: Busan Şəhər Məhkəməsi mühafizəkardır və bu qərar zamanı sədrlik edən hakim Yonq du Çoi daha əvvəl əqidəsinə görə hərbi xidmətdən imtina edən bir nəfəri təqsirli bilmişdi.

Üç hakimdən ibarət heyət diqqəti Cənubi Koreyanın konstitusiya öhdəliyinə cəmlədi. Onun öhdəliyi dövlətin qəbul etdiyi beynəlxalq qanunlara hörmət etməkdir. Bu məsələ ilə bağlı beynəlxalq qanun isə əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüququnu tanıyan Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakta (MSHBP) əsaslanır. Məhkəmə mühakimə yürütdü ki, «əqidəsinə görə hərbi xidmətdən imtina edənləri həbs etməklə cəzalandırmaq Paktın 18-ci maddəsinə ziddir, buna görə də... əqidəyə görə hərbi xidmətdən imtina etməyin əsgərliyə getməmək üçün “qanuni əsas” olduğunu demək yerində olardı». Bu qərar geniş şəkildə işıqlandırıldı və bir çox müşahidəçilər bunun hüquqi cəmiyyətə müsbət təsir edəcəyinə əmindirlər.

Həll yolu axtarılır

Əvvəllər hakimlər bu məsələ ilə əlaqədar hər il orta hesabla 500—600 gənci həbs edirdi, lakin indi onların əksəriyyəti məhkəməni təxirə salır. Hakimlər Konstitusiya Məhkəməsinin qərarını gözlədiyinə görə hal-hazırda təxirə salınan 700-dən çox məhkəmə işi var və bu say getdikcə artmaqdadır. 31 dekabr 2017-ci il tarixli hesabata əsasən, cəmi 267 Yehovanın Şahidi həbsdə idi, bu isə son on ilin ən aşağı göstəricisidir.

Konstitusiya Məhkəməsi müəyyən edəcək ki, hakimlər əqidəsinə görə hərbi xidmətdən imtina edənlərlə bağlı hansı qərarı çıxarmalıdır. Hakimlər onları ya Hərbi Xidmət Aktına əsasən hərbi xidmətdən yayınmaqda təqsirli bilərək cəzalandıracaq, ya da beynəlxalq standartlar çərçivəsində vicdan azadlığı hüququna əsasən müdafiə edəcək. Cənubi Koreyada çoxları Məhkəmədən elə bir həll yolu gözləyir ki, bu həll yolu gənclərə cəmiyyətin xeyrinə olan alternativ mülki xidmət proqramını keçməyə imkan yaratsın və bu, onların vicdanına zidd getməsin.

Əgər Məhkəmə bu məsələni əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin lehinə həll edərsə, onda Cənubi Koreya BMT İnsan Hüquqları Komitəsinin yüzlərlə fərdi məhkəmə işini özünə ehtiva edən qərarlarına uyğun qərar verməli olacaq. Bundan əvvəl Komitə Cənubi Koreyanı səsləmişdi ki, əqidəsinə görə hərbi xidmətdən imtina edənləri həbs etməyi dayandırsın və onların fundamental hüququ olan vicdan azadlığına hörmət etsin.

^ Məsələn, Əşiya 2:4 ayəsində deyilir: «Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər». İsa Məsihin davamçılarına verdiyi əmrə əsasən, onlar aralarındakı məhəbbətə görə tanınmalı idilər: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:34, 35).