13 İYUN 2022
ÇİLİ
Araukan dilində «İncilin Yeni Dünya Tərcüməsi» buraxıldı
5 iyun 2022-ci il tarixində Çili filialının komitə üzvü Ceyson Rid araukan dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin həm çap, həm də elektron formatda işıq üzü gördüyünü elan etdi. Bütün ölkədə olan araukandilli yığıncaqlar proqramı canlı yayımla izləməyə dəvət olunublar. İştirakçıların ümumi sayı təxminən 800 nəfər idi.
Mapuçe xalqının əksəriyyəti Sakit və Atlantik okeanları arasında yerləşən Çili və Argentinanın mərkəzində və cənub hissəsində məskunlaşıblar. Buranın rəngarəng landşaftı var: meşələri, aktiv vulkanları, And dağları silsiləsi və geniş düzənlikləri. Mapuçe xalqı çox qonaqpərvərdir və müqəddəs şeylərə ehtiramla yanaşır.
Müqəddəs Kitabın bəzi hissələri araukan dilinə 1901-ci ildən tərcümə olunub, İncilin tam versiyası isə 1997-ci ildə Müqəddəs Kitab Cəmiyyəti tərəfindən buraxılıb. Ancaq daha dəqiq tərcüməyə ehtiyac var idi. Məsələn, 1997-ci ildə çıxan tərcümədə İsanın necə öldürüldüyünü təsvir edərkən «çarmıx» sözündən istifadə olunub. Ancaq «Yeni Dünya Tərcüməsi»ndə araukanca «dirək» mənasını verən söz işlənib, bununla da İsanın dirəkdə öldüyü dəqiq təsvir olunub.
Diqqətəlayiqdir ki, «Yeni Dünya Tərcüməsi»nin elektron formatda çıxdığı elan olunanda proqramın yayımlandığı 23 ibadət evində iştirakçıların hər birinə kitabın çap formatı da təqdim olunub. Çili filialının komitə üzvü Xorxe Qonzales bunun səbəbini belə izah edir: «Dini məlumatlar, məsələn, Allahın Kəlamı elektron formatda olanda mapuçe xalqı buna etibar edə bilmir. Buna görə də araukan dilində “İncilin Yeni Dünya Tərcüməsi”nin çap formatda çıxması, zənnimizcə, çoxlarına xoş olacaq».
Biz dua edirik ki, Müqəddəs Kitabın bu buraxılışı bütün xalqlardan olan daha çox insana Yehovanı tanımağa, Ona ibadət etməyə kömək etsin (Əşiya 2:2).