16 AVQUST 2019
DANİMARKA
Danimarkada Yehovanın Şahidləri yeni Müqəddəs Kitab muzeyi açıb
2019-cu ilin iyul ayında Danimarkanın Holbek şəhərində (Kopenhagendən 65 kilometr aralıda) yerləşən Yehovanın Şahidlərinin Skandinaviya filialında «Skandinaviyada Müqəddəs Kitab və Allahın adı» adlı yeni Müqəddəs Kitab muzeyi fəaliyyətə başlayıb.
Muzeydə Danimarka, Farer, Qrenlandiya, island, Norveç, saami və İsveç dillərində 50-dən çox nadir və tarixi əhəmiyyət kəsb edən Müqəddəs Kitab nüsxələri nümayiş etdirilir.
Belə əhəmiyyətli eksponatlardan biri 1541-ci il tarixli «Qustav Vazanın Müqəddəs Kitabı»nın orijinal nüsxəsidir. Bu, Skandinaviyada danışılan dillərdə çap edilmiş ilk tam Müqəddəs Kitab olub. «Qustav Vazanın Müqəddəs Kitabı» İsveç dilinin qrammatikasının və leksikasının özəyini təşkil edir. Bundan əlavə, bu kitabın mətni növbəti 300 il ərzində Müqəddəs Kitabın İsveç dilinə edilmiş digər tərcümələri üçün standart olub.
Başqa nadir eksponat 1550-ci il tarixli «III Kristianın Müqəddəs Kitabı»dır. Bu, Danimarka dilində Müqəddəs Kitabın ilk tam tərcüməsi olub. «III Kristianın Müqəddəs Kitabı» Danimarka dili üçün ədəbi normanın yaranmasına töhfə verib və Şimali Avropa xalqlarının mədəni irsinə böyük təsir göstərib.
Skandinaviya filialında xidmət edən Erik Yorqensen deyir: «Yeni Müqəddəs Kitab muzeyi Skandinaviyada Allahın Kəlamına və Onun uca adı olan Yehova adına əsrlər ərzində bəslənilən dərin hörməti nümayiş etdirir».