28 APREL 2021
DÜNYADAN XƏBƏRLƏR
Öncül məktəbi ilk dəfə videokonfrans vasitəsilə keçirilir
2021-ci ildə pandemiya ilə əlaqədar bütün dünyada öncül məktəbləri ilk dəfə videokonfrans vasitəsilə keçirildi. Bu ruhani tədbirdə iştirak etmək üçün şagirdlər əllərindən gələni etdilər. Növbəti hadisələrdən Yehovanın öncüllərə müxtəlif çətinliklərin öhdəsindən gələrək məktəbdə iştirak etməyə necə kömək etdiyini görmək olar.
Yaponiyadan olan Mieko Yoşinari bacı 30 ildir ki, öncül kimi xidmət edir (məqalənin əvvəlindəki şəklə baxın). Bacının elektron cihazlardan istifadə etməkdə çətinliyi olsa da, görmə qabiliyyəti zəif olsa da, videokonfrans vasitəsilə öncül məktəbini keçməyə qətiyyətli idi. Bacı deyir: «Araşdırma aparıb hazırladığım şərhləri böyük hərflərlə yazırdım və beləcə, onları rahatlıqla oxuya bilirdim. Yehova bu məktəb vasitəsilə məni ruhlandırdı və gücləndirdi».
Keniyada Nayrobi yaxınlığındakı Tika şəhərində yaşayan Anita Kariuki bacı kosmetoloq kimi işləyir və bunun sayəsində öncüllük edir. Amma məktəbdə iştirak edə bilmək üçün o bütün həftə iş yerini bağlamalı idi. Bacı buna görə narahat olsa da, Yehovanın ona kömək edəcəyinə əmin idi. O deyir: «Mən Yehovaya yalvardım, məsələni onun üzərinə buraxdım və xidmətimə davam etdim». Məktəbin başlamağına iki gün qalmış, o, artıq xərclərinin çoxunu ödəyə biləcək qədər pul qazana bilmişdi. Amma 30 dolları çatmırdı. Buna baxmayaraq, o, məktəbdə iştirak etdi. Çərşənbə günü dərsdən sonra müştərilərdən biri Anitaya zəng edib dedi ki, borcunu ödəmək istəyir. Bu məhz Anitaya lazım olan məbləğ idi!
Hondurasda Yoro şəhərində yaşayan Lauren Madriqales adlı bacının evini Eta və Yota qasırğasından sonra təxminən bir metrə yaxın lil basmışdı. Bacı və ailəsi demək olar ki, hər şeyini itirmişdi və müvəqqəti olaraq evi tərk etməli olmuşdu. Bunlar Lauren bacının məktəbə dəvət aldığı zaman baş vermişdi. O, dəvət olunduğuna görə çox sevinirdi, amma narahat idi ki, görəsən, məktəb başlayana qədər evi təmizləyib qurtara biləcəklər, ya yox. Bacı deyir: «Hər gün səhər sübhdən gecə yarısına kimi evdəki lil palçığı təmizləyirdik. Bu, bir neçə gün davam etdi. Lap əldən düşmüşdüm. Fikirləşirdim ki, məktəbə hazırlaşmaq üçün gücüm qalmayıb. Ona görə də qardaşlara dedim ki, məktəbi keçə bilməyəcəyəm». Lauren bacı Yehovaya dua edib, özünü nə qədər pis hiss etdiyini dedi. Məktəbə bir neçə gün qalmış gözlənilmədən Zərərçəkənlərə yardım komitəsi ona öz köməyini təklif etdi. Bunun sayəsində bacının məktəbə hazırlaşmağa vaxtı oldu və məktəbə öz evindən qoşula bildi.
Birləşmiş Ştatların Klivlend şəhərində (Ohayo ştatı) yaşayan Spenser Staş və həyat yoldaşı Aleksandra öncül kimi xidmət edir. Qardaşın atası tək yaşayırdı. Məktəb başlamazdan əvvəl o, xəstəxanaya düşdü. Buna görə də onlar məktəbi keçməyə tərəddüd edirdilər. Amma qardaşın atası onları məktəbi keçməyə təşviq etdi. Təəssüflər olsun ki, məktəb başlamazdan iki gün əvvəl o, həyatını itirdi. Qəm-qüssə içində olmalarına baxmayaraq, bu cütlük məktəbin ancaq birinci gününü buraxdı. Hərarətli dualarına cavab olaraq, Yehova onlara məktəbdə axıra kimi oxumağa güc verdi. Spenser qardaş deyir ki, atasının arzusunu yerinə yetirdiklərinə görə ürəkləri rahatdır. O əlavə edir: «Atama məktəbi keçə bildiyimizi, öyrəndiklərimizi danışacağımız günü səbirsizliklə gözləyirik. Sinif yoldaşlarımızın və müəllimlərimizin dəstəyi bizə çox kömək oldu».
Cənubi Koreyadan olan Çun De-Sik qardaş on ildir ki, qocalar evində yaşayır. O, birtərəfli iflic olduğundan əlil arabasına məhkum olunub. Qardaş bir neçə dəfə öncül məktəbində oxumağa çalışsa da, səhhətinə görə bir gündən artıq oxuya bilməmişdi. Amma videokonfrans vasitəsilə keçiriləcək öncül məktəbinə dəvət alanda çox sevindi. Qardaş deyir: «Belə bir imkan yarandığına görə o qədər minnətdar idim ki, göz yaşlarımı saxlaya bilmədim. Başqa cür heç vaxt öncül məktəbini keçə bilməzdim. Bu məktəbdə iştirak edə bildiyim üçün sevincim yerə-göyə sığmır».
Avstraliyanın Yeni Cənubi Vels ştatında yaşayan Eddi El Beya qardaşın həyat yoldaşı Şeris bacı bölüşür: «Hiss edirdim ki, xidmətdə passivləşmişəm, xidmətimi mexaniki icra edirəm. Bilmirdim şövqümü necə artırım». Öncül məktəbi tam vaxtında bacının köməyinə çatdı. O əlavə edir: «Gördüm ki, hətta məhdud vəziyyətdə belə, xidmətimi genişləndirmək üçün çox şey edə bilərəm».
Eddi məktəbin onu necə ruhlandırdığını belə ifadə edir: «Sanki yerin-göyün Sahibi məni qucaqlayırdı, ehmalca çiynimə toxunub deyirdi: “İrəli get! Mən səninləyəm, səni sevirəm, sənin qeydinə qalıram”».
Bu il videokonfrans vasitəsilə daha bir neçə məktəbin keçirilməsi planlaşdırılır. Çətinliklərə baxmayaraq, Yehovanın xalqının təlim almağa davam etməsi insanı ruhlandırır. Bu bizə Əyyub peyğəmbərin dediyi növbəti sözləri xatırladır: «Bax! Allah qüdrətilə ucadır, Onun kimi nəsihətçi varmı?» (Əyyub 36:22).
Aşağıdakı şəkillərdə dünyanın müxtəlif yerlərində videokonfrans vasitəsilə keçirilmiş məktəblərin müəllimlərini və şagirdlərini görə bilərsiniz.
ARGENTİNA. Şagirdlər arxa fondan istifadə edərək avtobusda ictimai şahidlik etməyin üsulunu göstərirlər
KAMERUN. 12 ildir xüsusi təyinatlı müjdəçi kimi xidmət edən və öncül məktəbinin müəllimlərindən biri olan Qay Leyton qardaş Müqəddəs Kitabın tərcüməsi ilə bağlı dərsdə Ölü dəniz əlyazmalarının bir surətini göstərir
YUNANISTAN. Mərkəzi Yunanıstanda rayon nəzarətçisi kimi xidmət edən Takis Pantulas qardaş öncül məktəbində təlim verir
İTALİYA. İngilis dilində keçirilmiş beş məktəbdən birinin şagirdləri
MEKSİKA. Öncül məktəbində oxuyan bir neçə şagird, əsasən Çyapas ştatında danışılan sotsil dilində çıxmış yeni dərsliyi göstərir. Bu, bütünlüklə sotsil dilində keçirilmiş ilk öncül məktəbidir
ŞRİ-LANKA. Xüsusi öncül kimi xidmət edən Nişenta Günavardana qardaş və onun həyat yoldaşı Şiromala bacı öncül məktəbində
TANZANİYA. Zənzibarda ağsaqqal kimi xidmət edən Vilyam Bundala qardaş Wi-Fi bağlantısı daha güclü olduğu üçün məktəbə evin həyətindən qoşulub