30 APREL 2021
DÜNYADAN XƏBƏRLƏR
İCMAL | Yehovanın Şahidlərinin Sibirə sürgün edilməsinin 70-ci ildönümünə həsr olunmuş silsilə konfranslar
Moldova, Rusiya və Ukraynada «Şimal əməliyyatı»nın 70-ci ildönümünə həsr olunmuş elmi və mətbuat konfransları keçirilmişdi. 1951-ci ildə həyata keçirilmiş həmin əməliyyat zamanı Sovet hakimiyyəti 9793 Yehovanın Şahidini qatarla Sibirə sürgün etmişdi.
Bu konfransların bəzilərində iştirakçılar «Şimal» əməliyyatına həsr olunmuş 1951deport.org saytına daxil olmağa təşviq olunmuşdular. Sayt Yehovanın Şahidləri tərəfindən yaradılıb və ingilis, rus və Ukrayna dillərindədir. Saytda arxiv sənədləri və əməliyyatla bağlı ətraflı məlumat yerləşdirilib.
1 aprel | Moldovada elmi konfrans
Aleku Russo adına Beltsı Dövlət Universitetinin professoru Lidiya Paduriak dedi: «SSRİ 1951-ci il sürgününü kommunizmdən fərqli ideologiyaların yayılmasının qarşısını almaq üçün ictimai cəza olaraq həyata keçirmişdi».
Tarix institutunun elmi tədqiqatçısı professor Nikolaye Fustey dedi: «“Şimal” əməliyyatı öz məqsədinə çatmadı… Yehovanın Şahidləri təşkilatını məhv etmək mümkün olmadı. Bu dinə etiqad edənlər imanları barədə danışmağa son qoymadılar, əksinə, bunu daha cəsarətlə etdilər».
Tarix institutunun elmi tədqiqatçısı və konfransın sədri professor Virciliyu Bırleydanu keçirdiyi tədqiqat çərçivəsində müsahibə götürdüyü sürgün edilmiş Yehovanın Şahidlərinin qeyri-adi əhval-ruhiyyəsindən danışdı. O dedi: «Onların gözlərində gördüyüm nikbinlik məni çox təəccübləndirdi. Sovet hakimiyyətinin verdiyi əzab-əziyyət onları kinli insanlara çevirmədi».
Moldova filialında xidmət edən Viktor Dorniçenko qeyd etdi ki, Rusiyada tarix təkrarlanır. O izah etdi: «Əfsuslar olsun ki, tarixdən heç bir nəticə çıxarılmadı. 2017-ci ildə heç bir qanuni əsas olmadan Rusiyada Yehovanın Şahidlərinin dini təşkilatı qadağan edildi və bu, 175 000 adama təsir etdi. Yehovanın Şahidlərinə qarşı qərəzli mövqe və fəaliyyətləri barədə yayılan yalan məlumatlar onların fikir, vicdan və din azadlığı kimi əsas hüquqlarından məhrum edilmələrinə səbəb oldu».
1 aprel | Moskvada mətbuat konfransı
Artıq xəbər verildiyi kimi, beş dinşünas və insan hüquqları müdafiəçilərinin, eləcə də Yehovanın Şahidlərinin Avropa Assosiasiyasının nümayəndəsi Yaroslav Sivulskinin iştirakı ilə mətbuat konfransı keçirildi. Bu konfransda da «Şimal» əməliyyatı və müasir Rusiyada Yehovanın Şahidlərinin məruz qaldığı təqiblər haqqında məlumat verildi. Konfrans rus və ingilis dillərində onlayn yayımlanırdı.
6 aprel | Beynəlxalq Xatirə Cəmiyyətinin Moskvada keçirdiyi dəyirmi masa
Xəbər verildiyi kimi, bu tədbir yalnız rus dilində onlayn yayımlanmışdı.
8 aprel | Kiyevdə elmi konfrans
Altı ölkədən olan on dörd alim, eləcə də Ukrayna filialından olan İvan Riher iştirakçılar qarşısında qısa çıxışlar etdilər. Bəzi alimlər tədqiqatlarının bir hissəsi kimi sürgündən sağ çıxanlardan müsahibə götürmüşdülər. Bu müsahibələrdən müəyyən parçalar qısa video şəklində iştirakçılara göstərildi.
Polşanın Sileziya Universiteti yanında Mədəniyyət Elmləri İnstitutunun tarixçisi və tədqiqatçısı professor Tomaş Buqay dedi: «Baxmayaraq ki, Yehovanın Şahidləri pis şəraitdə yaşamalı və işləməli olmuşdular, onlar əxlaq və etik prinsiplərinə, eləcə də dini əqidələrinə sadiq qaldılar. Daha yaxşı iş və həyat şəraiti, yaxud ərzaq üçün öz prinsiplərindən keçmək onların heç ağıllarından belə keçmirdi». Professor Tomaş Buqay Yehovanın Şahidlərini kommunist rejimi altında əqidələrini qoruya və yaya bildikləri üçün «fenomen» adlandırdı.
Ukrayna Dinşünaslar Assosiasiyasının vitse-prezidenti professor Lyudmila Filipoviç qeyd etdi ki, hal-hazırda Ukraynada Yehovanın Şahidləri 36 dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat paylayırlar. O həmçinin bildirdi ki, Yehovanın Şahidlərinin maarifləndirmə fəaliyyəti bütün cəmiyyətə fayda gətirir. O dedi: «Yehovanın Şahidləri ukraynalılara çoxsaylı sosial problemlərin öhdəsindən gəlməyə kömək edir». Məsələn, o qeyd etdi ki, Yehovanın Şahidləri eşitmə və görmə qüsurlu adamlara Müqəddəs Kitab təlimlərini öyrədirlər və onlara özlərini cəmiyyətin tam üzvü hiss etməyə kömək edirlər.
Bu konfrans ingilis, rus və Ukrayna dillərində onlayn yayımlanmışdı.
9 aprel | Kiyevdə mətbuat konfransı
Lyudmila Filipoviç jurnalistlərə dedi: «Yehovanın Şahidləri sübut etdilər ki, onlar istənilən şəraitə uyğunlaşmağa qadirdirlər. Bundan başqa, onlar əlverişsiz şəraiti fəaliyyətləri üçün əlverişli şəraitə çevirərək öz dini əqidələrini yaya bildilər… Sovet dövründə Yehovanın Şahidləri ətrafdakı insanların hörmətini qazanmışdılar, çünki öz prinsiplərinə həmişə sadiq qalırdılar».
Ukraynanın Dinşünaslıq Tədqiqatları və Beynəlxalq Ruhani Münasibətlər Mərkəzinin prezidenti professor İqor Kozlovski dedi: «Kim olduğumuzu başa düşmək üçün keçmişimizi unutmamalıyıq… Yehovanın Şahidlərinin sürgününü tez-tez xatırlamaq lazımdır. Bu hadisə barədə məlumat Ukraynanın ümumi tarixinə daxil edilməlidir». O əlavə etdi: «Dinşünaslar Yehovanın Şahidləri, eləcə də digər dini icmalar barədə gəzən şayiələrlə və ədavət salan fikirlərlə mübarizə aparmaq məsuliyyəti daşıyırlar».
Mətbuat konfransı ingilis və Ukrayna dillərində onlayn yayımlanmışdı.