Kontentə keç

«İdai» siklonunun Beyra şəhərinin (Mozambik) xaricində törətdiyi dağıntılar

27 MART 2019
DÜNYADAN XƏBƏRLƏR

«İdai» siklonu Afrikanın cənub-şərqini viran qoyub

«İdai» siklonu Afrikanın cənub-şərqini viran qoyub

Cümə axşamı, 14 mart 2019-cu il tarixində Mozambikdə torpaq sürüşmələrinə səbəb olan «İdai» siklonu sonradan Malavi və Zimbabveni öz ağuşuna alaraq ciddi dağıntılar törədib. Cənub yarımkürəsində indiyədək ən dəhşətli qasırğalardan biri hesab edilən bu siklon yolları, binaları yararsız hala qoyaraq 2,6 milyon insana zərər vurub. Qasırğanın qurbanlarının sayı 200-ü ötüb. Təəssüflə bildiririk ki, Mozambikdə həlak olanların arasında iki bacımız və iki vəftiz olunmamış uşaq var, Zimbabvedə isə 14 yaşlı qardaşımız torpaq sürüşməsi zamanı evi uçarkən həyatını itirib.

«İdai» siklonunun ciddi ziyan vurduğu İnhamizua ibadət evi (Mozambik)

Mozambik filialı həmçinin xəbər verir ki, qardaşlarımızın bir neçə evi və ibadət evi dağılıb, yaxud onlara ziyan dəyib. Zimbabvedə, filialın verdiyi məlumata görə, qardaşlarımızın 15 evinə və iki ibadət evinə zərər dəyib. Malavi filialının verdiyi məlumata görə isə, qardaşlarımıza məxsus 764 ev dağılıb, 201-ə isə ziyan dəyib. İki ibadət evinə də ziyan dəyib. İkisi Mozambikdə, dördü isə Malavidə olmaqla, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına nəzarət edən altı komitə təsis edilib.

Malavidə iki qardaşımızın evlərinin divarları uçandan sonra damı iri budaqların köməyi ilə saxlayırlar

Bu təbii fəlakətdən əziyyət çəkən bacı-qardaşlarımızın dərdinə şərikik. Dua edirik ki, zərərçəkmiş təbliğçilərin hamısı Yehovaya güvənməyə davam etsin və əmin olsunlar ki, O, onlara ehtiyac duyduqları qəlb rahatlığı verəcək (Romalılara 15:13).