10 İYUL 2020
DÜNYADAN XƏBƏRLƏR
İkinci həftədir ki, altı dildə yeni Müqəddəs Kitablar işıq üzü görür
Artıq ikinci həftədir ki, Yehovanın Şahidləri növbəti altı dildə yeni Müqəddəs Kitabların buraxılışını elan edirlər. 4 iyul 2020-ci il tarixində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» bislama və oromo dillərində işıq üzü görüb. Növbəti gün, iyulun 5-i latış və marath dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi», benqal və karen (sqo) dillərində isə İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb. Elektron formatda buraxılan bu kitabların buraxılış nitqləri əvvəlcədən yazıya alınmışdı. Təbliğçilər xüsusi proqramlara videobağlantı vasitəsilə baxıb və belə gözəl hədiyyələrə görə çox seviniblər.
Bislama dili
Bislama dilində Müqəddəs Kitabın buraxılışını Fici filial komitəsinin üzvü Mark Sleger qardaş elan etdi. Proqrama Vanuatu adasında yaşayan bacı-qardaşlar baxmışdılar. Qardaş bislama dilində çıxış edirdi və onun nitqi bislama jest dilinə tərcümə olunurdu.
Tərcümənin üzərində iki qrup üç ildən bir az çox vaxt ərzində işləyib. Onlardan biri deyib: «Əminəm ki, yenidən baxılmış Müqəddəs Kitab bacı-qardaşların xoşuna gələcək: onu oxumaq rahatdır, tərcümənin dili müasir və sadədir. Bu Müqəddəs Kitab hamımıza həqiqəti daha aydın başa düşməyə kömək edəcək».
Biz əminik ki, bu yenidən baxılmış Müqəddəs Kitab 700-dən çox bislamadilli təbliğçilərə şəxsi mütaliə və xidmət zamanı böyük kömək olacaq.
Oromo dili
Efiopiya filial komitəsinin üzvü Delroy Villiamson oromo dilində «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Ümumilikdə proqrama 12548 bacı-qardaş qoşulmuşdu, onlardan 2000-i oromo dilində danışan təbliğçilərdir.
İnternet hər yerdə olmadığı üçün Rəhbərlik Şurası qabaqcadan yazıya alınmış proqramın televiziya vasitəsilə yayımlanmasına icazə verdi. Təbliğçilərin proqrama telefon vasitəsilə də qulaq asmaq imkanı vardı.
Tərcümənin üzərində beş tərcüməçi beş il işləyib. Bu kitab böyük oromodilli sahədə xidmət edən bacı-qardaşlar üçün dəyərli kömək olacaq.
Latış dili
12 il çəkən çox zəhmət tələb edən işdən sonra latış dilində «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. Latviyada fəaliyyət göstərən həm rus, həm də latışdilli yığıncaqlar proqrama baxmağa dəvət edilmişdi.
Yeni Müqəddəs Kitabın buraxılışı barədə elanı Finlandiya filial komitəsinin üzvü Youni Palmu söylədi. O dedi: «Böyük məmnuniyyətlə müasir və sadə dildə olan bu Müqəddəs Kitab tərcüməsini latışdilli oxuculara təqdim edirik. Ümid edirik ki, indi sizə Allahın Kəlamını araşdırıb üzərində düşünmək daha xoş olacaq».
Tərcümə qrupunun bir üzvü yeni Müqəddəs Kitabın araşdırma aparmaq üçün verdiyi imkanlar barədə deyib: «Bu yeni Müqəddəs Kitab hər şeyi olan smartfon kimidir. Dərin şəxsi mütaliə aparıb üzərində düşünmək üçün o, çoxlu imkanlar təqdim edir».
Marath dili
Marath dilində «Yeni Dünya Tərcüməsi»nin buraxılışı barədə xüsusi görüşdə elan edildi. Proqrama Hindistanda bu dildə görüşlərini keçirən bütün yığıncaqlar qoşulmuşdu. Hindistan filial komitəsinin üzvü Punit Aqqarval Müqəddəs Kitabın buraxılışını elan etdi.
Marath dilində «Yeni Dünya Tərcüməsi» üç ilə ərsəyə gəlib. Onun üzərində altı tərcüməçi işləyib. Tərcümə qrupunun bir üzvü deyib: «Bu tərcümə xüsusilə valideynlərin və Müqəddəs Kitab dərsləri keçənlərin xoşuna gələcək, çünki onun köməyilə həqiqətləri başa salmaq daha asandır».
Başqa tərcüməçi deyib: «Mən çox xoşbəxtəm ki, bu tərcümədə Allahın adı Yehova orijinal mətndə olduğu yerlərdə bərpa olunub. Oxucular Allahın adına demək olar bu kitabın hər səhifəsində rast gələcəklər və Onun adı layiq olduğu şərəfə ucalacaq».
Mərkəzi Hindistanda marath dilində 83 milyon insan danışır.
Benqal dili
Benqal dilində İncilin buraxılışı haqda Hindistanın filial komitəsinin üzvü Aşok Patel elan etdi. Proqrama Hindistandan və Banqladeşdən 1200-dən çox təbliğçi qoşulmuşdu.
Benqal dilində 265 milyondan çox insan danışır. Bu dil onda danışan insanların sayına görə dünyada yeddinci yerdədir. Tərcümə əksər insanlar üçün aydın olsun deyə tərcüməçilər Hindistanın və Banqladeşin müxtəlif ərazilərindən seçilmişdi. Tərcümə üç ilə ərsəyə gəlib.
Öz nitqində Aşok Patel deyib: «Benqal dili Müqəddəs Kitabın tərcümə edildiyi Hindistanın ilk dillərindən biri idi. Tam İncil ilk dəfə 1801-ci ildə dərc edilmişdi. Benqal dilində olan bu erkən tərcümənin səciyyəvi cəhəti o idi ki, orada Allahın adı Yehovaya rast gəlmək olurdu. Lakin müasir tərcümələrdə Allahın adı “Rəbb” sözü ilə əvəz edilib. İncilin “Yeni Dünya Tərcüməsi” isə dəqiqdir və sadə dildə yazılıb».
Tərcümə qrupunun üzvü deyib: «Bu yeni tərcümə sübut edir ki, Yehova Allah milliyyətindən və dilindən asılı olmayaraq bütün insanları sevir. O, insanları Özü və Oğlu İsa Məsihlə tanış olmağa dəvət edir».
Karen dili (sqo)
Myanma filial komitəsinin üzvü Hiroşi Aoki karen dilində (sqo) İncilin buraxılışını elan etdi. Proqrama bu dildə görüşlərini keçirən altı yığıncaq və dörd qrup — ümumilikdə 510 adam qoşulmuşdu.
Karen dilinə (sqo) İncili tərcümə etmək üçün bir ildən bir az çox vaxt lazım oldu. Tərcüməçilərdən biri deyib: «Bacı-qardaşlar və digər insanlar bu tərcüməni sevə-sevə oxuyacaqlar, çünki orada Allahın adı Yehova bərpa olunub və o, müasir dildə yazılıb. Tərcümə aydın, dəqiq və başa düşülən dildədir. Bu möhtəşəm hədiyyəyə görə Yehovaya ürəkdən minnətdarıq. Ana dilimizdə olan bu tərcümə sayəsində indi Ona daha yaxın olacağıq!»
Başqa tərcüməçi isə deyib: «“Yeni Dünya Tərcüməsi”ndə insanların gündəlik həyatda danışdıqları dil istifadə olunub. Ona görə oxucular üçün personajların hisslərini başa düşmək, onların olduqları şəraiti təsəvvür etmək və imanlarından özlərinə örnək götürmək asan olacaq».
Yeni Müqəddəs Kitabları alan bacı-qardaşlarımızın sevincinə şərikik. Biz əminik ki, yeni Müqəddəs Kitablar bu dillərdə danışan təbliğçilərə Yehovaya daha yaxın olmağa və həqiqəti başqalarına daha məharətlə izah etməyə kömək edəcək (Yəhya 17:17).