Kontentə keç

«Xoşbəxt xalqlar» toplantısı (ABŞ, Ohayo ştatı, Klivlend şəhəri, 1946-cı il)

2 AVQUST 2021
DÜNYADAN XƏBƏRLƏR

İlk beynəlxalq toplantıdan 75 il ötüb

«Xoşbəxt xalqlar» adlı tarixi toplantı gələcək toplantılar üçün bir meyar oldu

İlk beynəlxalq toplantıdan 75 il ötüb

Yehovanın Şahidlərinin ilk irimiqyaslı beynəlxalq toplantısından artıq 75 il ötüb. «Xoşbəxt xalqlar» adlanan bu toplantı 1946-cı ilin 4—11 avqust tarixlərində Klivlendin (ABŞ, Ohayo ştatı) şəhər stadionunda və yaxınlıqda yerləşən konfrans zalında baş tutmuşdu.

İkinci Dünya müharibəsindən sonra qardaşların təşkil etdiyi bu toplantı dünyanın dörd yanından bacı-qardaşları bir araya yığdı. Orada hökm sürən məhəbbət, birlik və sülh müharibədən çıxmış dünyadakı vəziyyətdən olduqca fərqlənirdi. ABŞ-da irqi ayrı-seçkiliyin hələ də adi hal olduğu bir vaxtda, müxtəlif irqlərdən olan Yehovanın Şahidləri arasında əsl mehribançılıq var idi.

«Xoşbəxt xalqlar» toplantısında 80 000 Yehovanın Şahidi iştirak etmişdi. O vaxtadək bu qədər bacı-qardaş bir məkanda toplaşmamışdı. Müharibə zamanı bu mümkün deyildi. Toplantıya 32 ölkədən 302 nümayəndə qatılmışdı. Bazar günü, toplantının sonuncu günündə Neytan Norr «Sülh əmiri» adlı nitqlə çıxış etdi.

Klivlenddəki şəhər stadionunun görüntüsü. İri hərflərlə Neytan Norr qardaşın çıxış etdiyi «Sülh əmiri» nitqinin adı yazılıb

Toplantı gözəl keçsə də, çətinliksiz ötüşmədi. Toplantının elə ilk günündə qardaşlar müəyyən təşkilati problemlərlə üzləşdilər. İcarəyə götürülmüş konfrans zalına gələnlərin sayı oradakı oturacaqların sayından çox idi. Buna görə də qardaşlar proqramın 19:45-də başlanacaq axşam hissəsinə gələnləri yerləşdirmək üçün yaxınlıqdakı şəhər stadionunu icarəyə götürməli idi. Amma həmin gün stadionda iki beysbol matçı keçirilirdi və sonuncu oyun saat 18:30-da bitməli idi.

Bəs məsələ necə həll olundu? İkinci matç zamanı elə güclü ildırım çaxdı ki, azarkeşlər stadionu vaxtından əvvəl tərk etdilər. Çox keçməmiş hava düzəldi və 50 000 Yehovanın Şahidi vaxtında öz yerlərini tutaraq bütün diqqətlərini proqramın axşam hissəsinə cəmləyə bildilər.

Neytan Norr «Allah haqdır» kitabının buraxılışını elan edir

«Xoşbəxt xalqlar» toplantısında «Oyanın!» jurnalının və «Allah haqdır» Müqəddəs Kitab dərsliyinin buraxılışı elan olundu. Bundan əlavə, Neytan qardaş Bruklindəki (ABŞ, Nyu-York ştatı) çapxananı və altı ölkədəki filiallarımızı genişləndirmək planları barədə məlumat verdi.

Toplantının unudulmaz hissələrindən biri vəftiz idi. Vəftiz yaxınlıqda yerləşən Eri çayında keçirildi. Ümumilikdə 2602 nəfər vəftiz olundu: 903 qardaş, 1699 bacı. Toplantının yaddaqalan digər məqamı «Gözətçi qülləsi» jurnalının müzakirəsinin və «Teokratik Xidmət Məktəbi»nin keçirilməsinin nümayiş etdirilməsi oldu. Bundan əlavə, toplantıda musiqini 160 nəfərdən ibarət orkestr çalırdı.

Vəftiz olunan bacı-qardaşlar

Bu toplantıdakı bir çox yenilikləri sonrakı toplantılarda da tətbiq etməyə başladılar. Məsələn, həmin toplantıda Xidmətçilər şöbəsi, Sədr bürosu, İlkin yardım şöbəsi, Avadanlıqların quraşdırılması şöbəsi və Tapıntı şöbəsi yaradıldı.

Hal-hazırda Pensilvaniyadakı (ABŞ) yığıncaqların birində ağsaqqal kimi xidmət edən Ron Litl qardaşın 1946-cı ildə 11 yaşı var idi. O, həmin toplantıya atası və qardaşı ilə getmişdi. Onların üçü də toplantının keçirildiyi səkkiz gün ərzində atalarının yük maşınında gecələmişdilər.

Ron qardaş «Oyanın!» jurnalının buraxılışı barədə elanı hələ də xatırlayır. O deyir: «Hamımız əlimizdə jurnal stadionda gəzişirdik. Əgər kiminsə əlində jurnal yox idisə, ona mütləq verirdilər».

Ron qardaşın 86 yaşı var. Ancaq o, bu qədər bacı-qardaşın arasında olarkən duyduğu o sevinc hissini hələ də xatırlayır: «İstəmirdim o toplantı bitsin. Necə də gözəl günlər idi!»

Bizim üçün bu cür «müqəddəs toplantı»lar təşkil etdiyinə görə Yehovaya ürəkdən minnətdarıq (Lavililər 23:2).

 

1946-cı ilin 4—11 avqust tarixlərində Klivlenddə (ABŞ, Ohayo ştatı) keçirilmiş «Xoşbəxt xalqlar» toplantısının proqramı

Üstündə səsgücləndirici avadanlığın və «“Gözətçi qülləsi” və “Təsəlli” jurnallarını oxuyun» yazısının quraşdırıldığı iki maşın. Maşının qapısındakı plakatda «Sülh əmiri» nitqinə dəvət yazılıb

İki qız anaları ilə birgə səsgücləndirici avadanlığın quraşdırıldığı maşının yanında şəkil çəkdirir. Qızlar «Xoşbəxt xalqlar» toplantısında buraxılışı barədə elan edilmiş «Oyanın!» jurnalının ilk sayını, anaları isə Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin dərc etdiyi «Carçı» qəzetini tutur

Qardaş iki uşağı ilə üzərində «Sülh əmiri» nitqinin posteri olan motorollerdə şəkil çəkdirir

Sahə xidməti şöbəsinin əməkdaşları toplantı iştirakçılarına «Sülh əmiri» nitqinə dəvət yazılmış plakatlar paylayırlar

Qardaşlar toplantı iştirakçıları üçün yemək hazırlayırlar

Toplantı iştirakçıları nahar edir

Toplantı iştirakçıları əllərində yenicə çıxmış «Allah haqdır» kitabını tuturlar

Qardaşlar stadionun yaxınlığında şəkil çəkdirirlər. Onların çoxu imanlarına görə vaxtilə həbsdə olmuşdu. Bu qardaşların arasında sonradan Yehovanın Şahidlərinin Rəhbərlik Şurasında xidmət etmiş Daniel Sidlik (1-ci cərgə, sağdan birinci) də var

Vəftiz olunanlar ön cərgələrdə əyləşiblər

Eri gölündə vəftiz