Kontentə keç

3 İYUL 2020
DÜNYADAN XƏBƏRLƏR

İyunun 28-i altı Müqəddəs Kitab işıq üzü görüb

İyunun 28-i altı Müqəddəs Kitab işıq üzü görüb

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına baxmayaraq, Yehovanın Şahidləri yeni-yeni dillərdə Müqəddəs Kitab dərc etməyə davam edirlər. 2020-ci il iyunun 28-i Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» növbəti dörd dildə çıxdı: svati, tsonqa, zulu və çitonqa. Digər iki dildə isə — Beliz kreolu və totonak dillərində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edildi. Məhdudiyyətlərə görə bacı-qardaşlar bir yerdə toplaşa bilməsə də, Müqəddəs Kitabı elektron formatda aldıqlarına görə çox sevinirdilər. Buraxılış nitqləri qabaqcadan yazıya alınmışdı. Bacı-qardaşlar ona videokonfrans və strim vasitəsilə baxdılar.

Svati, tsonqa və zulu

Rəhbərlik Şurasının üzvü Cefri Cekson svati dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin, eləcə də tsonqa və zulu dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrlərinin buraxılışını elan etdi. Bu üç kitab elektron formatda çıxıb (yuxarıdakı şəklə baxın). Xüsusi proqrama Cənubi Afrika Respublikası və Esvatinidəki bacı-qardaşlar baxıb.

Svati, tsonqa və zulu dillərində buraxılmış yeni Müqəddəs Kitabların üz qabıqları (soldan sağa)

Cənubi Afrika filialının ərazisində təxminən 18,5 milyon insan svati, tsonqa və zulu dillərində danışır. Həmin ərazidə 38 000-dən çox təbliğçi xidmət edir.

Çitonqa (Malavi)

Malavi filial komitəsinin üzvü Avqustin Semo çitonqa (Malavi) dilində tam Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi.

Çitonqa dilinə Müqəddəs Kitabın tərcüməsi iki ildən bir az çox müddətə ərsəyə gəlib. Tərcüməçilərdən biri deyib: «Çitonqa dilinin üç dialekti var. Bir ərazidə insanların istifadə etdiyi sözlər digər ərazilərdəki insanlar üçün tanış deyil. Biz əksəriyyətin başa düşdüyü sözlərdən istifadə etməyə çalışmışıq. Bundan əlavə, müəyyən söz və ifadələrə haşiyələrdə izahatlar yazmışıq».

Başqa tərcüməçi isə deyib: «Bacı-qardaşlar bu tərcümədən xidmətdə və yığıncaqda rahatlıqla istifadə edəcəklər, çünki onun dili aydın və sadə olduğu üçün onu oxumaq və başa düşmək çətin deyil».

Beliz kreolu

Mərkəzi Amerika filialının komitə üzvü Coşua Kilqore Beliz kreolu dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Proqrama 1300-dən çox insan qoşulmuşdu.

Tərcümənin üzərində 16 ay ərzində altı tərcüməçi işləyib. Onun özəllikləri barədə bir tərcüməçi deyib: «Nəhayət ki, bacı-qardaşlarda Müqəddəs Kitabın dəqiq və etibarlı tərcüməsi var. Onu oxumaqla indiyədək öyrəndiklərini daha aydın başa düşəcəklər».

Başqa tərcüməçi deyib: «COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda Beliz kreolu dilində danışan insanlar doğma dillərində Müqəddəs Kitabı oxuya biləcəklər. Bu Müqəddəs Kitab onlara təskinlik verəcək və gələcək sınaqlara hazırlaşmağa kömək edəcək».

Belizdə yığıncaq görüşlərini Beliz kreolu dilində keçirən 19 yığıncaq və 867 təbliğçi var. Üstəlik, daha 58 təbliğçi ABŞ-da bu dildə xidmət edir.

Totonak

Mərkəzi Amerika filialının komitə üzvü Cesse Perez qardaş totonak dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Proqrama filial ərazisindəki 50 totonakdilli yığıncaqdan 2200 insan qoşulmuşdu.

Tərcümə qrupu bu layihəni üç ildən bir az artıq vaxta bitirib. Bu tərcümə Meksikada totonak dilində danışan 250 000-dən çox insana təbliğ etməkdə əvəzedilməz kömək olacaq.

Totonak dilində olan digər Müqəddəs Kitab tərcümələrindən fərqli olaraq, bir tərcüməçinin dediyi kimi, İncilin «Yeni Dünya Tərcüməsi»ndə «gündəlik danışıq dili istifadə olunub». O əlavə edib: «İndi müxtəlif Müqəddəs Kitab mövzularını ərazimizdə yaşayan insanlara izah etmək daha asan olacaq».

Tərcümə qrupunun digər üzvü isə deyib: «Bacı-qardaşlar çoxdan belə bir Müqəddəs Kitabın arzusunda idilər. İndiyədək həftəiçi görüşlərdə tapşırıqları olan bəzi təbliğçilər ispan dilində olan Müqəddəs Kitabdan lazımi parçaları totonak dilinə özləri tərcümə edirdilər. Lakin indi İncildən olan hissələri tərcümə etməyə ehtiyac yoxdur».

Bu yeni tərcümənin səciyyəvi cəhətlərindən biri haşiyələrdir. Haşiyələrdə əsas mətndə istifadə olunan bəzi söz və ifadələrin sinonimləri gətirilir ki, totonak dilinin başqa dialektlərində danışanlar da onları başa düşsün. Bu səbəbdən bu kitab bütün totonakdilli oxucular üçün başa düşüləndir.

Doğma dillərində Müqəddəs Kitab alan bacı-qardaşlarımıza görə çox sevinirik. Biz bilirik ki, xidmətdə və şəxsi mütaliədə istifadə edəcəkləri bu ruhun qılıncı imanlarını daha da möhkəmləndirəcək (İbranilərə 4:12).