Kontentə keç

11 OKTYABR 2019-CU İL
DÜNYADAN XƏBƏRLƏR

2019-cu ilin illik görüşünün icmalı

2019-cu ilin illik görüşünün icmalı

5 oktyabr 2019-cu il tarixində Yehovanın Şahidlərinin Nyubörqda (ABŞ, Nyu-York ştatı) yerləşən Toplantı zalında Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) illik görüşü keçirilib. Rəsmi hissədən sonra, Rəhbərlik Şurası ruhani proqram təqdim edib. Proqramı digər məkanlardan qoşulanlarla birgə 20679 nəfər dinləyib. Aşağıda proqramın hər bir hissəsinin qısa icmalı gətirilib a.

«Bir rəhbəriniz var, o da Məsihdir»

Proqramın sədri Qerit Löş qardaş Mətta 23:10 ayəsinə əsaslanan nitqlə proqramı açıb. O, rəhbərimizin hər hansı insan yox, İsa Məsih olduğunu bir daha vurğulayıb.

Yardım xidmətimiz Yehovanın qayğısıdır

Stiven Let qardaş gülərüzlə verməyin vacibliyini qeyd etdi. Səxavət göstərməyin yollarından biri yardım işini dəstəkləməkdir. Let qardaş təbii fəlakətlərin vurduğu zərərin və 2018—2019-cu xidmət illəri ərzində aparılmış yardım işlərinin icmalını təqdim etdi. Təbii fəlakətlər 900000-dən çox bacı-qardaşımıza zərər vurub, 700-dən çox ibadət evi və bacı-qardaşlarımızın yaşadığı 15000-dən çox evə ziyan dəyib və ya dağılıb. Yehovanın Şahidləri yardım işinə 49,5 milyon dollardan çox pul xərcləyib.

Bu hissədə yardım işinə görə minnətdarlığını bildirən təbliğçilərlə bağlı videolar da göstərilib.

«Allahımız bizə yar olduğu üçün... gəlin işə başlayaq» | Video

Bu videoda Yehovanın Şahidlərinin bütün dünyada 80000-ə yaxın binaya qulluq etməsindən söz açılır. Orada həmçinin teokratik binalara texniki xidmət göstərmək, onları təmir və inşa etmək üçün apardığımız səmərəli işlər göstərilir.

«Əldə edilmiş əmlakın tarixinə baxış» | Video

Videoda ABŞ filialı və baş idarə üçün əmlakın seçilib alınmasında iştirak etmiş üç qardaşın — Maks Larson, Corc Kouç və Qilbert Nazarovun arxiv müsahibələri də göstərilir. Hər üç qardaş müxtəlif əmlakların əldə olunmasında Yehovanın əlini açıq-aydın gördükləri barədə danışır.

«Yeni inşaat layihəsi» | Video

Videoda elan olundu ki, Yehovanın Şahidləri audio-video materialları yalnız bir yerdə, Ramapoda (Nyu-York) inşa olunacaq yeni tikilidə istehsal etməyi planlaşdırır. Əmlak baş idarənin yerləşdiyi Vorvikdən (Nyu-York) təxminən 3 kilometr aralıda yerləşir. İnşa işlərinin 2022-ci ildə başlanması və 2026-cı ilin dekabr ayında tamamlanması planlaşdırılır. İnşa işlərinin ən qızğın vaxtında hər gün 1500 könüllüyə ehtiyac olacaq.

Ramapoda (Nyu-York) inşa ediləcək yeni Beytel binasının təqdimatı. Binada yeni studio, ofislər, yaşayış binaları və qonaqların qarşılanması üçün mərkəz olacaq

«Ərizə müraciəti üçün yeni proqram» | Video

Videoda göstərilir ki, 2020-ci ilin yanvar ayından başlayaraq xidmətini genişləndirmək istəyən təbliğçilər jw.org saytındakı ərizəni dolduraraq baxılması üçün yığıncağının ağsaqqallar şurasına göndərə biləcək.

JW.ORG saytındakı audiofayllara daxil olmağın yeni üsulu

Jw.org saytındakı seçilmiş audiofayllara indi Amazon Alexa və Google Assistant vasitəsilə daxil olmaq olar.

Şimaldan gələn hücum

Deyvid Spleyn qardaş Yuil kitabının 2-ci fəslindəki çəyirtkə sürüsü ilə bağlı peyğəmbərliyə aydınlıq gətirdi. «Gözətçi qülləsi» jurnalında bununla bağlı çıxacaq məqaləni səbirsizliklə gözləyirik.

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin təlim nəşri (Məttanın müjdəsindən Həvarilərin işlərinə kimi)

Müqəddəs Kitabın təlim nəşrinin vasitəsilə Müqəddəs Kitabı mütaliə edin

Samuel Hörd qardaş onlayn versiyada olan Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin təlim nəşrinin faydalarından danışdı. Sonra «Mətta»nın müjdəsindən «Həvarilərin işləri» kitabına kimi hissənin çap formatda buraxılışını elan etdi. Təbliğçilər kitabı öz yerli yığıncaqları vasitəsilə sifariş edə bilər.

İş çoxdur!

Entoni Moris qardaş qeyd etdi ki, həqiqi məsihilər üçün xoş xəbərin təbliği ən vacib tapşırıqdır. Teokratik binalar Rəhbərlik Şurasına təbliğ işinin təşkilində və Yehovanın xalqı üçün ruhani qidanın hazırlanmasında kömək edir. Entoni Moris qardaş «Gözətçi qülləsi»nin 15 noyabr 1976-cı il sayından növbəti təşviqedici sözləri sitat gətirdi: «“Böyük müsibət”in başlanması təbliğ işinin bütün sürətlə irəlilədiyi, ən yüksək həddə olduğu zamana təsadüf etməlidir. Ağamız İsa Məsihin hökmü icra etmək üçün gəlişi hətta Yehovanın xalqı üçün tamamilə gözlənilməz olacaq, lakin şübhə yoxdur ki, onlar həmin vaxt tam gücləri ilə teokratik işlərlə məşğul olacaqlar».

Nədən qorxmalıyıq?

Mark Sanderson qardaş izah etdi ki, İsa Məsihin peyğəmbərlik etdiyi kimi Allahın xalqına «bütün xalqlar... nifrət edəcək» (Mətta 24:9). Lakin qardaş bizi insanlardan deyil, Allahdan qorxmağa təşviq etdi (Zəbur 111:10).

Rusiyadakı təqiblərlə bağlı çox təsirli video göstərildi. Videoda bacı-qardaşlar təqib qorxularının öhdəsindən necə gəldiklərini danışırlar. Bu nitq və video Yehovanın xalqının bütün üzvlərini eyni ruhu inkişaf etdirməyə təşviq edir.

Tamamilə ayıqsınız?

Cefri Cekson qardaş İncildə hərfi mənada «ayıq» mənasını verən ifadənin yazıldığı ayələrin praktiki tətbiqindən danışdı. O həmçinin yaşadığımız son günlərdə hər vaxt ayıq olmağın vacibliyini vurğuladı (1 Butrus 1:13).

Qeydinə qalacaqsınız?

Kenet Kuk qardaş 2020-ci ilin ayəsini elan etdi. Bu, Mətta 28:19 ayəsidir: «Gedin... şagird hazırlayın, onları... vəftiz edin». O, səmimi-qəlbli insanlara həyatlarını Yehovaya həsr edib vəftiz olunmağa kömək etməyin vacibliyini vurğuladı.

İllik görüş kimi ruhani proqramlar bizi bundan sonra da Yehovaya ürəkdən xidmət etməyə təşviq edir.

a İllik görüşün tam proqramı 2020-ci ilin yanvar ayında jw.org saytına yerləşdiriləcək