10 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR
2020-ci ilin anma mərasimi. ABŞ Beyteli
7 aprel 2020-ci il tarixində, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda, bütün dünyada Yehovanın Şahidləri İsa Məsihin ölümünü anma mərasimini keçirib. Rəhbərlik Şurasının üzvü Stiven Let demişdi: «Heç bir virus və ya xəstəlik Yehovanın və İsa Məsihin göstərdiyi lütfə görə minnətdarlığımızı söndürə bilməz, nə də anma mərasimini qeyd etmək qətiyyətimizi sarsıda bilməz». Gəlin görək bu il bu sözlər necə gerçəkləşdi.
«Xəbərlər» bölməsində pandemiya zamanı dünyadakı bacı-qardaşlarımızın anma mərasimini necə qeyd etdikləri barədə məqalələr dərc ediləcək. Bu silsilədən olan ilk məqaləni sizə təqdim edirik. Bu məqalədə anma mərasiminin baş idarədə və ABŞ filialında necə qeyd edildiyindən söz gedəcək.
Hökumətin kütləvi tədbirlərlə əlaqədar qoyduğu məhdudiyyətlərə tabe olaraq Rəhbərlik Şurası qərar verdi ki, bütün Beytel ailəsi üçün bir proqram olacaq. Nitqi Vorvikdən Entoni Moris təqdim etmişdi. ABŞ-da Beytel ailəsinin bütün üzvləri proqrama öz otaqlarında baxırdılar. Simvollardan qəbul edənlərin sayı az olsa da, Beytel bürosu hamını şərab və çörəklə təmin etdi.
Beytellilər öz yığıncaqlarına videokonfrans vasitəsilə də qoşulub proqrama baxa bilərdilər. Ağsaqqal kimi xidmət edən beytellilərin isə həmçinin anma mərasiminin nitqini videokonfrans vasitəsilə təqdim etmək imkanı olub.
Beytel ailəsinin bir çox üzvləri deyirlər ki, bu, onların indiyədək iştirak etdikləri ən qeyri-adi anma mərasimi idi. Onlar bacı-qardaşları ilə bir məkanda olmasalar da, Allahımız Yehovanın və Onun sevimli Oğlu İsa Məsihin göstərdikləri ən böyük məhəbbətin təzahürünü yad edərkən bütün dünyadakı dindaşları ilə birlik hiss edirdilər (Yəhya 3:16; Mətta 20:28).