16 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR
2020-ci ilin anma mərasimi. Afrika
Proqram televiziya və radio vasitəsilə yayımlanıb
2020-ci ilin anma mərasimi teokratik tariximizdə ən qeyri-adi mərasim kimi yadda qalıb. İlk dəfə idi ki, anma mərasiminin proqramı Afrika qitəsinin bir çox ərazilərində bir neçə dildə radio və televiziya vasitəsilə yayımlanmışdı.
Bu cür təşəbbüs sayəsində 407000-dən çox təbliğçinin, eləcə də sayı məlum olmayan maraqlanan insanların anma mərasimi proqramına baxmaq və ya qulaq asmaq imkanı olub. Digər iştirakçıların sayı məlum olmasa da, proqramın yayımlandığı ərazidə 150 milyondan çox insan yaşayır.
COVID-19 pandemiyası ucbatından əksər insanlar anma mərasiminə videokonfrans vasitəsilə qoşulmuşdu. Lakin Afrikada bir çox təbliğçilərin yaşadıqları ərazidə internet və mobil telefon xidmətləri çox baha olduğundan onlar yayım təşkil edə və videolar yükləyə bilmir. Bu səbəbdən Rəhbərlik Şurası müəyyən filiallara icazə verdi ki, ağlabatan məbləğə yayım şirkətləri ilə anma mərasimi proqramının milli televiziya və radio vasitəsilə yayımlanması üçün müqavilələr bağlasın.
Həmin filiallar bunlardır: Anqola, Benin, Kamerun, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Qana, Malavi, Mozambik, Seneqal, Zambiya və Zimbabve. Bu 11 filial yayım şirkətləri ilə əlaqə saxlayaraq 16 ölkədəki 36 əraziyə anma mərasimi proqramının yayımlanması üçün müqavilələr bağladı.
Anqola
Ümumilikdə, altı radiostansiya növbəti altı dildə proqramı yayımlamağa razılaşdı: ibinda, kikonqo, kimbundu, nyaneka, portuqal və umbundu. Radiostansiyalar proqramı ölkənin ən sıx əhalisi olan bir neçə ərazisinə yayımladı.
Konqo Demokratik Respublikası
Müqəddəs Kitabı öyrənən bir qadın anma mərasimi proqramına tək baxmağı planlaşdırırdı, çünki ailəsinin Yehovanın Şahidlərindən xoşu gəlmirdi. Proqrama baxmaq vaxtı gələndə birdən onun atası qonaq otağından onu səslədi: «Gəl, başladı!» O, otağa girəndə bütün ailəsinin televizor qarşısında yığışıb proqrama baxmağa hazırlaşdığını görəndə çox təəccübləndi. Ümumilikdə, Müqəddəs Kitabı öyrənən bu qadının on ailə üzvü anma mərasimi proqramına baxdı.
Luena yaxınlığındakı kənddə Yehovanın Şahidi olmayan bir nəfər demişdi: «Bizim keşişlərimiz heç nə etmir. Lakin siz, COVID-19 pandemiyasına baxmayaraq, Allahınıza ibadət etməyə davam edirsiniz. Biz də sizə qoşulacağıq!»
Qana
Milli televiziya kanalı anma mərasiminin proqramını tvi dilində yayımlamağa razılıq verdi. Kanal hətta insanları mərasimə dəvət edən reklam çarxı da göstərdi. Anma mərasimindən əlavə, televiziya kanalı «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?» və «Nə üçün Allah zülmə son qoymur?» videolarımızı, eləcə də «Yeni dünya yaxın» və «Yeni dünya yaxındır» adlı iki videoklipimizi də nümayiş etdirdi.
Seneqal
Bir bacı deyib: «Televiziya və radioda Yehova haqqında danışırdılar. Bu, inanılmaz idi! Bu, böyük xeyir-dua idi. Sevincimiz yerə-göyə sığmırdı. Allahımızla qürur duyuruq!»
Başqa bir bacı isə deyib: «Anma mərasimi nitqinin televiziya vasitəsilə yayımlanacağını eşidəndə öz-özümə dedim: “COVID-19 pandemiyası ucbatından dəvət kampaniyasını keçirmək mümkün olmadı, lakin televiziya sayəsində çoxlu sayda insan mərasimə baxa biləcək”. Mən dərhal Müqəddəs Kitab dərsi keçdiyim insanlarla, təkrar söhbət etdiyim kəslərlə və Yehovanın Şahidi olmayan tanışlarımla əlaqə saxlayıb proqramın televiziya vasitəsilə yayımlanacağını dedim. Müqəddəs Kitab dərsi keçdiyim doqquz nəfər və onların ailə üzvləri nitqə baxdılar. Ziginşor şəhərində yaşayan bir qohumum proqrama televizorda baxandan sonra bu haqda söhbət etmək istədi. Və mən böyük məmnuniyyətlə onunla söhbət etdim».
Bəli, bütün bunlar bir daha göstərdi ki, «Allah üçün hər şey mümkündür» (Mətta 19:26).