Kontentə keç

Koreyada yaşayan O ailəsi birgə anma mərasimini qeyd edir. Ata iki qızı ilə birgə (solda) mərasimi evdə qeyd edirlər. Xəstəxanada müalicə alan anaları (sağda) isə videokonfrans vasitəsilə onlara qoşulub

22 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

2020-ci ilin anma mərasimi. Asiya

Yaponiya və Cənubi Koreyada yaşlı və xəstə bacı-qardaşlar, çətinliklərə baxmayaraq, mərasimdə iştirak edib

2020-ci ilin anma mərasimi. Asiya

Xəstəxanalarda yatan və qocalar evində yaşayan bacı-qardaşlarımız üçün COVID-19 pandemiyası ucbatından anma mərasimini qeyd etmək asan olmayıb. Əksəriyyəti olduqları yeri tərk edə bilmirdi və kənar şəxslərin onlara baş çəkməsi qadağan idi. Lakin çətinliklərə baxmayaraq, onlar ağsaqqalların köməyi sayəsində ilin ən mühüm hadisəsindən kənarda qalmadılar.

Cənubi Koreya

Nacu şəhərində 91 yaşlı bacımız Li Çom-sum, 88 yaşlı bacımız Kvon E-sum və həqiqətə maraq göstərən 96 yaşlı qadın birgə anma mərasimini qeyd etməyə qəti qərarlı idilər. Onların yaşadığı qocalar evindəki həkimlərdən biri Yehovanın Şahididir. Anma mərasimini evdə yığıncağı ilə birgə qeyd etdikdən sonra o, qocalar evinə qayıtdı. O, iki bacımıza və həmin maraqlanan qadına anma mərasimi proqramına saytımızdan baxmağa kömək etdi. Qardaş onlar üçün simvolları da təşkil etmişdi.

Iycenqbu şəhərində qardaşımız Çhve Ce-çhol 14 nəfər yaşlı bacı-qardaşımızın yaşadığı qocalar evində işləyir. Pandemiyaya baxmayaraq, qardaş orada yaşayan dindaşlarına və həqiqətə maraq göstərənlərə videostrim vasitəsilə anma mərasimini qeyd etməyə kömək etdi. İştirak edənlərin bəziləri ilə Müqəddəs Kitab dərsi başlandı.

59 yaşlı Kim Txe-son bacı Çhonan şəhərində yaşayır. Beş il bundan əvvəl onda xərçəng xəstəliyi aşkarlanıb. Şiddətli ağrılar ucbatından bu yaxınlarda onu xəstəxanaya qoydular. O, 69 yaşlı Kim Çon-mi adlı digər bacı ilə eyni palatada yatır. O, xərçəng xəstəliyinin son mərhələsindən əziyyət çəkir. Bacılarımız pandemiya zamanı xəstəxananı tərk edə bilmirlər. Ancaq ağsaqqalların köməyilə onlar videokonfrans vasitəsilə anma mərasimində iştirak edə və öz yığıncaqları ilə ünsiyyət edə bildilər.

Hər iki bacı məktub yazaraq ağsaqqallara ürəkdən gələn minnətdarlıqlarını bildirdi. Bacılar deyir: «Çox sağ olun ki, COVID-19 pandemiyasına və xəstəliyimizə baxmayaraq, siz bizə anma mərasimində iştirak etməyimiz və bacı-qardaşlarla ünsiyyətdə olmağımız üçün imkan yaratdınız».

Yaponiya

Yaponiyanın Mie prefekturasında yaşayan 70 yaşlı Mieko Fucivara adlı bacımız xəstəxanaya düşmüşdü. Xəstəxanada vayfay olmadığı üçün bacı yığıncağının videokonfrans vasitəsilə keçirdiyi anma mərasiminə qoşula bilmədi. Bununla belə, bir ağsaqqal və onun həyat yoldaşı anma mərasimi nitqini əvvəlcədən ona göndərdi və o, öz palatasında mərasimi qeyd etdi.

102 yaşlı Yuki Takeuçi bacımız Zama şəhərində (Kanaqava prefekturası) qocalar evində yaşayır. Anma mərasimindən əvvəl kürəkəni və qızı balaca bağlamada ona çörək və şərab göndərmişdi. Bunun sayəsində o, qızı və kürəkəni ilə birgə telefon bağlantısı vasitəsilə anma mərasimini qeyd etdi.

Bacımızın kürəkəni olan qardaşımız Mimura deyib: «Qayınanam 1954-cü ildə vəftiz olunub və o vaxtdan bir dəfə də olsun anma mərasimini buraxmayıb. Bu ilin anma mərasimi xüsusi olsa da, o çox sevinir ki, o da iştirak edə bildi».

Biz əminik ki, yaşlı və xəstə bacı-qardaşlarımızın ağsaqqalların köməyilə anma mərasimini qeyd etmək üçün çəkdikləri zəhmət Yehovanın diqqətindən yayınmayıb (İbranilərə 6:10).