Kontentə keç

21 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

2020-ci ilin anma mərasimi. JW.ORG

Rəsmi saytımıza daxil olanların sayında ən yüksək göstərici qeydə alınıb

2020-ci ilin anma mərasimi. JW.ORG

Bütün dünyada COVID-19 pandemiyası tüğyan etdiyi, eləcə də Yehovanın Şahidlərinin anma mərasimi zamanı xidmətlərini artırdıqları bir vaxtda getdikcə daha çox insan ruhani təsəlli, Müqəddəs Kitabdan məlumat əldə etmək və xəbərləri oxumaq üçün jw.org saytına müraciət edir. Mart ayında saytımıza daxil olanların sayı fevral ayı ilə müqayisədə 50 faizdən çox artıb. Müqəddəs Kitab dərsi keçmək istəyən insanların göndərdiyi sorğuların sayında da yeni yüksək say qeydə alınıb.

Pandemiya başlayandan sayta daxil olanların sayı tədricən artırdı. Fevral ayında gün ərzində saytımıza təxminən iki milyon insan daxil olurdu və bu, sayt üçün adi hal idi. Mart ayında bu say üç milyonu keçdi, koronavirusla bağlı xüsusi xəbərlər dərc olunan günlərdə isə daxil olanların sayı dörd milyon beş yüz mini keçirdi. Anma mərasimi günündə, 7 aprel 2020-ci il tarixində, sayta yeddi milyondan çox insan daxil olmuşdu, onların əksəriyyəti saytda xüsusi səhər ibadətinə və anma mərasimi nitqinə baxırdı.

Daxil olmalar: pandemiya zamanı jw.org saytına daxil olanların sayında xeyli artım olub. Ən yüksək say — yeddi milyondan çox daxil olma anma mərasimi günündə qeydə alınıb

Yehovanın Şahidlərinin baş idarəsində (Vorvik, Nyu-York) yerləşən MEPS proqramlaşdırma şöbəsinin nəzarətçisi Klayv Martin deyir: «Bu ərəfədə insanlar anma mərasiminin harada və nə vaxt keçiriləcəyi haqda məlumat əldə etmək üçün saytımıza daxil olurdu. Mərasimə qatılmaq istəyənlərin əksəriyyəti yığıncaqda keçirilən anma mərasimində iştirak edə bilməyəcəkdi. Bu səbəbdən biz 2020-ci ilin xüsusi nitqini və anma mərasimi nitqini 500-dən çox dildə saytda yerləşdirdik. Milyonlarla insan bu nitqləri yükləyib və ya baxıb. Dünyada hökm sürən bu böhran zamanı jw.org saytına çoxlu adamın daxil olması göstərir ki, bu saytın rolu böyükdür: sayt vasitəsilə ruhani göstərişləri və təsəllini yalnız Yehovanın Şahidləri deyil, digər insanlar da alırlar».

Yükləmələr: xüsusi nitqin yükləmə sayı (narıncı), anma mərasimi nitqinin yükləmə sayı (mavi)

Təəccüblü deyil ki, sayta daxil olan bir çox insanlar sağlamlıq, xəstəliklərdən qorunmağın yolları, o cümlədən stress və narahatçılıq barədə məlumat axtarır. Bundan əlavə, saytımızda ruhani mövzuda axtarış edənlərin sayında da artım qeydə alınıb: insanlar axırzamanın əlaməti və «Vəhy» kitabının 6-cı fəslindəki dörd atlı mövzusunda axtarışlar edirlər.

Müqəddəs Kitabı öyrənmək istəyənlərdən gələn onlayn sorğuların sayı da xeyli artıb. Adətən gündə təxminən 250 belə sorğu daxil olurdu. Lakin mart ayında bu say 40 faiz artaraq təxminən 350-ə çatdı, bu isə ayda təxminən 11000 nəfər deməkdir. Anma mərasimi ərəfəsində və ondan sonrakı gün ərzində 1000-dən çox Müqəddəs Kitab dərsləri üçün sorğu daxil oldu.

İsa Allaha ehtiyacları olduğunu dərk edənləri xoşbəxt adlandırıb (Mətta 5:3). Bu çətin zəmanədə bir çoxlarının Yehovaya və Onun təşkilatına təsəlli və ruhani dəstək üçün üz tutduqlarını görmək çox sevindiricidir (2 Korinflilərə 1:3, 4).