Kontentə keç

8 YANVAR 2021
DÜNYADAN XƏBƏRLƏR

2020-ci ilin ruhlandırıcı unudulmaz kampaniyası

2020-ci ilin ruhlandırıcı unudulmaz kampaniyası

2020-ci ilin noyabr ayında baş tutmuş xüsusi kampaniya Yehovanın Şahidlərinin tarixinə düşəcək. Pandemiya ucbatından çoxlarımız evdən çıxmırıq. Adi təbliğ üsullarını müvəqqəti təxirə salmaq lazım gəldi. Buna baxmayaraq, Yehovanın xalqı Padşahlığın bəyan edilməsi üçün təşkil olunmuş ümumdünya kampaniyanı uğurla başa vurdu. Yer kürəsinin bütün guşələrində milyonlarla Yehovanın Şahidi «Gözətçi qülləsi» jurnalının 2020-ci ilin 2-ci sayını iş adamlarına, dövlət məmurlarına, tədris işçilərinə, dost-tanışlarına, qohumlarına və digər adamlara paylamaq üçün xeyli zəhmət çəkdi. Qulaq asanlar kampaniya sayəsində çox şey öyrəndilər, bacı-qardaşlara isə kampaniya çoxlu sevinc gətirdi və hamı ruhlandı.

Bütün dünyadan olan bacı-qardaşlar ürək sözlərini bölüşdülər və kampaniya zamanı baş vermiş əhvalatları danışdılar. Onlardan bəzilərini sizə təqdim edirik.

AVSTRALAZİYA

Lusinda Förkin

Avstraliyada yaşayan və təzəlikcə vəftiz olunan on səkkiz yaşlı bacımız Lusinda Förkin yazır: «Kampaniyanın ən qızğın çağında səhhətimdəki ciddi problemlərdən əziyyət çəkirdim, amma hiss edirdim ki, Yehova məni ürəkləndirir, sanki əlimdən tutub mənə güc verirdi ki, dözə bilim».

Yeni Zelandiyada yaşayan qardaş kampaniyanın ailəsinə təsirindən danışdı: «Mənim 7, 9, 11 və 13 yaşlarında dörd qızım var. Biz ümumdünya kampaniyaya sevən Atamız Yehovadan şəxsi tapşırıq kimi baxırdıq. Fikir verdim ki, bu, ailəmizə hər gün təbliğdə fəal olmağa kömək edirdi».

BOTSVANA

Rayon nəzarətçisi Kaqiso Marumo və onun həyat yoldaşı Lidiya jurnalın elektron nüsxəsini qohumlarına göndərdilər. Bir neçə nəfər onlara minnətdarlıq bildirdi. Kaqisonun həkim işləyən bir qohumu jurnalın düz vaxtında gəldiyini dedi. Qadın izah etdi ki, onun xəstələri arasında Allah və Müqəddəs Kitabla maraqlananlar var, uşaqları isə cindarlıqla məşğul olur. Ər-arvad qohumu ilə əlaqə saxlayıb elə həmin axşam ona Müqəddəs Kitab dərsi keçməyə başladı. İndi onlar həftədə iki dəfə dərs keçirlər.

Kaqiso Marumo həyat yoldaşı Lidiya ilə

KANADA

Soroya Tompson

Ontarioda yaşayan öncül bacımız Soroya Tompson yazır: «Bu kampaniya fikrimi bir daha ən vacib işə yönəltdi və göstərdi ki, hələ görüləsi çox iş var. Mən bir daha əmin oldum ki, Yehova insanları sevir və kiminsə məhv olmasını istəmir. Ona görə çalışırdım ki, kampaniya zamanı var gücümlə xidmət edim».

Britaniya Kolumbiyasında yaşayan digər bacı isə deyir: «Belə bir gərgin vaxtda bədbin hisslərdən qurtulmaq üçün köməkçi öncüllük götürdüm. Halım xeyli yaxşılaşdı. Bunun ailə üzvlərimə də xeyri oldu».

Kanada filialının məlumatına əsasən, kampaniya ailə tellərini möhkəmləndirdi. Uşaqlar sadə məktublar yazır, böyüklərə ünvanları tapmağa, onları zərflərin üzərinə yazmağa və zərfləri markalamağa kömək edirdilər. Uşaqlar hiss edirdilər ki, onlardan xidmətdə fayda var.

FİNLANDİYA

Səyyar xidmətdə olan Timo Tuomisto qardaş və onun həyat yoldaşı Eva deyir: «Şimal bölgələrdə noyabr ilin ən qaranlıq ayıdır. Bacı-qardaşlara, xüsusilə də öncüllərə bu qaranlığa nur saçan kampaniyada iştirak etmək böyük sevinc gətirdi».

Timo Tuomisto yoldaşı Eva ilə

Bir ər-arvad jurnalı göndərdikləri tanışlarından minnətdarlıq məktubu aldı. Məktubda deyilirdi: «Bu gün [Müqəddəs Yazıların] “Yaqub” bölməsini oxuyurdum. Orada deyilir ki, əməlsiz iman ölüdür. Yehovanın Şahidləri insanlarla Müqəddəs Kitab təlimləri barədə həmişə danışırlar. Onlar imanı möhkəmləndirən işlər görür».

YUNANISTAN

Yunanıstan filialı yazır: «İnsanların çoxu pandemiyadan, onunla bağlı məhdudiyyətlərdən və təcrid rejimindən yorulub. Kampaniya sanki onların qəlbinə sərin su səpdi. Çoxları kampaniyaya “ruhani oazis” adı qoyub!»

Syüzi Kontarqiri

Syüzi Kontarqiri adlı bir bacı, xəstəliyinə və imanına şərik olmayan ailə üzvləri ilə bir evdə yaşamasına baxmayaraq, öncül olmaq qərarına gəldi. O deyir: «Kampaniya mənfi fikirləri məndən uzaqlaşdırdı. Səhərlər nikbin əhval-ruhiyyə ilə oyanırdım, ev işlərimi görürdüm, yemək bişirirdim, ərimə quluq edirdim, sonra xidmətimə başlayırdım. İmanıma şərik olmayan ərim tez-tez soruşurdu: “Bu gün xidmət etməyəcəksən?” Çünki o, hər gün bacılarla sevinclə xidmət etməyimə öyrəşmişdi».

YAPONİYA

Tamaki Hirota məmurlara məktub yazırdı. O deyir: «Məktub vasitəsilə şahidlik etməyin təməlini Yehova qoyub. O, bəşəriyyətə 66 məktub yazıb. İnsanlar ömür boyu bu məktubları təkrar-təkrar oxuyaraq Allaha yaxınlaşır. Yehova bu üsulun nə qədər təsirli olduğunu bilir. Bu kampaniya unudulmaz idi».

Tamaki Hirota

ŞRİ-LANKA

Bacılarımız Meharaca Vicayaya və İmayanatan Amutaya təsadüfən eyni ünvana məktub yazmaq tapşırılmışdı. Həmin ünvanda yaşayan kişi birinci məktubu açmadan atdı. Sonra ikinci məktub gəldi. O düşündü ki, məktub ikinci dəfə gəlibsə, deməli, orada vacib nəsə var. Kişi jurnalı oxudu, ikinci məktubu göndərdiyi bacıya zəng etdi və Müqəddəs Kitabı öyrənməyə razılaşdı.

Soldan sağa: Meharaca Vicaya və İmayanatan Amuta

Bir məmur-qadın məktub aldıqdan sonra Şri-Lanka filialı ilə əlaqə saxladı. O dedi ki, xristian olsa da, indiyə qədər Yehovanın Şahidlərinə rast gəlməyib. Jurnal və saytımız barədə xoş sözlərindən sonra o soruşdu: «Mən necə Yehovanın Şahidi ola bilərəm?» Qardaşlar dərhal onunla əlaqə saxlanılması üçün tədbir gördülər.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI

13 yaşlı gənc təbliğçi oğlan siyasi məsələlərinin tez-tez müzakirə olunduğu məktəbdə oxuyur. Noyabrda keçirilmiş xüsusi kampaniyanın ona xeyri barədə o deyir: «Özümdə daha çox əminlik hiss etdim, müəllimə nəyə görə bitərəf qaldığımı izah edə bildim. Bundan sonra imanım daha möhkəm oldu».

Margit Harinq

Margit Harinq bacı da eyni fikirdədir. O yazır: «Cəsarətim artdı, xidmətə daha çox can yandırmağa başladım. İş adamlarına və dövlət məmurlarına təbliğ etmək barədə düşünəndə məni tər basırdı. Həlimliklə əqidəmi müdafiə etmək gələcək üçün yaxşı hazırlıqdır».

Bir ağsaqqal deyir: «Səhhətlərindəki ciddi problemlərə baxmayaraq, öncül kimi xidmət edən bacı-qardaşların sayı məni çox təəccübləndirdi. Onlar özlərini yazıqlamaq əvəzinə, kampaniyada iştirak etmək fürsətini əldən vermədilər. Onların sevincini, Yehovaya və bacı-qardaşlara minnətdarlığını görən çoxlarının gözləri yaşarırdı».

Bütün dünyadan gələn bu kimi hadisələrin və minnətdarlıq sözlərinin sayı-hesabı yoxdur — hamısı barədə yazmağa yer bəs etməz. Biz çox şadıq ki, Padşahlıq xəbəri milyonlarla insana çatdırıldı (Yəhya 15:11).