Kontentə keç

31 AVQUST 2020
DÜNYADAN XƏBƏRLƏR

2020-ci xidmət ilinin mühüm hadisələri

2020-ci xidmət ilinin mühüm hadisələri

2020-ci xidmət ilində bütün dünyada Yehovanın Şahidləri xidmətlərində indiyə qədər üzləşmədikləri çətinliklərlə üzləşdilər. Buna baxmayaraq, onlar sadiq və yekdil qalmaqda əzmli olduqlarını göstərdilər.

Əsas çətinliklər COVID-19 pandemiyası ilə bağlı idi. Bu cür çətinliklər bəşər tarixində çoxdandır olmayıb.

Yehovanın Şahidləri dərhal tədbirlər görməyə başladılar. Onlar birgə ibadət etmək, bir-birilərini ruhlandırmaq və xoş xəbəri təbliğ etməyə davam etdirmək üçün yeni üsullar tapdılar.

Aşağıda bu qeyri-adi ildə aldığımız «şad xəbər»lərin bəzilərini təqdim edirik (Məsəllər 15:30).

Müqəddəs Kitab buraxılışları

Ötən xidmət ili ərzində təşkilatımız Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni tam və ya onun müəyyən hissələrini 36 dildə dərc edib. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər ucbatından Müqəddəs Kitabların buraxılışları barədə əsasən virtual formatda keçirilmiş görüşlərdə elan olunub. Tam «Yeni Dünya Tərcüməsi» və ya onun müəyyən hissələri artıq 193 dilə tərcümə olunub.

Rəhbərlik Şurasının müraciətləri

18 mart 2020-ci il tarixindən başlayaraq rəsmi saytımızda və «JW Library» tətbiqimizdə Rəhbərlik Şurasının üzvlərinin pandemiya ilə bağlı xüsusi aylıq müraciətləri çıxır.

Birinci müraciətdə Stiven Let qeyd etmişdi ki, pandemiya narahatçılıq törətsə də, bu, axırzamanın axırında, yəni axırzamanın axırının lap axırında, sonunun sonunda yaşadığımıza dair güclü sübutdur.

Stiven Let qardaş həmçinin deyib ki, zamanın qeyri-müəyyənliyinə baxmayaraq, Yehovanın xalqı olan bizlər təlaşa düşməməliyik.

Hər müraciətə bütün dünyadan ruhlandırıcı məlumatlar da daxil edilmişdi. Bu müraciətlər Rəhbərlik Şurasından gələn göstərişlərə əməl etməyin nə qədər müdrik hərəkət olduğunu göstərir. Bir çox hallarda hakimiyyət nümayəndələri qardaşlarımızı pandemiya ilə əlaqədar vaxtında gördükləri müdrik tədbirlərə görə tərifləyib.

Unudulmaz anma mərasimi

Yehovanın Şahidləri anma mərasimini qeyd etmək üçün bu ilə qədər müxtəlif məkanlarda yığışırdılar. Bu il isə bir çox ölkələrdə birgə toplaşmaq tövsiyə edilmirdi, yaxud qadağan edilmişdi. Ona görə çoxları anma mərasiminin simvollarını özləri hazırlamış və nitqə videokonfrans vasitəsilə baxmışdı.

Bəzi ərazilərdə nitqə videokonfrans vasitəsilə baxmaq mümkün deyildi. 11 Afrika filialının nəzdində olan ərazilərdə anma mərasiminin proqramı televiziya və radio vasitəsilə yayımlanmışdı. Bunun sayəsində 407 000-dən çox təbliğçi və saysız-hesabsız digər insanlar proqramı izləyə bilmişdi.

Yığıncaq görüşlərinin tele- və radioyayımı

Anma mərasimindən sonra Rəhbər Şurası müəyyən filiallara yığıncaq görüşlərini eyni üsulla yayımlamağa icazə verdi. Bunun sayəsində kasıb ərazilərdə yaşayan təbliğçilər həftəlik yığıncaq görüşlərini radio və televiziya vasitəsilə izləyir. İndiyə qədər Afrika, Avropa, Şimali və Cənubi Amerikada yerləşən 23 filial bu imkandan yararlanaraq yığıncaq görüşlərini yayımlayır.

Yardım komitələri

COVID-19 pandemiyası ucbatından bir çox bacı-qardaşlarımızın dolanışığı çətinləşib. Onların zəruri ehtiyaclarını təmin etmək üçün bütün dünyada 400-dən çox Zərərçəkənlərə yardım komitəsi təyin edilib. 2020-ci xidmət ili ərzində Rəhbərlik Şurası 330 000-dən çox təbliğçiyə yardım göstərmək üçün 18 milyon dollardan çox pul ayırıb.

Virtual toplantılar

Yehovanın Şahidlərinin tarixində ilk dəfə idi ki, regional toplantı virtual formatda keçirilmişdi. Rəhbərlik Şurasının üzvləri və onların köməkçiləri çıxış edirdilər. Nitqlər qabaqcadan yazıya alınmış və 500-dən çox dilə tərcümə edilmişdi. Toplantı proqramına jw.org saytında və «JW Library» tətbiqində baxmaq olardı. Bunun sayəsində təbliğçilər və həqiqətə maraq göstərənlər sağlamlıqlarını təhlükəyə atmadan toplantıya evlərində baxa bildilər.

Təqiblər davam edir

Pandemiyanın törətdiyi çətinliklərdən əlavə, bəzi ölkələrdə təqiblər də artıb.

Rusiyada son bir il ərzində yüzlərlə Yehovanın Şahidlərinin evlərinə qanunsuz reydlər keçirilib, çoxları həbs olunub. Hal-hazırda Rusiyada 42 nəfər, Krımda isə 2 nəfər həbsdədir. Rusiya Ali Məhkəməsinin 2017-ci ildə çıxardığı qərardan sonra dindaşlarımızın yaşadığı 1000-dən çox evə reyd keçirilib.

Əqidələrinə görə həbsdə olanların sayına görə Eritreya birinci yerdədir. Orada hal-hazırda 52 nəfər dindaşımız həbsdə saxlanılır. Onların arasında əqidəyə görə hərbi xidmətdən imtina etdikləri üçün 17 sentyabr 1994-cü ildən həbsdə saxlanılan Paulos Eyasu, İsaak Moqos və Negede Teklemariam da var. 26 digər bacı-qardaş on ildən çoxdur həbsdədir.

Biz əqidələrinə görə həbsdə olan bacı-qardaşlarımız üçün cəsarət diləyirik. Onlar sınaqlara imanla tab gətirməklə Yehovaya sadiq olduqlarını göstərirlər (Vəhy 2:10).

Təslim olmuruq

Ötən xidmət ili ərzində biz insanlara şahidlik verməyin, bacı-qardaşları ruhlandırmağın yeni üsullarını öyrəndik, eləcə də Rəhbərlik Şurasının və hökumətin göstərişlərinə dəqiqliklə riayət edirdik. Bununla Yehovaya sadiq olduğumuzu göstərdik.

Yehovaya məhəbbətimizi təzahür etdirməyə heç nə mane ola bilməz. Bu sınaqlar bizi qarşıda gözləyən daha böyük sınaqlara hazırlayır (Yaqub 1:2, 3).