Kontentə keç

11 SENTYABR 2024
DÜNYADAN XƏBƏRLƏR

2024-cü ilin avqust ayında yeddi dildə Müqəddəs Kitab işıq üzü gördü

2024-cü ilin avqust ayında yeddi dildə Müqəddəs Kitab işıq üzü gördü

İbinda dili

2024-cü il 2 avqust tarixində Anqola filial komitəsinin üzvü Karlos Ortelao qardaş İncilin «Yeni Dünya Tərcüməsi»nin, eləcə də «Yaradılış», «Rut», «Əstər» və «Yunus» bölmələrinin ibinda dilində işıq üzü gördüyünü elan etdi. Bu elan Anqolanın Kabinda şəhərində keçirilən «Müjdəni bəyan edin!» adlı regional toplantının birinci günündə səsləndi. Proqramda canlı iştirak edən 953 nəfərin hamısı İncilin «Yeni Dünya Tərcüməsi»nin çap olunmuş versiyasını əldə etdi. Nəşrləri elektron formatda dərhal jw.org saytından və «JW Library» tətbiqindən yükləmək mümkün oldu.

Anqolada 716 000-dən çox ibindadilli insan yaşayır. İlk dəfədir ki, Müqəddəs Kitab ibinda dilinə tərcümə olunub. 13 ibindadilli yığıncaq və bir qrupda xidmət edən 335 dindaşımız Allahın Kəlamının doğma dillərində olduğuna çox sevinirlər.

Zimbabve jest dili

2024-cü il avqustun 9-u Zimbabve filial komitəsinin üzvü Enerci Matanda qardaş Zimbabvenin Harare şəhərində keçirilən «Müjdəni bəyan edin!» adlı regional toplantıda İncilin «Yeni Dünya Tərcüməsi»nin Zimbabve jest dilində buraxılışını elan etdi. Ümumilikdə, toplantıda 405 nəfər iştirak etdi. Nəşri dərhal jw.org saytından və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.

Müqəddəs Kitabın «Mətta» bölməsi Zimbabve jest dilində 2021-ci ildə buraxılmışdı. Həmin vaxtdan etibarən İncilin digər bölmələri tədricən işıq üzü görməyə başladı. Hesablamalara görə Zimbabve jest dilinin təxminən bir milyon daşıyıcısı var. Bu saya bütün Zimbabvedə 11 jestdilli yığıncaq və 11 qrupda fəaliyyət göstərən 377 bacı-qardaşımız da daxildir.

Bolqar dili

2024-cü il avqustun 11-də Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş Bolqarıstanın Sofiya şəhərində keçirilən «Müjdəni bəyan edin!» adlı xüsusi toplantının sonuncu nitqində möhtəşəm bir xəbər elan etdi. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasının «Mətta», «Mark» və «Luka» bölmələri bolqar dilində işıq üzü gördü. Toplantıda 5418 nəfər iştirak etmişdi. Hər üç bölməni dərhal jw.org saytından və «JW Library» tətbiqindən yükləmək mümkün oldu.

«Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» bolqar dilində ilk dəfə 2009-cu ildə dərc olunmuşdu. Bu gün Bolqarıstanda təxminən 3000 dindaşımız 57 yığıncaqda xidmət edir.

Aca dili

2024-cü il avqustun 16-sı Qərbi Afrika filial komitəsinin üzvü Bua Silvan qardaş «Mətta» və «Mark» bölmələrinin aca dilində çıxdığını elan etdi. Bu xəbər Beninin Cakotomey şəhərində keçirilən «Müjdəni bəyan edin!» adlı regional toplantıda səsləndi. Toplantıda 631 nəfər canlı iştirak etmişdi, Abomey-Kalavi şəhərindəki toplantı zalından isə 435 nəfər xüsusi nitqi videokonfrans vasitəsilə izləmişdi. Hər iki bölməni dərhal jw.org saytından və «JW Library» tətbiqindən yükləmək mümkün oldu.

Benin və Toqoda 1,2 milyondan çox insan aca dilində danışır. İncilin aca dilində digər iki tərcüməsi də mövcuddur. Lakin onları əldə etmək çətindir və kitabın dili oxucuların əksəriyyəti üçün qəlizdir. Bundan əlavə, hər iki tərcümədə Allahın adı Yehova ümumiyyətlə istifadə olunmur. Bu gün Benində 25 acadilli yığıncaqda və 1 qrupda, eləcə də Toqoda 12 yığıncaq və 2 qrupda 1300 təbliğçi xidmət edir. Hamı Allahın adının yazıldığı bu aydın tərcüməyə görə çox şaddır.

Kinyaruanda dili

2024-cü il avqustun 16-sı Rəhbərlik Şurasının üzvü Cefri Vinder qardaş «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasının kinyaruanda dilində çıxdığını elan etdi. Bu elan Ruandanın Kiqali şəhərində «Müjdəni bəyan edin!» adlı regional toplantının birinci günündə səsləndi. Toplantıda canlı iştirak edənlərin sayı 9908 nəfər idi, 1141 nəfər isə digər iki məkandan qoşulmuşdu. Bütün iştirakçılara Müqəddəs Kitab nüsxələri paylanıldı. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin kinyaruanda dilində yenidən baxılmış versiyasının audioyazılarını və elektron formatını jw.org saytından və «JW Library» tətbiqindən dərhal yükləmək mümkün oldu.

Ruandada 13 milyondan çox insan kinyaruanda dilində danışır. Bu dil Konqo Demokratik Respublikası, Tanzaniya və Uqandada işləkdir. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» kinyaruanda dilində ilk dəfə 2010-cu ildə dərc olunmuşdu. Hal-hazırda Ruandada 634 kinyaruandadilli yığıncaqda 35 500-dən çox bacı-qardaşımız xidmət edir.

Sinqal dili

2024-cü il avqustun 16-da Şri-Lankanın Kolombo şəhərində «Müjdəni bəyan edin!» adlı regional toplantının ilk günündə Rəhbərlik Şurasının üzvü Deyvid Spleyn qardaş 4273 iştirakçının qarşısında çıxış edərək «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasının sinqal dilində buraxılışını elan etdi. Bu çıxışı həm də Şri-Lankanın Çilav şəhərində keçirilən toplantıda 1045 nəfər videokonfrans vasitəsilə izləmişdi. Hər iki toplantının iştirakçılarına sinqal dilində «Yeni Dünya Tərcüməsi»nin çap nüsxələri paylandı. Nəşri həmçinin elektron formatda jw.org saytından və «JW Library» tətbiqindən dərhal yükləmək mümkün oldu.

Yehovanın Şahidləri Müqəddəs Kitab nəşrlərinin sinqal dilinə tərcüməsinə 75 il bundan əvvəl başlamışlar. Bu gün Şri-Lankada 15 milyondan çox insan sinqal dilində danışır.Onların arasında 62 sinqaldilli yığıncaqda xidmət edən 4808 bacı-qardaşımız var.

Uvea dili

2024-cü il avqustun 30-da Yeni Kaledoniya filial komitəsinin üzvü Martin Dekuzyu qardaş «Müjdəni bəyan edin!» regional toplantısında «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tam versiyasının uvea dilində buraxılışını elan etdi. Toplantı Yeni Kaledoniyanın Numea şəhərində, həmçinin Uollis və Futuna adalarının Malae kəndində keçirilmişdir. Həmin ərazi videokonfrans vasitəsilə baş toplantıya qoşuldu. «Yeni Dünya Tərcüməsi»nin çap nüsxəsi 317 iştirakçının hamısına paylanıldı. Müqəddəs Kitabı həmçinin jw.org saytından və «JW Library» tətbiqindən dərhal yükləmək mümkün oldu.

İncilin «Yeni Dünya Tərcüməsi» uvea dilində 2018-ci ildə işıq üzü görmüşdü. Yeni Kaledoniyada, həmçinin Uollis və Futuna adalarındakı iki uveadilli yığıncaqda xidmət edən 153 bacı-qardaşımız bu ərazilərdə yaşayan və uvea dilində danışan 35 000-dən çox insana «Yeni Dünya Tərcüməsi» vasitəsilə böyük sevinclə xoş xəbəri çatdıracaqlar.