5 AVQUST 2024
DÜNYADAN XƏBƏRLƏR
2024-cü ilin iyul ayında on dildə Müqəddəs Kitab işıq üzü gördü
Malavi jest dili
5 iyul 2024-cü ildə Malavi filial komitəsinin üzvü Kolin Karson qardaş İncilin «Yeni Dünya Tərcüməsi»nin Malavi jest dilində işıq üzü gördüyünü elan etdi. Bu elan Malavinin Lilonqve şəhərində «Müjdəni bəyan edin!» adlı regional toplantının birinci günündə səsləndi. Toplantıda 331 nəfər canlı iştirak etmişdi. Nəşri elektron formatda dərhal jw.org saytından və «JW Library Sign Language»tətbiqindən yükləmək mümkün oldu.
İncilin «Yeni Dünya Tərcüməsi» ilk dəfə idi ki, tam şəkildə Malavi jest dilinə tərcümə olunub. Bu dildə 400 000-dən çox insan danışır. Hal-hazırda Malavinin 16 jestdilli yığıncaq və 8 qrupunda 600-dən çox bacı-qardaş xidmət edir.
Çibemba dili
19 iyul 2024-cü ildə Rəhbərlik Şurasının üzvü Qeyc Fliql qardaş çibemba dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasının çap olunduğunu elan etdi. Bu elan Leviy Mvanavasa stadionunda (Zambiya, Ndola) «Müjdəni bəyan edin!» adlı regional toplantının birinci günündə səsləndi. Ümumilikdə toplantıda 23 336 nəfər canlı iştirak etmiş, 5920 nəfər isə toplantının keçirildiyi digər beş məkandan videokonfrans vasitəsilə qoşulmuşdu. Bütün iştirakçılara nəşrin çap olunmuş versiyası paylanıldı. Müqəddəs Kitabın elektron versiyasını, eləcə də «Rut», «1 Yəhya», «2 Yəhya» və «3 Yəhya» bölmələrinin audio yazısını elandan dərhal sonra yükləmək mümkün oldu.
Çibemba dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» ilk dəfə 2008-ci ildə işıq üzü görmüşdü. Zambiyada ümumilikdə dörd milyon adam çibemba dilində danışır. Bu saya ölkə üzrə 1856 yığıncaq və 8 qrupda xidmət edən 131 351 bacı-qardaş da daxildir.
Kiçe dili
19 iyul 2024-cü ildə Mərkəzi Amerika filialının komitə üzvü Xose Tores qardaş kiçe dilində Müqəddəs Kitabın «Mətta» bölməsinin işıq üzü gördüyünü elan etdi. Bu, Qvatemalanın San-Lukas-Sakatepekes şəhərində keçirilən «Müjdəni bəyan edin!» adlı regional toplantıda baş verdi. Toplantıda iştirak edən 405 nəfərin hamısı nəşrin çap olunmuş versiyasını əldə etdi. Nəşri elektron formatda dərhal jw.org saytından və «JW Library» tətbiqindən yükləmək mümkün oldu.
Kiçe dilində bir milyondan çox insan danışır. Onların əksəriyyəti Qvatemalada yaşayır. Məhz burada 2010-cu ildə ilk kiçedilli yığıncaq yaranmışdı. Hal-hazırda ölkə üzrə 16 yığıncaqda 387 dindaşımız xidmət edir.
Çuabo/makua-metto/makua-şirima/nsenqa (Mozambik)/pimbi/teve/tsva dilləri
28 iyul 2024-cü ildə Mozambikin Maputu şəhərinin Zimpeto Milli stadionunda xüsusi görüş keçirildi. Görüşdə 26 025 nəfər canlı iştirak etdi. Bundan əlavə, 16 fərqli məkandan 64 570 nəfər görüşə videokonfrans vasitəsilə qoşuldu.
Bu görüşdə Qeyc qardaş bir neçə tərcümənin dərc olunduğunu elan etdi. Elandan dərhal sonra həmin nəşrləri həm çap, həm də elektron formatda əldə etmək mümkün oldu. Qardaş Müqəddəs Kitabın «Mətta» bölməsinin makua-metto, makua-şirima, nsenqa (Mozambik) dillərində, İncilin «Yeni Dünya Tərcüməsi»nin çuabo, pimbi, teve dillərində və «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tsva dilində işıq üzü gördüyünü elan etdi.
Bu yeni tərcümələr də daxil olmaqla, indi «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» tam və ya qismən 300 dildə mövcuddur.