Kontentə keç

Qardaşımız Aleksandr Ursu

4 DEKABR 2020
DÜNYADAN XƏBƏRLƏR

80 yaşlı Aleksandr Ursunun sadiqlik yolu

80 yaşlı Aleksandr Ursunun sadiqlik yolu

«Yehova o vaxtlarda qeydimizə qalırdı. Bu gün də bizi tərk etməyəcək».

15 noyabr 2018-ci il tarixində o vaxt 78 yaşı olan Cankoy (Krım) sakini qardaşımız Aleksandr Ursu oğlu Viktoru qarşılamaq üçün evdən çölə çıxdı. Darvazanın arxasında parlaq işıq gördü. Aleksandr ehtiyatla işığa doğru getdi. Birdən: «Yerindən tərpənmə! Polis!» — deyə kiminsə qışqırdığını eşitdi.

Aleksandr elə bildi ki, qardaşlardan kimsə onunla zarafat edir. Lakin çox keçməmiş yanıldığını başa düşdü. Maskalı kişi onun əlindən bərk yapışıb arxaya burdu. Başqa bir maskalı kişi onu çənəsindən vurdu. Avtomatlarla silahlanmış altı FTX əməkdaşı Aleksandrın və Viktorun üstünü axtardı və sonra evə soxuldu.

Bu zaman Aleksandrın yoldaşı Nina mətbəxdə idi. Zabitlərdən biri onun mobil cihazını əlindən alıb orada nəyə baxdığını soruşdu. Axtarış bir neçə saat çəkdi, lakin basqınçılar federal ekstremist materiallar siyahısında olan bir dənə də olsun nəşr tapmadılar.

Aleksandr Ursu həyat yoldaşı Nina ilə (2020-ci il)

Xoşbəxtlikdən, yaşlı qardaşımızı tutmadılar. Bununla belə, Aleksandr, eləcə də Rusiyada və Krımda yaşayan bütün dindaşlarımız bilir ki, hər an polis onların evinə basqın edib həbs edə bilər. Aleksandr qardaş bu cür qeyri-müəyyən vəziyyətin ona təsir etməməsi üçün zəngin ruhani irsi və Sovet hakimiyyəti dövründə təqiblərin öhdəsindən necə gəldiyi barədə düşünür.

6 iyul 1949-cu il tarixində, Aleksandr qardaşın doqquz yaşı olanda, Sovet əsgərləri səhərin gözü açılmamış onların evinə soxulub axtarış apardılar. Əsgərlər əşyaları evin ortasına atıb yığışmağı əmr etdilər. Aleksandr xatırlayır: «Əsgərlər görməyəndə anam Müqəddəs Kitab nəşrlərini, o cümlədən “Allahın arfası” kitabını əşyaların arasında gizlətdi». Əsgərlər bütün ailəni dəmiryolu stansiyasına apardı.

Onları və digər Şahidləri vaqonlara salıb Sibirə göndərdilər. «Təzə evlərinə» doğru yol boyunca onlar cəsarətlə həmd nəğmələri oxuyurdular. 1949—1951-ci illərdə Sibirə minlərlə bacı-qardaş sürgün edilmişdi.

1950-ci illərdə Sibirdə qardaşlar fermalarda gizli görüşlər keçirirdi. Bəziləri görüşdə iştirak etmək üçün ailələri ilə birgə piyada 20 kilometr yol gedirdi.

Aleksandr qardaşın zəngin ruhani irsi var. Onun ata tərəfdən ulu babası Makar, babası Maksim, Maksimin qardaşı Vladimir və atası Pyotr onun üçün sadiq qalmaqda və dözüm göstərməkdə gözəl nümunə olub.

Soldakı şəkil (saat əqrəbi istiqamətində): Aleksandr Ursu oğlu Viktor ilə qucağında, yoldaşı Nina, Aleksandrın anası Nadejda, atası Pyotr Dina ilə (Aleksandrın qızı) qucağında. Sağdakı şəkil: Vladimir Ursu — Aleksandrın ata tərəfdən babası Maksimin qardaşı. Hər ikisi sonadək sadiq qalaraq həbsxanada vəfat edib

1944-cü ildə Aleksandrın atası hərbi xidmətdən imtina etdiyinə görə on il həbsə məhkum edilmişdi. Üç ildən sonra o, evə qayıtdı, çünki onurğası sındığına görə iflic qalmışdı. Atasının Davud, Calut, Davudla Yonatanın dostluğu barədə necə danışdığı bu günədək Aleksandrın yadındadır.

Aleksandr qardaş deyir: «Babamın qardaşı Vladimir “WBBR” radiostansiyasına qulaq asırdı və Müqəddəs Kitab nəşrləri alırdı. O vaxtlar radioya sahib olmaq qadağan idi, bu səbəbdən babamın qardaşı anbarda gizli bunker tikib orada maraqlanan insanlarla birgə “WBBR” radiostansiyasının verilişlərinə qulaq asırdı».

1940-cı illərdə özünü həqiqətlə maraqlanan insan kimi qələmə vermiş bir nəfər bunkerin yeri barədə hakimiyyət orqanına məlumat verdi. Aleksandrın babasını və qardaşını həbs edib doğma kəndlərindən təxminən 80 kilometr uzaqlıqda yerləşən Xotin şəhərindəki (Qərbi Ukrayna) həbsxanaya apardılar.

Aleksandr xatırlayır: «Nənəm həbsxanada onlara baş çəkirdi. Oradan qayıdanda nənəm döyülmələrinə baxmayaraq, onların ruhən möhkəm qaldıqlarını deyirdi». Əfsuslar olsun ki, babası və babasının qardaşı həbsxanada vəfat etdilər.

Aleksandr davam edir: «Onlarla nə baş verdiyi, necə rəftar edildiyi, necə öldüyü və harada dəfn edildiyi bu günə kimi bizə məlum deyil. Bir şeyi dəqiq bilirik ki, hər ikisi sonadək Yehovaya sadiq qaldı».

Qardaşın ruhani irsi və Sibirdə yaşadığı sürgün həyatı onu indiki təqiblərə hazırlayıb. O deyir: «Axtarışlara uşaqlıqdan öyrəşmişəm. Yehova o vaxtlarda qeydimizə qalırdı. Bu gün də bizi tərk etməyəcək».

Aleksandr deyir: «Müqəddəs Kitabı hər gün oxumağım, mütaliə etməyim, yığıncaq görüşlərində müntəzəm iştirak etməyim, bacı-qardaşlarla ünsiyyət — məhz bunlar indiyə qədər məni ruhən möhkəm saxlayır».

Bundan əlavə, cinayət təqibi ilə üzləşən cəsur dindaşlarımızın məhkəmə iclasları barədə oxumaq da ona güc verir. O deyir: «Mən bacı-qardaşların son çıxışları zamanı cəsarətlə dediyi sözləri oxuyuram. Onların üzərində İsanın növbəti peyğəmbərliyi yerinə yetir: “Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər. Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz”» (Mətta 10:18).

Yehova Allahın onlara arxa olması sayəsində bacı-qardaşlar təqiblərə cəsarətlə dözür və hətta ruhən tərəqqi edirlər. Onlar məzmurçu Davudun yazdığı sözlərin canlı sübutudur: «Sənə [Yehovaya] pənah gətirənlər... sevinər, hey sevinc sədaları ucaldar» (Zəbur 5:11).