23 İYUL 2021
DÜNYADAN XƏBƏRLƏR
90 ildir «Yehovanın Şahidləri» adını daşıyırıq
Bazar günü, 26 iyul 1931-ci il tarixində o vaxt Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin prezidenti olmuş Cozef Ruterford Kolumbus şəhərində (ABŞ, Ohayo ştatı) keçirilən toplantıya gəlmiş 15 000 nəfərlik auditoriya qarşısında çıxış etdi. Proqramın bir hissəsini bütün dünyada 450-dən çox radiostansiya yayımladı. Bu, həmin vaxt ən irimiqyaslı radioyayım idi. Ruterford qardaş «Yeni ad» adlı tarixi qətnaməni səsləndirdi. Qətnamədə deyilirdi: «İstəyirik ki, bizi bu adla, yəni Yehovanın Şahidləri adı ilə tanısınlar və bu cür çağırsınlar» ( «Qətnamə» adlı çərçivəyə baxın). Auditoriya ucadan «bəli!» deyərək bu xəbəri gurultulu alqışlarla qarşıladı.
Həyat hekayəsi 1986-cı ildə dərc edilmiş Artur Vorsli qardaş xatırlayırdı: «Həmin gün toplantı məkanında eşidilən sevinc haraylarını və gurultulu alqışları heç vaxt unutmayacağam».
Başqa ölkələrdə yaşayan bacı-qardaşlar qətnaməni radiodan eşitdilər. Avstraliyadan olan Barberlər ailəsi xatırlayırdı: «Amerikada bacı-qardaşların alqışlarını eşidən kimi Melburndakı dindaşlarımız yerlərindən sıçrayıb uzun müddət əl çaldılar». Qətnaməni Yaponiyada da eşitdilər. O vaxt orada kiçik bir qrup fəaliyyət göstərirdi. Həmin qrupda Matsua İşi adlı bir bacı xidmət edirdi. O yazmışdı: «Amerikadakı bacı-qardaşların harayını eşidəndə bizdən bir sevinc harayı qopdu ki, gəl görəsən!»
Toplantının keçirildiyi Kolumbus şəhərində (Ohayo ştatı) bir sıra şirkət və müəssisələr Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçılarını salamlayan plakatlar asmışdılar. Lakin sonra onları «Xoş gəlmişsiniz, Yehovanın Şahidləri» yazısı ilə əvəz etdilər. «Yehovanın Şahidləri» adı çap formatında ilk dəfə 28 iyul 1931-ci il tarixində «Carçı» qəzetinin səhifələrində çıxmışdı (Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti tərəfindən dərc edilirdi). Həmin məqalədə toplantıda baş verənlərə dair xəbərlər yazılmışdı.
Toplantıdan çox keçməmiş irimiqyaslı təbliğ kampaniyası təşkil edildi. Kampaniya iştirakçıları «Padşahlıq — bəşəriyyətin ümid yeri» adlı broşür payladılar. Broşürdə yeni ad haqda qətnamənin mətni çap edilmişdi. İki ay yarım müddət ərzində broşürün beş milyondan çox nüsxəsi paylanıldı. Onu alanlar arasında xeyli sayda din xadimi, hakimiyyət nümayəndəsi və iş adamı da var idi.
Martin Petsinger qardaş o günləri xatırlayaraq demişdi: «Qapını açan ev sakinlərinə: “Bu gün sizin yanınıza Yehovanın Şahidi kimi gəlmişəm”, — deyəndə eləsi yox idi ki, təəccüblənməsin. Onlar ya başlarını bulayır, ya da soruşurdular: “Amma hələ də Müqəddəs Kitabı öyrənirsiniz hə?”» ( «Yehovanın adı yazılmış vizit kartları» adlı çərçivəyə baxın). Martin qardaş bir neçə ildən sonra vəziyyətin dəyişdiyini yazmışdı: «İndi söz deməyə macal tapmamış insanlar özləri deyir: “Yəqin, siz Yehovanın Şahidisiniz”».
1931-ci ildə keçirilmiş toplantıda iştirak etmiş Aleksandr Makmillan qardaş yeni adın nəyə görə münasib olduğunu belə izah etmişdi: «Zənnimcə, bu çox gözəl addır, çünki indi bütün dünya hansı işlə məşğul olduğumuzu və məqsədimizi bilir. Bundan əvvəl biz Müqəddəs Kitab Tədqiqatçıları adlanırdıq. Nəyə görə? Çünki biz həqiqətən də tədqiqatçı idik. Başqa ölkələrdə yaşayan insanlar bizimlə Müqəddəs Kitabı öyrənməyə başlayanda isə biz Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları olduq. İndi isə biz Yehova Allah barədə şahidlik edirik. Bu addan insanlar kim olduğumuzu və nə iş gördüyümüz bilirlər».
Bu gün bütün dünyada milyonlarla Yehovanın Şahidi var. Onlar Allahın adını daşıdıqları ilə fəxr edirlər! (Əşiya 43:10—12).