Kontentə keç

Avropa İnsan Hüquqları Məhkəməsi (Fransa, Strasburq)

9 AVQUST 2021
DÜNYADAN XƏBƏRLƏR

Avropa İnsan Hüquqları Məhkəməsi Rostom Aslanyanın xeyrinə qərar verdi

Dnestryanıda din azadlığının qələbəsi

Avropa İnsan Hüquqları Məhkəməsi Rostom Aslanyanın xeyrinə qərar verdi

13 iyul 2021-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Moldova ilə Rusiyanın da cəlb olunduğu Rostom Aslanyanın işi üzrə qərar qəbul etdi. Əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün Dnestryanı Moldova Respublikası Rostomu həbsə məhkum etmişdi. O, bu qərardan AİHM-ya şikayət verdi. Din azadlığını müdafiə edən bu qərar Dnestryanı Moldova Respublikası üçün presedent yaradıb.

Beynəlxalq ictimaiyyət Dnestryanını Moldovanın tərkib hissəsi kimi tanısa da, bu ərazidə təhlükəsizliyin təmin edilməsinə, sazişə görə, Rusiya da cəlb olunub. Hər iki dövlət Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb və vicdan azadlığına hörmət etməlidir.

2010-cu ildə Rostom hərbi xidmətə çağırılmışdı. Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanının səsinə qulaq asaraq o xahiş etmişdi ki, ona alternativ mülki xidməti icra etməyə icazə versinlər. 29 mart 2011-ci il tarixində onun xahişi təmin olunmadı və o, bir il müddətinə həbsə məhkum edildi. Rostom ona təyin edilmiş cəzanı çəkdi. Onun işi AİHM-ya verildi.

AİHM öz qərarında presedent hüququna istinad edərək Rostomun məhkum olunması üçün heç bir hüquqi əsasın olmadığını bildirdi. Məhkəmə qeyd etdi ki, Dnestryanı Moldova Respublikası üzərində hərbi, iqtisadi və siyasi nəzarəti Rusiya həyata keçirir. Bu səbəbdən Rostom qardaşla baş verənlərə görə məsuliyyəti Moldova deyil, Rusiya daşıyır. AİHM o nəticəyə gəldi ki, hakimiyyət orqanları Rostomu «hərbi xidmətdən yayınma» əsası ilə bir il müddətinə həbsə məhkum etməklə onun din azadlığı hüququnu pozub və həbsdə olduğu bir il üçün zərəri tam həcmdə ödəməlidir.

Dnestryanıda yaşayan dindaşlarımızın hüquqlarını müdafiə edəcək bu qərara görə çox sevinirik. Biz bir daha əmin olduq ki, Yehova sınaqla üzləşən xidmətçilərini sevir və nəvazişlə onların qayğısına qalır (Zəbur 18:25).