Kontentə keç

7 İYUN 2023
DÜNYADAN XƏBƏRLƏR

Bütün Beytellərdə ekskursiyalar bərpa olunur

Bütün Beytellərdə ekskursiyalar bərpa olunur

1 iyun 2023-cü il tarixindən bütün dünyadakı bir çox Beytellər yenidən qapılarını ziyarətçilərin üzünə açdı. COVID-19 pandemiyası ucbatından üç ildən çoxdur ki, ekskursiyalar dayandırılmışdı. Odur ki, 1 iyun tarixi dünyanın dörd bir yanındakı Beytel ailəsinin üzvləri üçün və minlərlə ziyarətçi üçün xüsusi idi.

Tur bələdçiləri Yehovanın Şahidlərinin Vorvikdəki Baş idarəsinə (ABŞ, Nyu-York) gələn ziyarətçiləri böyük həvəslə qarşıladılar

Beytellilər ziyarətçiləri plakatlarla, nəğmələrlə, xoş təbəssümlə qarşıladılar və isti qucaq açdılar. Pandemiya müddətində Vorvikdə Baş idarədə xidmət etməyə başlayan Ellis Bott demişdi: «Beytelliləri girişdə, əllərində “Xoş gəlmisiniz!” plakatları ilə görmək möhtəşəm idi! Bu qədər sevinc göz yaşlarına şahid olmaq mənə bir daha xatırlatdı ki, doğrudan da, Beytel əvəzolunmaz yerdir». Beyteldə könüllü kimi xidmət edən Aleksis Aleksandr ziyarətçiləri qarşılamaq və onlara qonaqpərvərlik göstərməkdən zövq aldı. Bacı deyir: «Bacı-qardaşların Yehovaya və Onun evinə olan məhəbbətlərinə şahid olmaq çox xüsusi bir hissdir».

Mi-yeon Jo və səkkiz yaşlı oğlu Yoon Koreyadakı Beyteli ziyarət edir

Mi-yeon Jo nəhayət səkkiz yaşlı oğlu Yoonu Cənubi Koreya filialına ekskursiyaya gətirə bildiyi üçün çox sevinirdi. Yoon Beytelə gedəcəyi üçün çox həyəcanlı idi, səhərə qədər yata bilməmişdi. Mi-yeon deyir: «Yuxudan duran kimi Emin və Nərminin Beytelə ziyarəti haqda oxuduqları nəğməni dinlədik. Hətta bu mahnıya yolda maşında da qulaq asdıq». Ekskursiya Yoonun o qədər xoşuna gəldi ki, o dedi: «Bütün Beytellərdə təkcə heyvanlar çatmır, onlar da olsa, əsl cənnət olar».

Noah Yohansen və valideynləri Volkildəki filialı ziyarət edir (Birləşmiş Ştatlar, Nyu-York)

Kanadanın Alberta əyalətində yaşayan, spionomuskulyar atrofiya xəstəliyindən əziyyət çəkən Noah Yohansen adlı bir gənc Nyu-Yorkdakı Beyteli ziyarət etmək arzusunda idi. Səhhəti təyyarə ilə səyahət etməyə yol vermədiyi üçün valideynləri maşınla təxminən 4100 kilometrlik məsafə qət edərək onu Birləşmiş Ştatlarda, Nyu-Yorkda yerləşən Volkil filialına gətirdilər. Noah bu ekskursiya barədə demişdi: «Bütün hisslərimi ifadə etməyə cəmi bir söz kifayətdir—məhəbbət. Yehovanın və bacı-qardaşların məhəbbətini duydum».

Fyodor Zitnikov və yoldaşı Yulita Qazaxıstandakı filialda muzeyi gəzir

Yetmiş altı yaşlı Fyodor Zitnikov və yoldaşı Yulita Qazaxıstandakı Beytelin muzeyinə heyran qalmışdılar. Muzeyin bir guşəsi uzun illər ərzində çətinliklərə qatlaşan, lakin Yehovaya sadiq qalan bacı-qardaşlara həsr olunub. Bu guşə Fyodora xüsusilə doğma oldu, çünki həmin bacı-qardaşlardan çoxu ilə əməkdaşlıq edib. Fyodor sərginin hazırlanmasında əziyyəti keçən hər bir kəsə dərin minnətdarlığını bildirdi. O demişdi: «Əgər uzun illər boyu etdiyimiz xidmət və digər şeyləri qardaşlar belə qoruyub-saxlaya bilibsə, deməli əmin ola bilərik ki, Yehova hər birimizin etdiyi hər bir şeyi xatırlayır və qiymətləndirir».

Yenidən bütün dünyadakı Beytellərdə ziyarətçiləri qarşılamaq imkanımız olduğu üçün çox şadıq. Böyük səbirsizliklə növbəti günlərdə minlərlə insanı qarşılamağı gözləyirik! (Zəbur 122:1).

Aşağıda müxtəlif Beytel komplekslərini və muzeyləri ziyarət edən bəzi bacı-qardaşların şəkilləri yer alır.

 

Argentina

Belçika

Braziliya

Dominikan Respublikası

Ekvador

Fransa

Qazaxıstan

Yeni Kaledoniya

Nigeriya

Cənubi Koreya

Birləşmiş Ştatlar — Volkil, Nyu-York

Birləşmiş Ştatlar — Vorvik, Nyu-York