Kontentə keç

30 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

Bacı-qardaşlar pandemiya ucbatından yas içində olanlara təsəlli verir

Bacı-qardaşlar pandemiya ucbatından yas içində olanlara təsəlli verir

Yehovanın xalqı pandemiyadan qorunmaq üçün verilən göstərişlərə ciddi əməl edir. Bununla belə, biz onun ölümcül neştərindən sığortalanmamışıq (Vaiz 9:11). Əfsuslar olsun ki, indiyədək olan məlumatlara əsasən, bütün dünyada 872 bacı-qardaşımız COVID-19 virusuna yoluxma nəticəsində həyatını itirib. Dindaşlarımız yas içində olanlara təsəlli verir (1 Korinflilərə 12:26). Belə vəziyyətdə ümumdünya qardaşlıq tamamilə Yehovaya güvənir, axı O, həmişə Filippililərə 4:7 ayəsində yazılmış vədinə sadiq qalaraq bizə Öz sülhünü verir.

Manfred və Hanxen Unnützerlər

Yehovanın təşkilatının dəstəyini üzərində hiss edənlərdən biri bacımız Hanxen Unnützerdir. O, İtaliyanın şimalında yerləşən Bolsano şəhərində yaşayır və xüsusi öncül kimi xidmət edir. Əfsuslar olsun ki, onun həyat yoldaşı Manfred Unnützer 2020-ci il martın 28-i koronavirusdan vəfat edib. Manfred qardaş təxminən 58, yoldaşı isə onunla birgə təxminən 54 il xüsusi tamvaxtlı xidmətdə olub. Onlar 25 il birgə rayon xidmətində olublar. Müxtəlif ölkələrdən 1000-ə yaxın bacı-qardaş videokonfrans vasitəsilə onun dəfn nitqinə qulaq asıb.

Hanxen bacı deyir: «Bütün bacı-qardaşlara ürəkdən minnətdaram. Onlar bir saat da olsun məni tək qoymurlar. Özümə qarşı sonsuz məhəbbət hiss edirəm! Onlar hərtərəfli qayğıma qalırlar. Qardaşlarımı çox sevirəm».

Kədərli günlərində dəstək alan digər dindaşlarımız Mariya Xose Monkado və onun yoldaşı Darvindir. Onlar Ekvadorun dağlıq ərazilərindəki kiçuadilli yığıncaqda xidmət edirlər. Əfsuslar olsun ki, Mariyanın hər iki valideyni altı gün fərq ilə koronavirusdan vəfat edib. Onlar Quayakildəki Praderas yığıncağında xidmət edirdilər: 56 yaşlı anası Fabiola Santana Cordan öncül, 60 yaşlı atası Rikardo Cordan isə yığıncaq xidmətçisi idi. Bacımızın iki qardaşı da xəstəliyə tutulmuşdu, lakin hər ikisi sağalıb.

Mariya və Darvin Monkadolar ailəsi anma mərasimini qeyd edir

Kədər içində olan Mariya ailəsinin yanında olmaq, onlara dəstək olmaq və dəfnə hazırlaşmağa kömək etmək üçün Quayakilə getmək istəyirdi. Ora gedib çıxmaq dörd saat çəkir. Lakin dua edib düşündükdən sonra qərara gəldilər ki, səfərə çıxmaq məsləhət deyil. Bunun əvəzinə onlar qohumları ilə videokonfrans vasitəsilə əlaqə saxladılar. Mariya deyir: «Əgər qohumlarımızgilə getsəydik, həm özümüzün, həm də başqalarının sağlamlığını təhlükəyə atacaqdıq».

Bacı deyir ki, o, şiddətli «kədər və narahatçılıq» keçirirdi, lakin buna baxmayaraq, nə o, nə də yoldaşı ruhani işlərindən qalmırdı və «daima Yehovaya hərarətlə dua edərək Ondan rəhbərlik diləyirdilər». Mariya və Darvin İsa Məsihin ölümünü anma mərasiminə hazırlıq görməyə davam edirdilər: onlar Müqəddəs Kitab dərsi keçdiyi insanları mərasimə dəvət edir və İsanın yer üzündəki son günlərindən bəhs edən Müqəddəs Kitab parçalarını oxuyurdular. Onlar həmçinin məktub yazmaqla xidmət edir və videokonfrans vasitəsilə keçirilən yığıncaqlarda iştirak edirdilər. Mariyanın Yehovanın Şahidi olmayan qohumlarından doqquz nəfər ispan dilində keçirilmiş anma mərasiminə qoşulmaq dəvətini qəbul etdi.

Mariya deyir: «Müqəddəs Kitab dərsi keçdiyimiz insanların anma mərasiminə onlayn qoşulmaları bizi çox ruhlandırdı, çünki bu, onlar üçün asan deyildi». O əlavə edir: «Başqa ölkələrdə yaşayan doğmalarımın mərasimə qoşulmaları bizim üçün gözlənilməz və sevindirici oldu».

Mariya davam edir: «Bu hadisədən öyrəndik ki, nə qədər kədərli olsaq da, Yehovaya fəal xidmət etməyə davam etmək ağrı-acının öhdəsindən gəlməyin ən yaxşı yoludur, bununla Yehovaya imkan yaradırıq ki, bizə xeyir-dua versin».

Ümumdünya qardaşlığımız pandemiya ucbatından əzizlərini itirmiş bacı-qardaşların dərdinə şərikdir və biz yas içində olanlar üçün dua etməyə davam edirik. Xəstəliklər də daxil olmaqla, bizə ağrı-acı verən hər şeyə Yehovanın son qoyacağı və sadiq xidmətçilərini dirildəcəyi vaxtı həsrətlə gözləyirik (1 Korinflilərə 15:21, 22).