Kontentə keç

Daxau həbs düşərgəsinin xatirə kompleksi və Vladimir Putinə açıq məktub

2 İYUN 2021
DÜNYADAN XƏBƏRLƏR

Daxau həbs düşərgəsinin keçmiş məhbusları Assosiasiyası Rusiyanı təqiblərə son qoymağa səsləyib

Daxau həbs düşərgəsinin keçmiş məhbusları Assosiasiyası Rusiyanı təqiblərə son qoymağa səsləyib

Daxau həbs düşərgəsinin sağ qalmış məhbuslarının təsis etdiyi assosiasiya (Lagergemeinschaft Dachau) Rusiyanı Yehovanın Şahidlərinin təqibinə son qoymağa səsləyib. 16 may 2021-ci il tarixində bu assosiasiya Rusiyanın Prezidenti Vladimir Putinə açıq məktub göndərdi və orada bacı-qardaşlarımızın hüquqlarının tapdalanmasını mühakimə etdi.

Məktubda deyilir: «Elə gün yoxdur ki, daha bir Yehovanın Şahidinin repressiyaya məruz qaldığı xəbəri gəlməsin. Rusiyanın xüsusi xidmət orqanları, FTX və polis bu dinə mənsub olanların evlərində axtarışlar aparır, əmlaklarına ziyan vurur. Bəzilərinə qarşı zor tətbiq edilir, kimisi amansız rəftara məruz qalır. Həm kişiləri, həm qadınları uzunmüddətli həbs cəzalarına məhkum edirlər. Həbsxanada saxlanılma şəraitini yüngülləşdirmək və ya şərti olaraq vaxtından əvvəl azad etmək xahişləri daima rədd edilir».

Məktubun sonunda deyilir: «Sizi Rusiya Federasiyasının hər bir vətəndaşının Konstitusiya ilə zəmanət verilən dinə azad şəkildə etiqad etmək hüququnu təmin etməyə səsləyirik. Xahiş edirik, bu ədalətsizliyə son qoyasınız!»

2021-ci ilin may ayınadək olan məlumata əsasən, Rusiyada imanlarına görə həbsdə olan Yehovanın Şahidlərinin sayı 61 nəfərdir. Onların arasında yaşlılar da var, məsələn, iki il müddətinə həbsə məhkum edilmiş Valentina Baranovskaya. 2020-ci ilin iyul ayında bacı insult keçirmişdi. 24 may 2021-ci il tarixində məhkəmə onun və altı il müddətinə həbsə məhkum edilmiş oğlu Roman Baranovskinin apelyasiya şikayətini rədd etdi.

Rusiyanı haqsızlığa son qoymağa səsləyən bu kimi qərəzsiz insanlara minnətdarıq. Biz əminik ki, sonda Yehova xalqını xilas edəcək (Dənyal 12:1).