6 NOYABR 2023
DÜNYADAN XƏBƏRLƏR
FİFA 2023. Qadınlararası Dünya Çempionatında gözəl şahidlik
2023-cü il 20 iyul — 20 avqust tarixlərində Avstraliya və Yeni Zelandiyanın müxtəlif şəhərlərində keçirilən FİFA Qadınlararası Dünya Çempionatını iki milyondan çox insan ziyarət etmişdi. Çempionat ərəfəsində hər iki ölkədəki doqquz şəhərdə 1200-ə yaxın bacı-qardaşımız xüsusi təbliğ kampaniyasında iştirak etdi. Ən az 18 nəfər Müqəddəs Kitab dərsi keçmək istədiyini bildirdi.
Hindistandan olan iki qadın Sidneydə (Avstraliya) ədəbiyyat arabasına yaxınlaşır və pulsuz Müqəddəs Kitab dərsi yazılmış posterə diqqət yetirir. Onlar bacılardan Müqəddəs Kitab dərsinin harada keçirildiyini soruşurlar. Bacılar bildirir ki, Müqəddəs Kitab dərslərimiz əsasən fərdi şəkildə keçirilir. Həmçinin onlara «Əbədi xoşbəxt həyat!» broşüründən QR kodu skan edərək ziyarət üçün necə müraciət edə biləcəklərini göstərirlər. Onların hər ikisi dərhal onlayn müraciət blankını doldurur və Müqəddəs Kitab dərsinə başlayır.
Brisbendən (Avstraliya) olan bir cütlük qaldığı otelin yerini tapa bilməyən bir qadına yolu tapmağa kömək edir. Qadın yolda bildirir ki, Papua-Yeni Qvineyadan gəlib. Dindaşlarımızın da bir vaxt orada yaşadığını biləndə təəccüblənir. Onlar yolboyu yaxşı söhbət edir və bir-birinə əlaqə nömrələrini verir. Bu cütlük daha sonra qadına şəhəri gəzdirmək üçün vaxt təyin edir və fürsətdən istifadə edərək ona Müqəddəs Kitab həqiqətləri barədə danışır. Qadın öz ölkəsinə qayıdandan sonra Müqəddəs Kitab dərsinə başlayır.
Oklenddə (Yeni Zelandiya) yaşayan Terina adlı bir bacı ictimai avtodayanacaqda iki pəncabdilli mühafizəçi ilə söhbətə başlayır. Başqa bir mühafizəçi onların söhbətini kəsib bu kişilərlə pəncab dilində danışmağa başlayır. Bacı düşünür ki, iş vaxtı onları yayındırması onun xoşuna gəlməyib. Amma kişinin cavabı bacını təəccübləndirir. O deyir ki, əməkdaşları üçün tərcümə edirmiş: «Onlar soruşdu ki, Müqəddəs Kitab hansı kitabdır? Mən isə dedim ki, Allahın Kəlamıdır. Düz dedim?» Terina onun düz dediyini təsdiqlədikdən sonra onlara jw.org. saytından Müqəddəs Kitab dərsi üçün necə müraciət edə biləcəklərini göstərdi.
Kolumbiyadan olan Nikolas adlı bir kişi Brisbendə (Avstraliya) ədəbiyyat arabasına yaxınlaşaraq ibadət görüşlərimiz barədə soruşur. O bildirir ki, anası və nənə-babası Yehovanın Şahidləridir və onun görüşlərə qatılmağını istəyirlər. Qardaşlar onun nömrəsini ispandilli yığıncaqdan bir qardaşa verir. İspandilli yığıncaqdan olan qardaş bir saatın içində Nikolasa zəng edir və həmin həftəsonu keçiriləcək «Səbirli olun!» olun adlı Regional Toplantıya dəvət edir.
Avstraliya və Yeni Zelandiyadan olan bacı-qardaşların Padşahlıq haqda xoş xəbəri bəyan edərək bu dünyada «nur kimi parladığını» görmək ürəyimizi fərəhləndirir (Filippililərə 2:15).