Kontentə keç

İsveçrədə yaşayan Emiliya

15 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

Gənc Yehovanın Şahidləri pandemiya vaxtı yeni təbliğ üsulları tapırlar

Gənc Yehovanın Şahidləri pandemiya vaxtı yeni təbliğ üsulları tapırlar

Bütün dünyada gənc bacı-qardaşlarımız, pandemiyaya baxmayaraq, xidmətlərini davam etdirməyə qəti qərarlıdırlar. Onlar təbliğ etmək və dindaşlarını ruhlandırmaq üçün yeni üsullar axtarıb tapırlar.

Yeni Zelandiyada insanlar pəncərələrdə oyuncaqlar, oyuncaq ayılar və şəkillər qoyurlar ki, gəzintiyə çıxan uşaqlar onları görə bilsin. Gənc bacı-qardaşlar bunun gözəl təbliğ üsulu ola biləcəyini gördülər. Onlar Eminlə Nərminin şəkillərini çəkib «Mənə jw.org saytında bax» yazısı ilə pəncərələrinə qoyurlar.

Yeni Zelandiyada pəncərəyə qoyulmuş Emin və Nərminin şəkli

İsveçrədə yaşayan və immuniteti zəif olan doqquz yaşlı Emiliya qocalar evinin sakinlərinə məktublar yazıb. Hal-hazırda onlara baş çəkmək olmaz. Məktublarına o, Nuhun və onun gəmisinin şəkillərini də əlavə edib. O yazıb ki, Nuh ailəsi ilə birgə gəminin içində qalmalı idi və bunun sayəsində onlar sağ qaldılar. Emiliya yaşlıları təşviq etdi ki, «Nuh kimi içəridə qalsınlar». Pandemiya bitəndə Emiliya onlara baş çəkmək istəyir.

Emiliya öz məktublarına cavab aldı və onların bəzilərinə ikinci dəfə yazdı. Balaca bacımız barədə eşidən yerli müxbir onun haqqında məqalə dərc etdi.

Kanadada yaşayan Kempflər ailəsi

Kanadanın Ontario əyalətində yaşayan iki gənc bacımız Peyton və Ella Kempflər, pandemiyaya baxmayaraq, yığıncaqdakı bacı-qardaşlarla ünsiyyət saxlayırlar. Onların atası Cared deyir: «Ailəvi ibadət zamanı uşaqlar əlaqə saxlamaq istədiyimiz adamların siyahısını tutmağa kömək etdilər». Onların anası Cessika əlavə edir: «Biz qızlarımızı öyrətmək istəyirik ki, bacı-qardaşların, ailə üzvlərimizin və dostlarımızın unudulmadıqlarını bilmələri çox vacibdir».

ABŞ-da yaşayan Stella

ABŞ-ın Kolorado ştatında yaşayan doqquz yaşlı Stella və onun anası yığıncaqdakı yaşlı bacı-qardaşların siyahısını tutub hər birinə zəng edirlər.

12 yaşlı Conatan və 15 yaşlı Sin Makkampsonlar valideynləri ilə birgə Arizonadakı çindilli yığıncaqda xidmət edirlər. Onlar hər səhər dərsdən əvvəl Çin dilində məktublar yazırlar. Dili hələ öyrəndiklərinə görə məktubları yazıb bitirmək çoxlu vaxt və güc tələb edir. Lakin buna baxmayaraq, onlar Müqəddəs Kitabdakı xəbəri Çin dilində danışanlarla bölüşməyə qəti qərarlıdırlar.

ABŞ-da yaşayan Conatan və Sin

2—15 yaş arasında altı uşaq anaları və öncül bacı ilə birgə mütəmadi olaraq Miçiqanın qərbində yerləşən qocalar evinə baş çəkirdilər. Lakin pandemiyaya görə kənar şəxslərin ora gəlməsi artıq qadağandır. İndi valideynləri uşaqların Padşahlıq nəğmələrini və ya ayələr oxuduqlarını videoya çəkib qocalar evinin sakinlərinə göndərirlər. Qocalar evində sakinlərin asudə vaxtını təşkil edən terapevt uşaqların atasına deyib ki, videolardan biri koronavirusdan ölən insanlar barədə xəbərlərə baxıb depressiyaya düşən bir qocanı sakitləşdirdi.

Biz əminik ki, Yehova insanlara məhəbbət göstərən və təbliğ üçün yeni üsullar axtaran gənclərin canla-başla etdikləri xidməti qiymətləndirir (Zəbur 148:12, 13).