9 APREL 2021
DÜNYADAN XƏBƏRLƏR
JW Xəbərlər bölməsindəki məqalələr ümumdünya qardaşlığımızın birliyini möhkəmləndirir
Jw.org saytından təqiblə üzləşən dindaşlarımız haqda məqalələri oxumaq bizə sınaqlara tab gətirməyə güc verir. Bacı-qardaşlarımız barədə yazılan qısa məlumatlar onları daha yaxından tanımağımıza kömək edir. Onların şərhlərindən görürük ki, qarşılaşdıqları sınaqlara sevinclə sinə gərirlər. Bu bizi ruhlandırır və aramızdakı birliyi gücləndirir. Aşağıdakı nümunələr göstərir ki, ümumdünya qardaşlığımız bu məqalələrdən necə faydalanır.
Fikrimizi edə biləcəklərimizə cəmləməliyik
Migel Silva və həyat yoldaşı Monika (yuxarıdakı şəkil) Portuqaliyada xüsusi öncül kimi xidmət edir. Bir çoxlarımızda olduğu kimi, onların da həyatlarında pandemiyaya görə xeyli dəyişiklik olub. Bu cür dəyişiklik insanı emosional cəhətdən əldən-ayaqdan sala bilər. Lakin JW Xəbərlər bölməsindəki Konstantin Bajenov qardaş haqda məqalə bu cütlüyü çox ruhlandırdı. Konstantin Müqəddəs Kitabı oxumaq istəyirdi, amma həbsdə olduğu üçün bu, mümkün deyildi. Qardaş ruhdan düşmədi, yadında qalan ayələri yazaraq öz şəxsi «Müqəddəs Kitabını» düzəltdi. Migel və Monika çox vacib bir şey öyrəndi. Migel deyir: «Fikrimizi pandemiya ərzində edə bilmədiyimiz şeylərə yox, evdə olduğumuz müddətdə edə biləcəyimiz şeylərə cəmləyirik, çalışırıq ki, naşükür olmayaq».
Beləcə, Migel və Monika qərara gəldi ki, Müqəddəs Kitabı hər gün daha dərindən mütaliə etsinlər. Monika deyir: «Əminik ki, Yehova lazım olan anda mütaliədən ürəyimizə həkk olunanları yadımıza salmağa kömək edəcək». Migel əlavə edir: «Konstantin qardaşın nümunəsi kömək etdi ki, bizi evə məhkum edən bu vəziyyətə başqalarını ruhlandırmaq, Yehovanı nəğmələrdə şövqlə tərənnüm etmək və dualarımızı yaxşılaşdırmaq üçün bir fürsət kimi baxaq».
Təqib qorxusuna üstün gələ bilərik
Kamerunda öncül kimi xidmət edən Kristin Muima Etond bacı deyir ki, uzun illər təqiblərlə bağlı oxuduqları onda qorxu yaratmışdı. Bacı təqiblərə baxışının necə dəyişdiyini izah edir: «JW Xəbərlər bölməsindən bacı-qardaşların sınaqlara necə tab gətirdiyi ilə bağlı məqalələri oxumaq, mənim düşüncəmi tamamilə dəyişdi. Hansı yaşda olmalarından asılı olmayaraq, dindaşlarımın sədaqəti, gülərüzü, konkret duaları məni Yehovanı daha yaxından tanımağa təşviq etdi. Ona olan məhəbbətim elə artdı ki, artıq təqiblə qarşılaşdığımı təsəvvür edəndə qorxmuram. Özümü həmin anda sevincli, Yehova haqda dərindən düşünən, dua edən biri kimi təsəvvür edirəm».
İmanımızı müdafiə etmək üçün hazırlaşmalıyıq
Rumıniyadan olan Yulian Nistor qardaşa və həyat yoldaşı Oana bacıya, Anatoli Tokarev qardaş haqda məqalə çox təsir etmişdi. Qardaşın məhkəmədə imanını qətiyyətlə müdafiə etməsi onları ruhlandırmışdı. O, bunu sakit, hörmətcil və cəsarətli şəkildə etmişdi. Anatoli qardaşın nümunəsi bu cütlüyü məhkəmə zamanı imanlarını necə müdafiə edəcəkləri barədə düşünməyə təşviq etdi. Oana bacı belə deyir: «Ailəvi ibadətdə imanımızı hakim qarşısında necə müdafiə edəcəyimizi təsəvvürümüzdə canlandırdıq. Həmin an qardaşımız kimi hörmətcil və nəzakətli tərzdə danışmaq asan deyildi. İbadətin sonunda özümüzü dindaşlarımıza daha yaxın hiss etdik. Həmçinin imanımızın müdafiəsinə hazır olmağın vacibliyini gördük və Yehovanın Şahidi olmağın nəyə görə böyük bir şərəf olduğunu bir daha xatırladıq».
Dualarımızın keyfiyyətini gözdən keçirməliyik
Madaqaskardan olan Anna Ravojarson bacı, Covidon Boboconov qardaş haqda məqaləni oxuduqdan sonra, öz dualarının keyfiyyəti barədə düşünməyə başlayır. O deyir: «Fikir vermişəm ki, hərdən başım gündəlik işlərə o qədər qarışır ki, dualarım mexaniki olmağa başlayır. Gördüm ki, vaxt ayırıb duada deyəcəklərim barədə əvvəlcədən düşünməyəndə, eyni sözləri təkrarlayıram». Anna bacı Covidonun nümunəsi üzərində düşünəndən sonra, özünü onun yerinə qoyur və özünə sual verir: «Görəsən, eyni vəziyyətlə üzləşsəydim, mən də qardaşın dediyi sözləri deyə bilərdim?» O, sonda belə deyir: «Covidonun nümunəsi mənə öyrətdi ki, dua etməzdən əvvəl vaxt ayırıb Yehovaya deyəcəklərim barədə düşünüm. Bu məqalələrə görə çox minnətdaram».
Bacı-qardaşlarımıza duyduğumuz şəfqət hissini daha da artırmalıyıq
Portuqaliyada öncül kimi xidmət edən Ruben Katarino və həyat yoldaşı Andreya bu məqalələrin sayəsində indi özlərini bacı-qardaşlara daha yaxın hiss edirlər. Ruben qardaş deyir: «Əvvəllər də bacı-qardaşlarımızın təqib olunduğunu bilirdik, amma onları yaxından tanımırdıq. Onlar haqda məlumatımız yox idi, bilmirdik hansı çətinliklərlə üzləşirlər. Bu məqalələrin sayəsində onları daha yaxından tanımaq imkanımız var. Beləcə, onların üzləşdikləri çətinliklər barədə konkret dualar edə bilirik. Bu bizi bacı-qardaşlarımıza yaxınlaşdırır. Hiss edirik ki, dualarımız indi daha təsirlidir».
Fərdi mütaliənin vacibliyini dərk etməliyik
Portuqaliyada öncül kimi xidmət edən Sesiliya Kardozu bacının dediyi bu fikirlərə biz də şərikik: «Bacı-qardaşların başına gələnləri gördükdən sonra, fərdi mütaliəmə daha çox diqqət ayırmağa başladım. Müqəddəs Kitabı daha yaxşı araşdırdıqca Yehovaya etibarım və Ona olan sevgim daha da artacaq. Yehovanın sayəsində qorxularım gözümdə kiçik bir qum dənəsi kimi olacaq. Başa düşdüm ki, qorxu yalnız diqqətimizi Yehovadan ayıranda bizə üstün gələ bilər».
Jw.org saytında çap olunan müasir iman nümunələrinə görə çox minnətdarıq. Bu məqalələr sayəsində biz də cəsarətlə deyə bilirik: «Yehova dayağımdır, əsla qorxmaram» (İbranilərə 13:6).