Kontentə keç

19 FEVRAL 2020
DÜNYADAN XƏBƏRLƏR

Jest dilində dünyada ilk tam Müqəddəs Kitab istifadəçilərə verilib

Jest dilində dünyada ilk tam Müqəddəs Kitab istifadəçilərə verilib

2020-ci il fevralın 15-i Rəhbərlik Şurasının üzvü Cefri Cekson Amerika jest dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin son bölməsinin buraxılışını elan edib. Bu, jest dilində dünyada ilk tam Müqəddəs Kitabdır. Tarixi elan Fort-Loderdeyldə (ABŞ, Florida ştatı) açılmış yeni Amerika jest dili tərcümə ofisinin həsrolunma proqramına xüsusi rəng qatıb. Tədbir Yehovanın Şahidlərinin Floridadakı Vest Palm-Biç Məsihi Toplantı Mərkəzində baş tutub.

Tədbirə 2500-dən çox insan qatılmışdı. Proqram Beliz, Kanada, Dominikan Respublikası, Haiti, Trinidad və Tobaqo və ABŞ-ın başqa şəhərlərində yerləşən ibadət evlərinə canlı yayımlanmış və ona əlavə 15635 nəfər baxmışdı. Ümumilikdə proqramı 18000-dən çox insan izləmişdi.

Rəhbərlik Şurasının üzvü Cefri Cekson tədbirdə müsahibə götürür

Nitqdən sonra Cekson qardaş Amerika jest dilində Müqəddəs Kitabın son bölməsinin buraxılışını elan etdi. Nitqin sonuna yaxın o dedi: «Sizə vacib bir xəbərimiz var. “Əyyub” kitabının buraxılışı ilə “Yeni Dünya Tərcüməsi” üzərində gedən iş sona çatıb... Bildiyimizə görə, Yehovanın Şahidləri Amerika jest dilində tam Müqəddəs Kitabı dərc etmiş ilk təşkilat, ilk insanlardır. Və ola bilsin, bu, dünyada, hətta bəşər tarixində jest dilində işıq üzü görən ilk tam Müqəddəs Kitabdır».

«Əyyub» kitabının buraxılışı ilə 15 il davam edən tərcümə başa çatdı. Rəhbərlik Şurası 2004-cü ildə Amerika jest dilində «Yeni Dünya Tərcüməsi»nin üzərində işləməyə razılıq vermişdi. İki ildən sonra «Mətta» kitabı işıq üzü gördü. İncilin yerdə qalan bölmələri 2010-cu ilədək tədricən dərc edildi. Müqəddəs Yazıların Tövrat hissəsinin tərcüməsi isə on ilə ərsəyə gəldi.

Kitabların bir-birinin ardınca çıxması jest dilinin istifadəçilərinə güclü təsir bağışlayıb. Proqramda iştirak etmiş İsias İtan adlı təbliğçi deyib: «İlk dəfə “Yeni Dünya Tərcüməsi”ni görəndə məni ağlamaq tutdu. Müqəddəs Kitabı ingilis dilində oxuyanda təsirlənmirdim. Jest dilində Müqəddəs Kitaba baxmağa başlayan kimi göz yaşlarımı saxlaya bilməyib ağladım».

Bu tərcümə jestdilli yığıncaqlarda xidmət edən bir çox təbliğçilərin xidmətini dəyişib. Amerika jest dili tərcümə ofisində xidmət edən tərcüməçi Deyvid Qonsales deyib: «Bu tərcümə sayəsində həqiqəti tam dərk etdim və indi mən cəsarətlə xidmət edirəm. Amerika jest dilində Müqəddəs Kitabın olmadığı vaxtlarda özümə əmin deyildim və ürəyimdə ümid edirdim ki, həmsöhbətim mənə çətin suallar verməyəcək. Əlimizdə tam Müqəddəs Kitab olandan sonra belə suallardan qorxmuram və əminliklə xidmət edirəm».

Baş idarədə (Vorvik, Nyu-York ştatı) yerləşən Tərcümə xidmətləri şöbəsinin işinə nəzarət etməkdə kömək edən Nikolas Ahladis deyib: «Amerika jest dilində Müqəddəs Kitab digər jest qruplarına nümunədir. İndiyədək Müqəddəs Kitabın müəyyən bölmələri 17 jest dilinə tərcümə olunub, lakin iş davam edir».

Bəli, şübhə yoxdur ki, Amerika jest dilində «Yeni Dünya Tərcüməsi» çoxlarına Yehovaya daha yaxın olmağa kömək edəcək. Axı bu Müqəddəs Kitab onların ürəyinə təsir edən dildədir (Həvarilərin işləri 2:6).