30 MART 2021
DÜNYADAN XƏBƏRLƏR
Krım məhkəməsi Viktor Staşevskini altı il yarım müddətinə həbsə məhkum etdi
YENİLƏNİB: Viktor Staşevskinin apelyasiya şikayəti təmin edilmədi
10 avqust 2021-ci il tarixində Sevastopol Şəhər Məhkəməsi Viktor qardaşın apelyasiya şikayətini rədd etdi. Birinci instansiya məhkəməsinin qərarı ilə o, altı il yarım müddətinə həbsə məhkum edilmişdi. İndi bu qərar qüvvəyə mindi. Tezliklə onu 29 mart 2021-ci il tarixində məhkum ediləndən saxlanıldığı istintaq təcridxanasından həbsxanaya keçirəcəklər.
29 mart 2021-ci il tarixində Sevastopol Şəhərinin Qaqarinski Rayon Məhkəməsi (Krım) Viktor qardaşı altı il yarım müddətinə həbsə məhkum etdi. Viktor məhkəmə zalındaca həbsə alınaraq təcridxanaya aparıldı. O, hökmdən şikayət verəcək.
Qardaş barədə məlumat
Viktor Staşevski
Doğulduğu il: 1966 (Rusiya, Krasnoyarsk vilayəti, Kansk şəhəri)
Bioqrafiya. 1983-cü ildə Sevastopola (Krım) köçüb. 1993-cü ilədək hərbi dəniz qüvvələrində xidmət edib. 2002-ci ildə Larisa ilə evlənib. İki qız övladları var. Kainatın mürəkkəbliyi və oradakı nizam-intizam həmişə onu heyran edib və o, Yaradan haqqında öyrənmək istəyib. Müqəddəs Kitabı öyrənməyə başlayandan həyatın mənasını tapıb. 2004-cü ildə Yehovanın Şahidi kimi vəftiz olunub.
Cinayət işi haqda məlumat
4 iyun 2019-cu il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Sevastopolda Yehovanın Şahidlərinin yaşadığı on evdə axtarış apardılar. Bəzi reydlər dörd saata qədər çəkdi. Bütün bu vaxt ərzində FTX əməkdaşları dindaşlarımıza və ailə üzvlərinə su içməyə və ayaq yolundan istifadə etməyə icazə vermirdilər. FTX əməkdaşları həm də onlara hədə-qorxu gəlirdilər ki, əmlaklarına ziyan vuracaq və evlərinə narkotik atacaqlar.
Reyd nəticəsində Viktoru tutdular. O, bütün gecəni təcridxanada keçirdi. Qardaş «ekstremist təşkilata başçılıq etməkdə» ittiham edilir. Əslində, onu sırf dini əqidəsinə görə məhkəmə qarşısına çıxarıblar, bu isə onun Konstitusiya ilə zəmanət verilən hüquqlarını pozur.
Viktorun sözlərinə görə, Müqəddəs Kitabı hər gün oxumaq və oxuduqları üzərində düşünmək ona cəsur olmağa və sevinclə dözüm göstərməyə kömək edir. Ona ən çox Davudun Zəbur 62:5—8 ayələrində yazdığı sözlər güc verir. Sınaqların ona təsiri barədə qardaş deyib: «Yehova ilə münasibətlərim möhkəmlənib, çünki O, həmişə yanımda olub. Başqa heç kim həmişə sənin yanında ola bilməz. Onun qədər mənə yaxın olan başqa birisi yoxdur. Mən heç vaxt şübhə etmirdim ki, Yehova başıma gələn bütün bəlalardan və Ona sadiq qalmaq istəyimdən xəbərdardır və lazım olanda böyük adı xatirinə mənə kömək edəcək».
Biz əminik ki, Yehova bundan sonra da Viktora, onun doğmalarına və təqiblərə məruz qalan bütün bacı-qardaşlara dayaq olacaq. Yehova həmişə onların pənahı və istehkamı olacaq (Zəbur 91:2).