Kontentə keç

İkaluit şəhəri (Nunavut, Kanada). Üst şəkil: Bacı-qardaşlar həsrolunma mərasimindən sonra ibadət evinin qarşısında toplaşıblar

22 SENTYABR 2023
DÜNYADAN XƏBƏRLƏR

Padşahlıq haqda xoş xəbər Kanada və ABŞ-nın şimalında vüsət alır

Padşahlıq haqda xoş xəbər Kanada və ABŞ-nın şimalında vüsət alır

Mark Sanderson qardaş İkaluitdə (Nunavut) həsrolunma nitqi ilə çıxış edir

20 may 2023-cü il tarixində Nunavutun İkaluit (Kanada) şəhərində yeni ibadət evinin həsrolunma mərasimi keçirildi. Həsrolunma nitqini Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş təqdim etdi. Proqrama 44 nəfər canlı, 388 nəfər isə videokonfrans vasitəsilə qoşulmuşdu. Nunavutun ərazisi təxminən 1 837 000 kvadrat kilometrdir. Bura 40 000-dən az sakini ilə yer üzündə əhalinin ən seyrək məskunlaşdığı ərazi hesab olunur. Daha öncə jw.org saytında bildirildiyi kimi qardaşlar bu ibadət evini tikmək üçün bir çox çətinliyin öhdəsindən gəliblər. Xoş xəbəri təbliğ etmək üçün bu ucqar əraziyə gələn cəsarətli bacı-qardaşlar soyuq hava və çətin şəraitlə qarşılaşıblar. Proqramda bu qətiyyətli və sadiq bacı-qardaşların əməyindən danışılıb.

Kanadanın şimal hissələri ölkənin quru hissəsinin 40 faizini təşkil edir. Bura Nunavut, Şimal-Qərbi ərazilər və Yukon daxildir

1976-cı ildə Marqaret Qalli adlı bacı Monreal (Kvebek) 2052 kilometr aralıda yerləşən və hazırda İkaluit (Nunavut) kimi tanınan əraziyə köçdü. O bu ucsuz-bucaqsız, çöl-biyaban əraziyə köçən ilk Yehovanın Şahidi idi. Elə həmin ilin sonunda rayon nəzarətçisi kimi xidmət edən Henz Pintar qardaş və yoldaşı Minerva bacı Qallini ruhlandırmaq və xidmətdə əməkdaşlıq etmək məqsədi ilə bir həftəlik buraya gəldilər.

Daha sonra 1983-cü ildə cəsarətli bacı-qardaşlardan ibarət kiçik bir qrup İkaluitə yollandı. Bacı-qardaşların şücaətlə təbliğ etməsi nəticəsində bir ailə həqiqəti qəbul etdi. Onlar İkaluitdə vəftiz olunan ilk insanlar idi. Növbəti 20 ildə xoş xəbəri bölüşmək üçün cəsarətli bacı-qardaşlar buraya dəfələrlə səfər edirdilər. 2008-ci ildə İkaluitdə qrup yarandı. 2010-cu ilə qədər bu kiçik qrup böyüyərək yığıncağa çevrildi. Yığıncaq görüşləri gimnaziyada keçirilirdi. 2022-ci ilin oktyabr ayından yığıncaq görüşləri yeni ibadət evində keçirildiyi üçün bacı-qardaşların sevinci yerə-göyə sığmırdı.

Uzun illərdir, fədakar təbliğçilər Kanadanın ucqar şimalında çətin şəraitə sinə gərirlər

Xüsusi öncüllər İkaluitlə yanaşı Nunavutun başqa ucqar ərazilərində də təbliğ edirdilər. Onların arasında Coel Terrien qardaş və yoldaşı Şerl bacı da var idi. Onlar İkaluitdən 1329 kilometr qərbdə yerləşən Beyker gölü yaxınlığına köçdülər. Coel qardaş deyir: «Burada xidmət etmək soyuq hava şəraiti, izolyasiya sistemi və çəkdiyimiz xərclər də daxil olmaqla istənilən qurbana dəyərdi. Beyker gölü ətrafında yaşayan insanların xoş xəbərə hay verməsi Yehovanın bu əraziyə verdiyi xeyir-bərəkətdir. Bizə orada yaşayan insanlara xoş xəbəri çatdırmaq fürsəti verdiyi üçün Yehovaya çox minnətdarıq».

Coel Terrien və Cozef Utatnaq qardaş 25 avqust 2023-cü ildə Vinnipeqdə (Kanada) keçirilən «Səbirli olun!» adlı regional toplantıda iştirak edir

Padşahlıq haqda xoş xəbərə hay verən Beyker gölü ərazisində yaşayan sakinlərdən biri də Cozef Utatnaqdır. O, Müqəddəs Kitabı Terrien qardaşla öyrənməyə başladı və 2021-ci ildə vəftiz olundu. Cozef qardaş hal-hazırda Beyker gölü ətrafında yaşayan yeganə təbliğçidir. 2023-cü ilin may ayında İkaluitdəki ibadət evinin həsrolunma mərasiminin keçiriləcəyini eşidəndə Cozef orada iştirak etmək üçün əlindən gələni etdi. Vəftiz olunandan sonra ilk dəfə idi ki, o, ibadət evində bacı-qardaşlarla canlı şəkildə görüşə bilirdi. Cozef deyir: «İbadət evinin hazır binasını görəndə çox təsirləndim. Tikintiyə kömək edənlərin çoxu yerli sakinlər deyildi və buradakı iqlimə, şəraitə öyrəşməmişdilər. Yehovaya və bacı-qardaşlara olan məhəbbətləri onları hərəkətə təşviq edirdi».

Hal-hazırda şimal ərazidə dörd, Nunavutda bir, Şimal-Qərbi ərazilərdə iki, Yukonda bir yığıncaqda cəmi 178 bacı-qardaş var.  Bu ərazilər Kanadanın quru ərazisinin təxminən 40 faizini təşkil edir. Kanadanın şimalında həddindən artıq soyuq hava və əlverişsiz şərait orada yaşayan insanlarla əlaqə saxlamağı çətinləşdirir. Buna görə də bu ucqar ərazilərdə xoş xəbəri təbliğ etməyə hazır olan bacı-qardaşların əziyyəti çox qiymətlidir (Həvarilərin işləri 1:8).

Alyaskanın ucqar əraziləri

Yuxarıda sağda: Alyaskanın Heyns şəhərindəki ibadət evi. Aşağıda sağda: Heynsdəki yığıncaq üzvləri yeni ibadət evində toplanıblar

Alyaska Birləşmiş Ştatların ən böyük və ən şimalında yerləşən ştatıdır. Alyaska təxminən 1 723 000 kilometr ərazini əhatə etməklə Texas ştatından iki dəfə böyükdür. Burada 730 000-ə yaxın adam yaşayır. Padşahlıq haqda xoş xəbər Alyaskaya ilk dəfə 1897-ci ildə çatıb. Hal-hazırda Alyaskada 30 yığıncaqda və 8 qrupda təxminən 2400 təbliğçi xidmət edir. Alyaskanın ən böyük şəhəri olan Ankoricdə xmonq (ağ), Koreya, rus, Samoa, Mərkəzi Alyaska yupiki dili də daxil olmaqla müxtəlif dillərdə on yığıncaq və beş qrup var. Ferbenks, Çuno, Vasilla və digər şəhərlərdə də bir çox dillərdə yığıncaqlar və qruplar var. Bundan əlavə, xoş xəbər ucqar ərazidə yerləşən Beytel, Vrangel və Heyns kimi kiçik şəhərlərdə də təbliğ olunur.

Kenet Kuk qardaş Heynsdə (Alyaska) həsrolunma nitqi ilə çıxış edir

2014-cü ilin avqust ayında iki xüsusi öncül Sebabi Lebollo və Dastin Vatson qardaş Ankoricdən təqribən 825 kilometr cənub-şərqdə yerləşən Heynsə köçdülər. Onlar bir il ərzində yerli sakinlərdən 40 nəfərə Müqəddəs Kitab dərsi keçdilər. Şagirdlərdən bir neçəsi inkişaf edərək vəftiz olundu. 2018-ci ilə qədər Heynsdə kiçik bir yığıncaq yaranmışdı və görüşlər şəhərin kitabxanasında keçirilirdi. 2021-ci ildə isə bina alındı və ibadət görüşləri artıq orada keçirildi. 2022-ci ildə Rəhbərlik Şurasının üzvü Kenet Kuk qardaş 48 nəfərdən ibarət auditoriya qarşısında həsrolunma nitqi ilə çıxış etdi. 86 nəfər isə videokonfrans vasitəsilə qoşulmuşdu. Hal-hazırda Heynsdəki yığıncaqda 21 təbliğçi var.

Dastin Vatson qardaş (solda) və Sebabi Lebollo qardaş (sağda) 2014-cü ildə Heynsə (Alyaska) gələndən sonra

2022-ci ildə Heynsdəki ibadət evinin həsrolunma mərasiminə gələn Sebabi qardaş bölüşür: «Səkkiz il əvvəl bura gələndə nə vaxtsa Heynsdə yığıncaq və ibadət evinin olacağını təsəvvür etmək çox çətin idi. Yehova ən ucqar yerlərdə belə “hər cür insan”ın Onun haqqında öyrənməsinə imkan yaradır. Bunu görmək adamı çox ruhlandırır» (1 Timutiyə 2:4).