Kontentə keç

26 FEVRAL 2021
DÜNYADAN XƏBƏRLƏR

Pandemiyaya rəğmən təbii fəlakət qurbanlarına yardım

Pandemiyaya rəğmən təbii fəlakət qurbanlarına yardım

2020-ci xidmət ilində təşkilatımız ən genişmiqyaslı ümumdünya yardım işlərinə başladı. Bütün dünyada 950-dən çox Zərərçəkənlərə yardım komitəsi təyin edilmişdi. Pandemiyadan əlavə, 2020-ci ildə çoxlu sayda fövqəladə hallar və dağıdıcı təbii fəlakətlər də baş vermişdi. Belə ki, komitələr təcili yardım işlərini həyata keçirməklə yanaşı, COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına da əməl etməli idilər. Yardım işlərində iştirak edən bacı və qardaşların dediyinə görə, bu işlər onların imanını möhkəmləndirdi. Görün dindaşlarımızın üzləşdiyi bəzi təbii fəlakətlər hansılar idi.

Dağıdıcı qasırğalar

2020-ci xidmət ilində bacı-qardaşlara ziyan vuran irimiqyaslı qasırğaların sayı 2019-cu xidmət ili ilə müqayisədə 11,5 faiz çox idi və ümumilikdə 126 qasırğa baş vermişdi. Qasırğaların çoxu dağıdıcı daşqın və torpaq sürüşmələrinə səbəb olmuşdu.

Məsələn, Filippində bir çox təbliğçiləri evlərini tərk etməyə məcbur edən çoxlu sayda tropik siklon baş vermişdi.

«Vamko» tayfunundan sonra daşqın. Bundan cəmi bir neçə həftə əvvəl tarixdə qeydə alınmış ən güclü tayfunlardan biri olan «Qoni» tayfunu baş vermişdi (Filippin)

Nigeriyada yağan leysan yağışları bacı-qardaşlarımızın əkin sahələrinə ziyan vurmuşdu.

Leysan yağışlarından sonra Rivers ştatında daşqın (Nigeriya)

Cənubi Koreyada uzun çəkən musson yağışları mövsümü xeyli ziyan vurmuşdu.

Cənubi Koreyanın tarixində qeydə alınmış ən uzunmüddətli musson mövsümü zamanı daşqın

Genişmiqyaslı yanğınlar

Bir neçə ölkədə yanğınlar baş vermişdi. Bəziləri indiyə qədər qeydə alınmış ən böyük yanğınlar kimi tarixə düşdü.

Məsələn, bəzi bacı-qardaşlar 400 000 hektar torpağı məhv edən yanğından ziyan çəkmişdi.

Belə yanğınlardan biri ABŞ-da olmuşdu.

ABŞ-ın Kaliforniya ştatında yanğın

Digərləri isə Avstraliyada.

Avstraliyada meşə yanğını

Təhlükəsizlik qaydaları və yardım işləri

Təşkilat yardım işlərində iştirak edənlərin və zərərçəkənlərin təhlükəsizliyini təmin etmək üçün qaydalar işləyib hazırlamışdı.

Han Çan-hi

Cənubi Koreyada Zərərçəkənlərə yardım komitəsinin işində kömək edən Han Çan-hi bacı-qardaşları qorumaq üçün görülən bəzi tədbirlərdən danışdı: «Hər səhər hamının qızdırmasını ölçürdük, həmişə fiziki məsafə saxlayırdıq, iş gedən sahədə könüllülərin sayını məhdudlaşdırırdıq, naharda və fasilələr zamanı birgə toplaşmırdıq. Bundan əlavə, könüllülərdən işdən əvvəl və sonra alətlərini dezinfeksiya etmək tələb olunurdu».

Kris Şira

Fəlakətlər zamanı bəzi bacı-qardaşları evlərindən təxliyə etmək lazım gəlmişdi, bəzilərinin evləri dağılmışdı. ABŞ-ın qərb sahillərində yanğın baş verən zaman komitələrin biri ilə əməkdaşlıq edən Kris Şira deyir: «Bacı-qardaşları yerləşdirəndə COVID-19 ilə bağlı göstərişlərə əsasən neçə insanın bir məkanda olmasına icazə verildiyini nəzərə alırdıq».

Filips Akinduro

Bir çox ərazilərdə yardım işlərini təşkil edərkən könüllülərin sayı və ərazi daxilində hərəkət etmə ilə əlaqədar məhdudiyyətləri nəzərə almaq lazım gəlirdi. Nigeriyada komitələrin birində işləmiş Filips Akinduro izah edir: «Ən böyük çətinlik [hökumətin] hərəkət etməyə qoyduğu məhdudiyyət idi. Buna görə könüllülərin hamısı köməyə gələ bilmirdi».

Kim Cun-yonq

Cənubi Koreyada komitədə işləmiş Kim Cun-yonq yardım işlərində iştirak edən bacı-qardaşların əhval-ruhiyyəsi barədə deyir: «Hər işi Allaha və bacı-qardaşlara olan məsihi məhəbbətindən gördüyümüz üçün hər zaman başqalarının həyatını və təhlükəsizliyini düşünürdük. Buna görə, əlavə tədbirlərə baxmayaraq, sevincimizi itirmirdik».

İmanı möhkəmləndirən yardım işləri

Çətinliklərə baxmayaraq, könüllülər öz işlərinin öhdəsindən müvəffəqiyyətlə gələrək Yehovaya imanlarını və etibarlarını möhkəmləndirdilər.

Məsələn, Han qardaş narahat olurdu ki, yardım işlərinə başlamaq üçün 24 saat ərzində kifayət qədər könüllü tapmayacaq. O deyir: «Sən demə, narahat olmağa dəyməz imiş; bir neçə saatın içində bütün ölkədən yüzlərlə bacı-qardaş öz köməyini təklif etdi. Onlar o qədər çox idi ki, bəzilərindən gəlməməyi xahiş etməli olduq... Yehovanın bizimlə olduğunu hiss etdim və kövrəldim».

Bred Benner

Hondurasda qasırğanın nəticələrini aradan qaldırmağa kömək etmiş Bred Benner qardaş da öz hisslərini bölüşüb: «Vəziyyət çox gərgin olsa da, evsiz qalan bacı-qardaşlar ərzaq və qalmağa yerlə təmin olunmuşdular, onların ruhani tələbatları da unudulmamışdı. Mən şəxsən əmin oldum ki, eyni vaxta baş vermiş pandemiya və iki qasırğa təşkilatdakı məhəbbəti məhv edə bilməz».

Alkin Dayaq

Filippindəki komitələrin birinə kömək edən Alkin Dayaq bütün bu deyilənlərə belə yekun vurur: «Bütün bu baş verənlərdən bir daha gördüm ki, Yehova bizə insan gücündən üstün olan çoxlu güc və tapşırılan işi görmək üçün hikmət verir» (2 Korinflilərə 4:7).

Filial komitələrində, Zərərçəkənlərə yardım komitələrində xidmət edən, eləcə də fəlakətlərin nəticəsini aradan qaldırmaqda kömək edən bacı-qardaşların hamısına ürəkdən minnətdarıq. Onların məhəbbətlə çəkdikləri zəhmət və səxavətli ianələri sayəsində 2020-ci xidmət ilində baş vermiş çoxsaylı fəlakətlərdən zərər çəkən bacı-qardaşlara yardım göstərmək mümkün oldu (1 Salonikililərə 1:3).