7 NOYABR 2023
DÜNYADAN XƏBƏRLƏR
Portuqal dilində «Gözətçi qülləsi» jurnalının yüzilliyi
1923-cü ildə Braziliyada filial təsis etmək və təbliğ işini təşkil etmək üçün Corc Yanq qardaş ora təyin olundu. Həmin dövrdə ölkədə «Gözətçi qülləsi və Məsihin hüzurunun carçısı» (indi «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» adlanır) jurnalı yalnız ingilis dilində mövcud idi. Corc qardaş dərhal tədbir gördü ki, «Gözətçi qülləsi» jurnalı tərcümə olunsun və yerli çapxanada dərc edilsin. Nəticədə, 1923-cü ilin oktyabr ayında «Gözətçi qülləsi» jurnalının portuqal dilində ilk sayı işıq üzü gördü. Üç il sonra Bruklindəki (ABŞ, Nyu-York) Yehovanın Şahidlərinin baş idarəsi qardaşlara çap dəzgahı verdi və Braziliya filialındakı qardaşlar jurnalları özləri çap etməyə başladılar.
Braziliyada portuqal dilində ilk «Gözətçi qülləsi» jurnalının çıxmasından iki il sonra, yəni 1925-ci ildə Portuqaliyadakı qardaşlar «Gözətçi qülləsi»ni Avropa portuqal dilinə tərcümə etməyə başladılar. Amma 1933-cü ildə diktator hökuməti hakimiyyəti ələ keçirəndə bacı-qardaşlarımız ciddi təqiblərlə üzləşdilər. Qısa müddət sonra Portuqaliyada tərcümə işi dayandı. Bundan sonra onilliklər ərzində Portuqaliyadakı bacı-qardaşlar Braziliyada portuqal dilində çap olunan «Gözətçi qülləsi» jurnalından istifadə edirdilər. Həmin dövrdə Portuqaliyada yaşayan İsabel adlı bacı deyir: «Diqqətimi məqalədəki qrammatik fərqlərə və sözlərin mənasına deyil, çatdırdığı xəbərə cəmləyirdim. Braziliyadakı qardaşlara çox minnətdaram, çünki onlar Portuqaliyada öz dilimizdə nəşrlər olmadığı bir vaxtda bizi ruhani qida ilə təmin edirdilər».
1961-ci ildə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin ingilis dilindəki buraxılışı bir cilddə çıxmağa başladı. Bundan sonra onun portuqal dili də daxil olmaqla altı başqa dilə də tərcümə olunmasına icazə verildi. Çətin olsa da, Braziliyadakı portuqal tərcümə qrupunun əsas məqsədi bütün portuqaldilli ölkələrdə insanların asanlıqla başa düşəcəyi ifadələrdən istifadə etmək idi. Onilliklər ərzində bu prinsip «Gözətçi qülləsi» jurnalının tərcümə prosesinə də tədbiq edilirdi. Bununla belə, 2017-ci ildə həm Braziliyada, həm də Portuqaliyada «Gözətçi qülləsi»nin portuqal dilinə tərcümə olunmasına icazə verildi.
Hesablamalara görə dünyada təxminən 260 milyon insan portuqal dilində danışır. Təbliğçilərin sayı isə təxminən 1,2 milyondur. Onların hamısı «Gözətçi qülləsi» jurnalını öz doğma dillərində oxuya bilirlər. Dua edirik ki, bütün dünyada daha çox insan «Allahın əzəmətli işləri haqqında» öyrənməyə davam etsin (Həvarilərin işləri 2:11).