27 İYUL 2021
DÜNYADAN XƏBƏRLƏR
Qərbi Avropada şiddətli daşqınlar
Əsas etibarilə 2021-ci ilin iyulun 13-dən 17-dək yağan şiddətli yağışlar nəticəsində Belçika, Almaniya, Lüksemburq və Niderlandda çaylar məcrasından çıxaraq məhvedici daşqınlara səbəb olub. Vurulmuş ziyanın həcmi hələ də müəyyən edilir. Bu, həmin ölkələrin tarixində son yüz il ərzində baş vermiş ən dəhşətli daşqınlardır.
Bacı-qardaşlara təsiri
Ciddi xəsarət alan və ya ölən yoxdur.
Ən azı 304 təbliğçi təxliyə edilib.
Təxminən 100 evə ciddi ziyan dəyib.
Ən azı 242 evə cüzi ziyan dəyib.
11 ibadət evinə ziyan dəyib.
Yardım işləri
4 Zərərçəkənlərə yardım komitəsi təşkil edilib: 1-i Belçikada, 1-i Niderlandda, 2-si isə Almaniya və Lüksemburq üçün.
Hal-hazırda komitələr evlərin sudan və palçıqdan təmizlənməsini və təcili təmir işlərini təşkil edir.
Komitələr və yerli ağsaqqallar təxliyə edilənləri müvəqqəti sığınacaq və içməli su ilə təmin edirlər.
Həmin ərazidə xidmət edən rayon nəzarətçiləri zərərçəkmiş bacı-qardaşlara ruhani və emosional yardım göstərir.
Yığıncaqlar əvvəlki qaydada onlayn formatda keçirilir. Filialın komitə üzvləri zərərçəkmiş təbliğçilərə təsəlli və ürək-dirək verirlər.
Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun görülür.
Niderlandda ağsaqqallar bir yaşlı bacıya təxliyə olunmağa kömək edəndən sonra onun oğluna zəng edib hər şeyin yaxşı olduğunu dedilər. O, Yehovanın Şahidi deyil. Oğlu anasına dedi: «Sənin nə gözəl dinin var! Onlar sənin qayğına necə də gözəl qalırlar!»
Belçikada qardaşlarımızın xilas işlərini necə gördüklərinə fikir verən yanğınsöndürmə dəstəsi onları yaxşı təşkil olunduqlarına və qoruyucu vasitələrdən düzgün istifadə etdiklərinə görə təriflədi. Almaniyada da yanğınsöndürənlər qardaşlarımıza heyran qalmışdılar, çünki onlar yanğınsöndürənlərin bütün təlimatlarına canla-başla əməl edirdilər. Onlardan biri hətta dedi: «Kaş ki, sizin kimi adamlar hər yerdə olaydı».
Zərərçəkən bacı-qardaşlar köməyə görə təşkilata və Yehovanın xalqını təbii fəlakətlərə hazırlıqlı olmağa təşviq edən Rəhbərlik Şurasına minnətdardırlar. Ən əsası isə onlar Yehovaya minnətdardır, çünki Yehova söz verib ki, Ondan qorxanlar «əmin-amanlıqda yaşayacaq, fəlakət qorxusu bilməyəcək» (Məsəllər 1:33).