28 FEVRAL 2023
DÜNYADAN XƏBƏRLƏR
Rayon toplantıları və teokratik məktəblər yenidən canlı keçirilir
Təxminən üç il aradan sonra nəhayət 2023-cü ilin yanvar ayında bütün dünyada rayon toplantılarının canlı keçirilməsi bərpa olundu. Eyni zamanda bir çox ölkələrdə teokratik məktəblər də yenidən canlı keçirilməyə başladı. Aydındır ki, Yehova bu xüsusi tədbirləri dəstəkləyir.
Meksikanın Tabasko ştatının Vilya-Ermosa şəhərində təxminən 200 bacı-qardaş rayon toplantısının keçiriləcəyi toplantı zalını təmizləməyə yığışdı. Bəziləri ora gəlmək üçün təxminən altı saatlıq yol qət etmişdi. Bir bacı demişdi: «Uzun müddət idi ki, bu qədər bacı-qardaşla bir yerə toplaşmırdıq. Belə bir fürsəti əldən qaçıra bilməzdik».
ABŞ-ın Merilend ştatının Krounsvill şəhərində keçirilən rayon toplantısında bir bacı demişdi: «Ürəyim sevincdən aşıb-daşır. Çatan kimi məni ağlamaq tutdu. Toplantı başlayana kimi artıq gözümün suyu qurumuşdu. Bu toplantıda iştirak etməyi heç nəyə dəyişmərəm».
Bir çox filialların ərazisində Padşahlıq Müjdəçiləri Məktəbinin, eləcə də Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəbin tələbələri dərslərə canlı qatıla bildiklərinə görə çox sevindilər. ABŞ-ın Florida ştatının Palm-Koust şəhərindəki məktəbdə müəllim olan Giovani Kabezas qardaş belə demişdi: «Məktəblərin canlı keçiriləcəyi elan olunanda çox sevinmişdim. Məktəb özünü cani-könüldən Yehovanın iradəsini yerinə yetirməyə həsr edən müəllimlərin, tələbələrin və könüllülərin bir araya gəldiyi möhtəşəm yerdir».
2023-cü ilin yanvar ayında keçirilən Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəbin tələbəsi Satoko Nakata bacı demişdi: «Pandemiya dövründə ibadət görüşlərinin və öncül məktəblərinin Zoom proqramı vasitəsilə keçirilməsi əla idi. Amma bacı-qardaşlarla söhbət etmək, onlarla deyib-gülmək çətin idi, nəğmə oxuyarkən onları eşitmirdik. Bu məktəblərdə canlı iştirak etmək Yehovadan gözəl bir hədiyyə oldu. Tələbələrlə birlikdə danışıb-güldük, hərdən birlikdə ağladıq, birgə sevinclə nəğmələr oxuduq. Yehovaya və Rəhbərlik Şurasına ürəkdən minnətdaram».
Şübhəsiz, xalqının pak ibadətə və ilahi təlim almağa toplaşması Yehovanın qəlbini fərəhləndirir. Biz də Davud padşahın sözlərinə şərikik: «Böyük məclis içrə Sənə həmd edərəm, camaat arasında Səni mədh edərəm» (Zəbur 35:18).