28 OKTYABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Rusiya və Krımda həbsdə olan bacı-qardaşların sayı 100-ü ötüb
26 oktyabr 2022-ci il tarixinə olan məlumata əsasən, Rusiya və Krımda 106 qardaşımız və 4 bacımız imanına görə həbsxanada və ya istintaq təcridxanasında saxlanılır. 44 yaşlı Dmitri Doljikov həbsxanaya salınan 100-cü qardaşımız oldu. Dmitri 8 sentyabr 2022-ci ildə həbs olunub. O, ibadət görüşlərində iştirak etdiyinə və imanını bölüşdüyünə görə ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur. 2017-ci ildə təşkilatın fəaliyyəti qadağan olunandan bəri təxminən 350 Yehovanın Şahidi həbsdə olub.
Dmitri Çelyabinsk vilayətindəki evində axtarış aparılandan sonra həbs olundu. İki gün sonra o, doğma evindən 1500 kilometr aralıda yerləşən Novosibirsk vilayətindəki istintaq təcridxanasına aparıldı.
Dmitri 12 nəfərlə bir kamerada saxlanılır. Həyat yoldaşı Marinaya onunla görüşməyə icazə verilmir, amma onlar məktublaşa bilirlər.
Marina deyir: «Təzə-təzə o, həbs olunanda mən gecələr yaxşı yata bilmirdim və tez-tez oyanırdım. Yığıncaqdakı dostlarım məni özlərilə qalmağa dəvət etdilər və bunun mənə böyük köməyi dəydi».
Marina deyir ki, Dmitri müsbət əhval-ruhiyyəni qoruyur və Yehova onun qayğısına qalır.
Bacı-qardaşlarımız Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə ekstremist fəaliyyəti təşkil etməkdə ittiham olunublar. Həbs olunanlar arasında 57 yaşlı Anna Safronova da var. O, altı il müddətinə həbsə məhkum edilib və hal-hazırda həbsxanadadır. Bu, indiyədək bacılarımıza kəsilmiş ən uzunmüddətli həbs cəzasıdır.
Dmitri Doljikovun həbsi bir sıra beynəlxalq təşkilatların tənqidinə rəğmən, Rusiyanın Yehovanın Şahidlərinə qarşı yürütdüyü biabırçı siyasətdə növbəti rekord olub. 2017-ci ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunanda hökumət bildirmişdi ki, bu qadağa yalnız hüquqi şəxslərə şamil olunacaq, Yehovanın Şahidlərinin ibadətlərinə isə heç bir maneə törədilməyəcək. Amma bu, belə olmadı. Bu günə qədər təxminən 700 Yehovanın Şahidinə qarşı 308 cinayət işi açılıb və 1851 evdə axtarış aparılıb.
İmanına görə təqib olunan Dmitri və digər bacı-qardaşlarımız üçün dua edirik. Əminik ki, Yehova onlara dözmək üçün lazım olan gücü bundan sonra da verəcək (Mətta 24:13).