Kontentə keç

8 İYUL 2022
DÜNYADAN XƏBƏRLƏR

Tərcümədə yeni rekord: bir həftədə Müqəddəs Kitabın 13 dildə buraxılışı

Tərcümədə yeni rekord: bir həftədə Müqəddəs Kitabın 13 dildə buraxılışı

2022-ci il iyunun 25 və 26-sı təşkilatımız tərcümədə yeni rekorda imza atdı: 13 dildə «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. Bundan əvvəlki rekord bir həftədə «Yeni Dünya Tərcüməsi»nin 6 dildə buraxılması idi. Sizə bu tarixi hadisə barədə hesabatı təqdim edirik.

Tzeltal dili

Mərkəzi Amerika filialının komitə üzvü Armando Oçoa tzeltal dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Proqramı təxminən 1400 adam izlədi. Müqəddəs Kitab həm elektron, həm də çap formatında buraxıldı.

Tzeltal dili üzrə tərcüməçilərdən biri deyir: «Layihə barədə düşünəndə görürəm ki, Yehova hər addımda bizə kömək edirdi. Ərsəyə gələn iş məni heyrətə salır. Biz başa düşürük ki, bu, yalnız Yehovanın ruhu sayəsində mümkün oldu».

Quaxiro dili

Kolumbiya filialının nümayəndəsi olan Karlos Moreno quaxiro dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin (Mətta — Həvarilərin işləri) işıq üzü gördüyünü elan etdi. Qabaqcadan yazıya alınmış proqram Kolumbiya və Venesuelada təxminən 2000 nəfərlik auditoriyaya yayımlandı. Kitab elektron formatda çıxdı. Yeni Müqəddəs Kitabın çap olunmuş nüsxələri gələcəkdə hazır olacaq.

Baule dili

Kot-d’İvuar filialının komitə üzvü Kristof Kulot qabaqcadan yazıya alınmış proqram vasitəsilə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tam şəkildə buraxıldığını elan etdi. Proqramı 12 000-dən çox insan izlədi. Kitab elektron formatda çıxdı, çap formatı isə 2022-ci ilin oktyabrında hazır olacaq. Bu, Kot-d’İvuar filialının ərazisindəki yerli dildə olan ilk «Yeni Dünya Tərcüməsi»dir.

Tərcümə qrupunun üzvü bu layihə vaxtı onlara nəyin ilham verdiyi barədə deyir: «Hər dəfə hansısa çətinliklə üzləşəndə düşünürdük ki, bacı-qardaşlar, sahədəki insanlar öz doğma dillərində Müqəddəs Kitabı alanda nə qədər sevinəcək. Bu fikrin, eləcə də Yehovanın köməyi sayəsində işi davam etdirməyə gücümüz olurdu».

Vels dili

Britaniya filialının komitə üzvü Piter Bel Velsdə ibadət evində canlı yayımla yayımlanan proqram vaxtı vels dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin buraxıldığını elan etdi. Proqramı Vels və Argentinadakı ibadət evlərində təxminən 2057 nəfər adam izləyirdi. Kitabın elektron formatını dərhal yükləmək mümkün oldu. Çap formatı isə 2022-ci ilin dekabrında hazır olacaq.

Tərcümə qrupunun bir üzvü demişdi: «Yehovanın adını ilk dəfə tərcümə etdiyimiz anı heç vaxt unutmayacağam. Allahın adının lazım olan yerdə yazıldığını görmək böyük şərəf idi».

Manyava və teve dilləri

Mozambik filialının komitə üzvü Marselo Santos qabaqcadan yazıya alınmış iki proqram vaxtı «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə» nəşrinin manyava və teve dillərində işıq üzü gördüyünü elan etdi. Proqram JW Stream-ə qoyulmuşdu. Eyni zamanda televiziya və radio vasitəsilə yayımlanmışdı. Kitab audio və elektron formatda da çıxmışdı. Çap formatı isə 2022-ci ilin sentyabrında əlçatan olacaq.

Bu, manyava dilinə tərcümə olunmuş ilk Müqəddəs Kitabdır. Teve dilində isə Müqəddəs Kitabın cəmi bir neçə tərcüməsi var. Həm kitabı oxuyanlar, həm də ona qulaq asanlar çox böyük fayda əldə edəcəklər.

Keçua (ankaş), keçua (ayakuço) və keçua (kusko) dilləri

Peru filialının komitə üzvü Marselo Moyano «Yeni Dünya Tərcüməsi»nin elektron formatda keçua (ankaş), keçua (ayakuço) və keçua (kusko) dillərində çıxdığını elan etdi. Bu, Peruda danışılan üç əsas keçua dilidir. Qabaqcadan yazıya alınmış proqramı 7000-dən çox insan dinlədi. Kitabın çap formatı 2022-ci ilin oktyabrında hazır olacaq.

Keçua dillərinin kökü eyni olsa da, onlar bir-birindən fərqlənir. Buna görə də bu dillərə tərcümə edilmədən Müqəddəs Kitabı aydın başa düşmək mümkün olmur. Hər dil üçün olan tərcümə qrupları öz ərazilərində yaşayan yerli xalqların başa düşəcəyi sözləri seçirdilər.

Ndebele, sesuto (Lesoto) və sesuto (Cənubi Afrika) dilləri

Rəhbərlik Şurasının üzvü Kenet Kuk ndebele və sesuto (Cənubi Afrika) dillərində «Yeni Dünya Tərcüməsi»nin buraxıldığını elan etdi. O həmçinin sesuto (Lesoto) dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının buraxıldığını elan etdi. Qabaqcadan yazıya alınmış bu proqrama 28 000-dən çox adam baxdı. Belə ki, proqram ölkədəki bəzi ibadət evlərində və şəxsi evlərdə yayımlandı. Kitabı elektron formatda dərhal yükləmək mümkün oldu, çap formatı isə 2022-ci ilin dekabrına planlaşdırılır. «Yeni Dünya Tərcüməsi» bütöv şəkildə ndebele və sesuto (Cənubi Afrika) dillərində ilk dəfə idi tərcümə edilirdi.

Ndebele dilində olan Müqəddəs Kitab barədə tərcümə qrupunun bir üzvü deyir: «Bu tərcümə ərazimizdəki ndebeledilli insanlar üçün əsl nemət olacaq, çünki burada Yehovanın adı yazılıb. İlk dəfədir ki, onlar birbaşa olaraq Müqəddəs Kitabdan Allahın adını oxuya biləcəklər».

Ndebele (Zimbabve) dili

Zimbabve filialının komitə üzvü Şingiray Mapfumo ndebele (Zimbabve) dilində «Yeni Dünya Tərcüməsi»nin bütöv şəkildə elektron formatda çıxdığını elan etdi. Kitabın çap formatı 2022-ci ilin iyul ayında hazır olacaq. Qabaqcadan yazıya alınmış bu proqramı Zimbabvedəki ibadət evlərində 8700-dən çox insan izlədi.

Ndebele dilində Müqəddəs Kitabın başqa tərcümələri olsa da, Müqəddəs Kitabdakı təlimlər məhz bu tərcümədə aydın yazılıb. Məsələn, ndebele dilində olan digər Müqəddəs Kitab tərcümələrində Yəhya 17:3 ayəsində İsa Məsih Allah kimi təqdim olunur. «Yeni Dünya Tərcüməsi»ndə isə İsa Məsihlə Yehova Allah arasındakı fərq aydın görünür. Bir tərcüməçi demişdi: «Bu tərcümə müasir dildədir, buna görə də oxucu onu asan başa düşəcək».

Biz sevinirik ki, Allahın Kəlamı bütün dünyada həqiqəti axtaran insanlar üçün getdikcə daha da əlçatan olur. Beləcə, onlar öz dillərində həyat suyunu havayı götürə bilirlər (Vəhy 22:17).