26 YANVAR 2022
DÜNYADAN XƏBƏRLƏR
Tifloşərhlər sayəsində gözdən əlil olanlar da toplantılarımıza «baxa» bilir
İki ildir ki, bəzi dillərdə illik regional toplantı videoları tifloşərhlərlə müşayiət olunur. Bu il də istisna olmayacaq. Tifloşərhlər ekranda baş verənlərin səsli təsviridir. Bu yenilik, əsas etibarilə, kor və görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulub. Hesablamalara görə, dünyada 43 milyon kor və 295 milyon zəif görən insan var. Ruhani qidanın hamı üçün əlçatan olması üçün Yehovanın Şahidləri tifloşərhlərlə müşayiət edilən videolar hazırlamağı davam etdirmək niyyətindədirlər.
«Audio Description Associates, LLC» cəmiyyətinin prezidenti və bu sahədə tanınmış mütəxəssis olan doktor Coel Snayder Yehovanın Şahidlərinin gördüyü bu işə belə qiymət verib: «Yehovanın Şahidlərinin materiallarının kor və zəif görən insanlar üçün əlçatan a etməsi, düzü, məni heyran edir. Bu gün videolarını kor insanların tələbatlarına uyğunlaşdıran az adam tapılar. Buna görə Yehovanın Şahidlərinə “əhsən” demək istəyirəm».
Pandemiyaya görə Rəhbərlik Şurası 2020-ci ilin regional toplantısını virtual formatda keçirmək qərarına gəlmişdi. Eyni zamanda bildirilmişdi ki, toplantı videoları tifloşərhlərlə müşayiət olunacaq. 2020-ci ildə videolar üçün tifloşərhləri baş idarədə (ABŞ, Nyu-York ştatı, Vorvik) yerləşən Tərcümə xidmətləri şöbəsi hazırlamışdı. 2021-ci ildə isə bu iş Gözətçi Qülləsinin Təlim Mərkəzində (Nyu-York ştatı, Paterson) fəaliyyət göstərən Mətnin emalı xidmətinə tapşırıldı. Tifloşərhlərin hazırlanması ilə məşğul olan qrup üçün onlayn kurs keçirildi.
Cənab Snayderin sözlərinə görə, şərhçilərə təlim keçərkən onları ekranda baş verənləri başadüşülən tərzdə təsvir etməyə öyrətmək lazımdır. Şərhçi ekranda baş verənləri təxəyyüldə canlandırmağa kömək edən dəqiq, qısa və aydın söz və ifadələrdən istifadə etməlidir.
Qrup əvvəlcə videoya baxmadan ona qulaq asır. Onların məqsədi kor və zəif görən insanların videonu necə qavrayacaqlarını başa düşməkdir. Qrupun hər üzvü ilk təəssüratlarını yazılı şəkildə qeyd edir. Bundan sonra onlar videonu yenidən qoyurlar. Bu dəfə onlar pauzalara fikir verirlər, çünki tifloşərhlər pauzalar olan yerlərə əlavə olunur.
Ən çətini tifloşərhləri dialoqun içində yerləşdirməkdir. Tifloşərhlər hazırlayan qrupla işləyən Maykl Millen deyir: «Pauzaların uzunluğu məhduddur, buna görə də bəzən videonun başa düşülməsi üçün hansı məlumatın daha vacib olduğunu müəyyən etmək lazım gəlir. Biz nəyin, harada, nə vaxt və kiminlə baş verdiyini təsvir etməyə çalışırıq».
Şərhçi videoda baş verən hadisələrə münasibət və fikir bildirməməlidir. Coel Snayder kitabında belə bir məsləhət verir: «Qoy dinləyici neytral şərhlər əsasında özü nəticə çıxarsın. Bu o deməkdir ki, “filankəs qəzəblənir” və ya “filankəsin qanı qaraldı” demək əvəzinə, “filankəs yumruğunu sıxır” və ya “filankəs ağlayır” demək daha düzgün olardı» («The Visual Made Verbal»).
Ssenari hazır olanda mətn audioyazıya alınır. Şərhçi mətni rəvan və təmkinlə oxumalıdır. Maykl Millen izah edir: «Şərhçi diqqəti personajlardan yayındırmamalıdır. Əgər şərhçi həddən artıq şövqlə və ya emosional danışsa, dinləyicidə elə təəssürat yaranacaq ki, o da videodakı personajlardan biridir».
Texniki dəstək qrupu audioyazının yekun variantını hazırlayır. Sonra materiallar başqa dillərə tərcümə olunması üçün bütün filiallara göndərilir. Maykl maraqlı bir məqamı da qeyd edir: belə ki, son iki regional toplantı videolarının tifloşərhlərinin bir dəqiqəsinin hazırlanması təxminən üç saat çəkmişdi.
Hal-hazırda Yehovanın Şahidlərinin nəşrləri 1000-dən çox dilə tərcümə edilir. Bu siyahıya materialları əlavə olaraq tifloşərhlərlə də buraxan dillər daxil deyil, halbuki, bəzilərinin fikrincə, onları ayrı dil hesab etmək olar. Maykl deyir: «Tifloşərhlər sayəsində biz kor insanlara ekranda baş verənləri “görməyə” kömək edirik. Ona görə də demək olar ki, tifloşərhlər dialoqsuz səhnələrin korlar üçün tərcüməsidir».
Şəraitindən asılı olmayaraq hamını ruhani qida ilə bol-bol təmin edən Yehovaya ürəkdən minnətdarıq! (Əşiya 65:13).
a Bu kontekstdə «əlçatan» dedikdə, xidmət və infrastrukturun əlilliyi olan insanların tələbatlarına uyğunlaşdırılması nəzərdə tutulur.