29 DEKABR 2020
DÜNYADAN XƏBƏRLƏR
Ucqar ərazilərdəki qardaşların fərasət və fədakarlığı
Pandemiyaya baxmayaraq, yığıncaq görüşlərini keçirmək üçün bütün dünyada bir çox yığıncaqlar texniki vasitələrdən istifadə edir. Lakin bəzi bacı-qardaşlar internetin olmadığı ucqar ərazilərdə yaşayır. Ruhani tələbatlarını ödəmək, eyni zamanda COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etmək üçün onlar əllərindən gələni edir. Gəlin Afrikadan olan bəzi nümunələrə baxaq.
Malavi
Bir çox bacı-qardaşların interneti yoxdur, bu səbəbdən onlar «Zoom» proqramından istifadə edə bilmir. Hər həftə Malavi filialı mobil internet vasitəsilə yığıncaq ağsaqqallarına görüşlərin videoyazısını göndərir. Ağsaqqallar isə həmin videofaylları təbliğçilərə verir.
Lakin ölkənin şimalında Malavi gölü yaxınlığında dağlıq ərazidə yaşayan «Çaro» yığıncağının 28 təbliğçisi üçün bu faylları almaq müşkül məsələ idi. Dağlar mobil siqnalların qarşısını kəsir və ağsaqqal siqnal tutmaq üçün kilometrlərlə yol getməli olurdu. Sonra faylları «bluetooth» vasitəsilə ötürmək üçün dərə-təpə aşıb hər bir təbliğçinin evinə gəlməli idi.
Xoşbəxtlikdən, bu yaxınlarda məlum oldu ki, ağsaqqallar Malavi gölü yaxınlığında, evlərinə daha yaxın olan bir yerdə güclü siqnal tuta bilərlər. Qardaşlar dağlardan uzaqlaşmaq üçün kanoe ilə gölün ortasına üzüb videofaylları yükləyirlər. Beləcə ağsaqqallar xeyli vaxta qənaət etmiş olur.
Mozambik
Mozambikin şimal-qərb ərazilərindəki yığıncaqları «ziyarət edən» rayon nəzarətçiləri nitqlərini mobil telefon vasitəsilə söyləyirlər. Bəzən videokonfrans vasitəsilə əlaqə yaratmaq olmur. Onda rayon nəzarətçisi müxtəlif telefonlardan eyni vaxta yığıncaqdakı ailələrə zəng edir, sonra telefonları qarşısına qoyub nitqini söyləyir.
Bəzi təbliğçilər evlərinin yaxınlığında mobil siqnal qəbuledicisi olmayan olduqca ucqar ərazilərdə yaşayırlar. Yığıncaq görüşünə qulaq asmaq üçün onlar cəngəlliyə gedirlər ki, siqnal tutsunlar. Siqnal harada tutdu, orada oturub yığıncağa qulaq asırlar.
Həmin ərazidə xidmət edən rayon nəzarətçisi Yohane Vinyo deyir: «Bacı-qardaşlar proqrama qulaq asmaq üçün xeyli səy göstərməli olurlar». Amma bunun sayəsində onlar, təcrid olunmalarına baxmayaraq, ruhən möhkəm qalır. Digər rayon nəzarətçisi Karlos Kortaze deyir: «Bizdə elə hiss var ki, sanki ibadət evindəyik, şərh veririk və başqaları ilə birgə həmd nəğmələrimizi oxuyuruq. Necə də gözəldir ki, Yehova bu pandemiya zamanı xalqını ruhən ac qoymur» (Yəhya 21:17).