Kontentə keç

Ukraynalı bacı-qardaşlarımız başqa ölkələrə qaçır

9 İYUN 2022
DÜNYADAN XƏBƏRLƏR

Ukraynalı qaçqınlar başqa ölkələrdə yeni həyata başlayır

Ukraynalı qaçqınlar başqa ölkələrdə yeni həyata başlayır

İrina Makuka indi Çexiya Respublikasında yaşayır

Ukraynada müharibə başlayanda 46 yaşlı subay bacımız İrina Makuka Xarkovdakı qatar stansiyasına getdi. O qərar vermişdi ki, ölkədən çıxmaq onun üçün daha təhlükəsiz olar. Stansiyada insanlar xaos içində idi. Onlar hara getdiyini bilmədikləri qatarlara minirdilər. Bacımızın mindiyi qatarın pəncərələrini qaraltmışdılar. Bu, atəş riskinin azaldılması üçün edilmişdi. Yalnız qatar yola düşəndən sonra İrina bildi ki, o Slovakiyaya gedir.

3 mart 2022-ci ildə o, Praqaya çatdı və hazırda Çexiya Respublikasında yaşayır. İrina xadimə kimi işləyir və Ukrayna qaçqını olan iki bacımızla bir evdə yaşayır. O, çex dilini öyrənir və 20 ildir ki, həyatını həsr etdiyi tamvaxtlı xidməti davam etdirir.

İrina deyir: «Yehovanın təşkilatı vasitəsilə bizim qeydimizə necə qaldığını görmək imanımı çox möhkəmləndirdi».

Təxminən 23 000 bacı-qardaşımız başqa ölkəyə qaçmağa qərar verdi. Bu dindaşlarımız daha təhlükəsiz mühitdə yaşasa da, onlar yeni iş və ev axtarmalı, lazımi sənədlər toplamalı, uşaqlarını yeni məktəbə qoymalı, həmçinin, yeni dil öyrənməlidirlər. Müntəzəm olaraq ruhani işlərlə məşğul olmağın və bacı-qardaşların köməyi sayəsində onlar bu çətin günlərə tab gətirirlər.

Anatoli, Olena və Alina Perçek indi Rumıniyada yaşayır

Perçeklər ailəsindən olan Anatoli, Olena və 17 yaşlı Alina Ukraynanın Nikolayev vilayətində yaşayırdı. Məhəllələrinin bir qismi bombalandıqdan sonra onlar 6 mart 2022-ci ildə Rumıniyaya köçüb yeni bir həyata başladılar. Anatoli Moldova vətəndaşı olduğu üçün ona ailəsini Rumıniyaya aparmağa icazə verildi. Olena miqrant kimi başqa bir ölkəyə köçməyi kök salmış bir ağacı yerindən qoparıb başqa bir yerə aparmağa bənzədir.

Rumın dindaşlarımızın sayəsində artıq Perçeklər ailəsinin evi var. Bundan əlavə, Anatoli və Olena özlərinə iş tapıblar. Həmçinin Alina da onlayn şəkildə Ukraynadakı dərslərinə qoşula bilir.

Rumın bacı-qardaşlar ailənin təkcə zəruri tələbatlarını ödəmir, həm də onlara emosional və ruhani cəhətdən dayaq olurlar. Onlar müntəzəm olaraq bu ailə ilə vaxt keçirirlər. Beləcə, Perçeklər ailəsi qərib diyarda özlərini yalnız hiss etmir. Olena və Alina «JW Language» tətbiqi, həmçinin yerli yığıncaqla əməkdaşlıq etməklə rumın dilini öyrənir. Anatoli isə rumın dilini uşaqlıqdan bilir.

Anatoli deyir: «Lap başdan hər işimizdə Yehovanın əlini görürdük. Təşkilatın və bacı-qardaşların dəstəyi sayəsində Yehovanın məhəbbətini duyuruq».

Vladislav Havrlyuk və anası Alina Polşada yeni həyata başlayır

Müharibədən əvvəl həyat yoldaşını itirmiş Alina Havrlyuk və 16 yaşlı oğlu Vladislav 27 fevral tarixində Ukraynanın Vinnitsa şəhərindən Polşaya, Suvalkiyə gəldilər. Alina deyir: «Əvvəl-əvvəl harada və necə yaşayacağımız, necə dolanacağımızla bağlı narahatlıq keçirirdim. Amma eyni zamanda əmin idim ki, Yehova qayğımıza qalacaq».

37 yaşlı Alina ora köçən kimi yığıncaqlarda iştirak etməyə mane olmayacaq bir iş axtarmağa başladı. O, məktəbdə xadimə işi tapdı. Bacı deyir: «Ən vacibi odur ki, bu işin sayəsində xidmətdə daha çox iştirak edə və ailəmi dolandıra bilirəm».

Alina və Vladislav polyak dilini öyrənir və polyakdilli yığıncaqda köməkçi öncül kimi xidmətlərini davam etdirirlər. Vladislav həmçinin təhsilinə də davam edir.

Ukraynalı bacı-qardaşlarımızın həyatında çətinliklər, dəyişikliklər çox olsa da, Yehova onlara insan gücündən üstün olan güc verir. Onlar 2 Korinflilərə 4:8 ayəsindəki sözlərin doğruluğunu öz həyatlarında görürlər: «Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil».