Kontentə keç

Son ayda Ukraynanı milyonlarla insan tərk edib. Onların arasında 16 000-dən çox Yehovanın Şahidi də var

31 MART 2022
DÜNYADAN XƏBƏRLƏR

Ukraynalı qaçqınlar hər şeylərini necə itirdiklərindən danışırlar

«Ən dəyərli şey Yehova ilə münasibətlərimizdir»

Ukraynalı qaçqınlar hər şeylərini necə itirdiklərindən danışırlar

Səhər saat 5-də Femi Durodola qardaş və onun həyat yoldaşı Yana ağsaqqalın telefon zənginə oyandılar. Yana deyir: «Qardaş dedi: “Narahat olmayın, sadəcə hazır olun. Rus ordusu Kiyevə doğru gəlir!” Bu sözləri eşidər-eşitməz bütün bədənimdə gərginlik hiss etdim».

Femi Nigeriyadandır, Yana isə Ukraynada anadan olub və onlar təzəlikcə ailə qurublar. Onlar paltarlarını geyindilər, evlərində son qəhvəni içdilər və gündəlik ayəni oxudular. Bu, Əşiya 30:15 ayəsi idi: «Sakitlik və etibar sizin gücünüz [olacaq]». Femi Yehovaya hərarətlə dua etdi. Onlar fəlakət çantalarını götürdülər və hər şeyi geridə qoyub evdən çıxdılar. Ər-arvad Niderlanda yola düşdü.

2022-ci il fevralın 24-ü Rusiya qoşunlarını Ukraynaya yeridəndən ölkədən qaçmaq qərarına gələn əksər bacı-qardaşların səhəri belə açılmışdı. Ukraynada təxminən 130 000 Yehovanın Şahidi var. Bu günə qədər 36 000-dən çox Yehovanın Şahidi evlərini tərk edib, onlardan 16 000-dən çoxu başqa ölkələrə qaçıb. Çoxları evlərini, işlərini, yığıncaqlarını arxada qoyub. Hərbi münaqişə zamanı 18—60 yaş arası ukraynalı kişilərin ölkəni tərk etməsinə icazə verilmir. Amma başqa ölkələrin vətəndaşı olan kişilər istisnadır.

Qaçqınlar özləri ilə ancaq ən zəruri əşyaları götürürlər. Təhlükəsiz yer tapmaq üçün onlar avtobus və qatarla yola çıxırlar. Yolda onlar bir çox çətinliklərlə üzləşirlər. Çox vaxt bu yolun onları hara gətirəcəyini belə bilmirlər. Yehovaya arxalanaraq, onlar xarabalığa çevrilmiş doğma şəhərlərini tərk edirlər və nə vaxtsa qayıdıb-qayıtmayacaqlarını bilmirlər.

Yana deyir: «Çox az şey götürdük. Qalan hər şeyi atıb bura gəldik. Bu vəziyyət bizə xatırlatdı ki, ən dəyərli şey Yehova ilə münasibətlərimizdir».

Liliya Antonyuk bacı hava həyəcanı siqnalı və Kiyevdəki evinin yaxınlığında baş verən güclü partlayış səsləri eşidirdi. Yol yanmış avtomobillər, bina və körpülərin qırıntıları ilə dolu idi.

Liliya və onun 17 yaşlı qızı Oleksandra şəhərdən çıxmaq qərarına gəldilər. Onlar Polşaya yollandılar. Ağzına kimi dolu qatara minib bir neçə gün yol getdilər. Ərzaqları, demək olar ki, yox idi və saatlarla ayaqüstə durmalı olurdular. Onlar yalnız Polşanın Pşemısl şəhərinə çatanda ürəkləri rahat oldu.

Liliya deyir: «“JW.ORG” sözləri yazılmış lövhələri tutan qardaşları görən kimi hər şeyin yaxşı olacağını bildik». Bacıları ibadət evinə aparıb yemək verdilər. Orada onlar isinib istirahət etdilər. Bundan sonra onları qalacaqları evə apardılar.

Bir müddət sonra Liliya Almaniyaya köçdü. O, sözünə davam edir: «Biz Yehovanın qayğısını üzərimizdə hiss etdik və imanımız möhkəmləndi. Yehovaya məhəbbətinə və dar gündə bizə əl tutan bacı-qardaşlara görə ürəkdən minnətdaram».

Anastasiya Kovalyova

Anastasiya Kovalyova Zaporojye şəhərinin hava hücumuna məruz qalmasının şahidi olub. O, mənzilindən minaatanlardan çıxan işıltıları görürdü və partlayış səsləri eşidirdi. Ardı-arası kəsilməyən atəş səsləri onun yeddiyaşlı qardaşı oğlu və üçyaşlı qardaşı qızına çox pis təsir edirdi. Bu səbəbdən onlar ailəlikcə şəhərdən qaçmaq qərarına gəldilər. Anastasiya deyir: «Özümüzlə çox az şey götürə bilmişdik, ona görə də paltarımız və digər şeylərimiz çatışmırdı. Amma bacı-qardaşlar hər şeyin qeydinə qaldılar. Onlar bizi ehtiyac duyduğumuzdan da çox şeylə təmin etdilər». Anastasiya, onun qardaşı arvadı Anya və uşaqlar Polşadan Almaniyaya getdilər.

Anastasiya Şukina və anası Olqa Lısenko

Anastasiya Şukina və anası Olqa Lısenko hər dəfə hava həyəcanı siqnalı çalınanda balaca evlərinin soyuq zirzəmisində gizlənirdilər. Hər iki bacı təbliğçilərə tələbat olduğu üçün Vinnitsa vilayətinin kiçik Brailov şəhərində öncül kimi xidmət edirdi. Onlar uzun müddət şəhəri tərk etməyə tərəddüd edirdilər, amma vəziyyət pisləşəndə oradan getmək qərarına gəldilər. Onlar yalnız ən zəruri əşyaları götürdülər və iki gün qatarla yol getdilər və demək olar ki, yatmadılar. Olqa üçün xüsusilə çətin idi: onun 58 yaşı var və səhhəti zəifdir. Gecə saat 2 radələrində onlar Polşanın Jeşuv şəhərinə çatdılar. Orada onları dindaşları qarşıladı. Anastasiya deyir: «Baxmayaraq ki artıq gec idi, qardaşlar bizi gözləyirdilər. Yehovaya və bacı-qardaşlara minnətdarlığımız hədsizdir».

Elizabet və Ancey Xıba

Sumı şəhərində Polşa vətəndaşı olan Ancey Xıba, onun həyat yoldaşı Böyük Britaniya vətəndaşı Elizabet və digər beş nəfər bir qardaşın evinin zirzəmisində gizlənirdilər. Onlar təyyarə, atəş və partlayış səsləri eşidirdilər. Zirzəmidə baxdıqları «Ey Yehova, Sənə güvənirəm» filmi onlara cəsarət verdi. Bu filmdə aşşurlular Yerusəlimə yaxınlaşanda Hizqiyyə padşahın necə davrandığı göstərilib.

Hal-hazırda həyat yoldaşı ilə birgə Polşada olan Ancey deyir: «Bacı-qardaşlar bizə Müqəddəs Kitabdan müxtəlif fikirlər göndərirdilər, məsələn, 27-ci məzmuru oxumağı məsləhət görürdülər».

Bacı-qardaşlar çox şeylərini itirsə də, biz əminik ki, Yehova onların qayğısına qalacaq və tezliklə bütün müharibələrə son qoyacaq (Filippililərə 3:8).